İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkədə “silah amnistiyası” tətbiqi çağırışı

Hüquqşünas deyir ki, silahların anonim şəkildə təhvil verilməsi imkanları da genişləndirilməlidir

Son vaxtlar odlu silahlarla törədilmiş cinayətlərin sayında artım nəzərə çarpır. “Bravo”da inkassatora edilənlər silahlı basqın, cinayətkarların ələ keçirilməsində onlardan “Kalaşnikov” da daxil, başqa silahların ələ keçməsi və sirkin yaxınlığındakı atışmanı yada salmaq kifayətdir.

Bundan başqa, qanunsuz silah gəzdirənlərin və satmaq istəyənlərin statistikasında da artım müşahidə olunmaqdadır. Məsələn, ötən həftə Daxili İşlər Nazirliyi əvvəllər məhkum olunan Təbriz Qasımovu 1 ədəd “RPK” markalı “Kalaşnikov” konstruksiyalı əl pulemyotu satmaq istəyərkən həbs edilib. Təbriz Qasımov pulemyotu bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədilə özündə saxladığını bildirib.

İstənilən böyük hərbi münaqişələr və müharibələrdən sonra çox sayda qeydiyyatsız qənimət silah müxtəlif insanların əlinə keçir. 44 günlük Vətən savaşının coğrafiyasını, miqyasını, iştirakçı sayını nəzərə alsaq, qənimət silahların müxtəlif əllərə düşməsi ehtimalı çox yüksəkdir. Birinci Qarabağ müharibəsindən sonra da bu tendensiya uzun müddət davam etdi. Sovet qoşunları Azərbaycandan çıxanda faktiki olaraq silah-sursatı dövlətə təhvil vermədən atıb getdilər. Hüquq-mühafizə orqanları müəyyən tədbirlər həyata keçirərək silahların bir hissəsini yığdı. Ancaq silahların hamısını yığmaq mümkün olmadı. Ötən dövrdə silahları könüllü surətdə təhvil verənlər də, həmin silahlarla cinayət törədənlər də olub. Elə silah sahibləri də var ki, könüllü surətdə silahları təhvil verməkdən çəkinir, silahı harasa tullayır. Elə şəxslər var ki, silahı tullayır və anonim zəng etməklə silahın yerini hüquq-mühafizə orqanlarına deyir. Və yaxud silahı tullayıb bu haqda məlumat verməyənlər də var.  Azərbaycanda odlu silahın “qara bazarı” yoxdur, ancaq bu o demək deyil ki, silahlar yalnız qanunla müəyyən edilmiş şəxslərin əlindədir.

Real Partiyasının sədr müavini Natiq Cəfərli Reyting.az-a açıqlamasında dövləti “silah amnistiyası” elan etməyə çağırıb: “Qanun qəbul edərək deməlidir ki, kim qənimət silahları, məsələn, 6 ay ərzində könüllü təhvil verəcəksə, o, cinayət məsuliyyətindən tam azad ediləcək. Hətta dövlət orqanlarına təhvil verilən istənilən silah-sursatın əvəzinə böyük məbləğdə pul ödəniləcək. Kim 6 aylıq müddətdən istifadə etməyib silah-sursatları özündə saxlamağa və ya satmağa çalışacaqsa, həmin şəxslər də ciddi cəzalandırılacaqlar”.

Natiq Cəfərli əlavə edib ki, bu addım mütləq atılmalıdır. O, fikrini belə əsaslandırıb ki, çox böyük ehtimalla 44 günlük Vətən savaşından sonra bir çox insanlarda qənimət silahlar qalıb: “Son zamanlar məmləkətdə silahlı insidentlərin başvermə səbəblərindən biri də qənimət silah-sursat dövriyyəsinin artması ola bilər. Odur ki, bu məsələ həll edilməlidir”.

 

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, vətəndaşlarda silah-sursat aşkar olunmasına bir neçə kontekstdən baxmaq vacibdir: “Azərbaycan son 30 ildə ərazi bütövlüyünü təmin etmək, sonradan isə işğal edilmiş torpaqlarını düşmən  tapdağından azad etmək üçün 2 dəfə müharibə aparıb. Müharibədə mülki vətəndaşların əlinə silah keçməsi halları qaçılmazdır. Bu baxımdan, Ermənistanla müharibə şəraitində olmağımız sərhəd bölgələrində yerləşən rayonlarımızın əhalisinin silahlanmasına səbəb olmuşdu. Birinci Qarabağ müharibəsi dövründə Müdafiə Nazirliyi yox idi, müstəqil özünümüdafiə batalyonları vardı. İnsanlar özlərini müdafiə etmək üçün ən müxtəlif ünvanlardan silahlar əldə etmişdilər. Atəşkəs əldə ediləndən sonra həmin rayonların sakinləri Bakı şəhərinə və digər rayonlara köç etdilər. Aydın məsələdir ki, sərhəd bölgəsindən ölkənin içərilərinə gələn əhali özü ilə silahlarını da gətirib. Zaman-zaman, son 25 ildə vətəndaşlardan xeyli silah-sursat götürülüb. İnsanlar da baxır ki, silah ona o qədər də lazım deyil. Ötən dövrdə silahları könüllü surətdə təhvil verənlər də olub. Həmin silahlarla cinayət törədənlər də olub. Odlu silah belə bir şeydir ki, uzun müddət istifadəsiz qalmır. Xırda bir mübahisədə ortaya çıxır, atəş açılır.  Bu gün könüllü surətdə silahları təhvil verməkdən çəkinənlər az deyil. Bu baxımdan, "silah amnistiyası" təklifi qəbul edilsə, çox yaxşı olar".

Hüquqşünas deyir ki, silahların anonim şəkildə təhvil verilməsinə də imkanlar genişləndirilməlidir: “Məsələn, xüsusi bir yer ayrıla bilər ki, vətəndaş qeydiyyatda olmayan silahı gətirib anonim şəkildə ora qoyub getsin. Azərbaycanda daha çox silahı tullayıb bu haqda məlumat verməmək praktikası var. Belə silahlar digər şəxslərin əlinə keçə bilər. Azərbaycan Qafqaz ölkəsidir, Cənubi Qafqaz milləti kimi odlu silaha, soyuq silaha tarixən meyl güclü olub. Azərbaycanlılar qafqazlı olaraq evdə silah saxlamağa, silahla gəzməyə meyllidirlər”.

Natiq Ələsgərov deyir ki, əvvəllər əhalidə daha çox silah-sursat olub: “Hər dəfə statistik məlumatlar yayılanda belə təəssürat yaranır ki, əhalidə silah-sursat çoxdur. Faktiki isə ötən 10 illə müqayisədə hazırda əhalidə silah-sursat daha azdır. Sovet İttifaqı dağılandan sonra sovet qoşunları Azərbaycanı qeyri-nizamlı şəkildə tərk etdilər. Yəni silahları, hərbi hissələri qanuni şəkildə təhvil verib getmədilər. Bilərəkdən, kortəbii surətdə, silahları səpələyərək ölkəni tərk etdilər. Həmin illərdə müəyyən qisim insanların əlinə silah keçdi. Bu gün də həmin silahların orda-burda səsi çıxır”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR