Onlayn ictimai-siyasi qəzet
Boşanmaların böyük əksəriyyətinin səbəblərini dərindən araşdırsaq görərik ki, gənclər bir qayda olaraq ailə qurmadan öncə bir-birilərini yetərincə tanıya bilmirlər
Azərbaycanda boşanmaların sayı rekord həddə çatıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. 2023-cü ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 24 146 nikah və 10 631 boşanma halları qeydə alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 5,8-dən 4,8-ə düşmüş, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb. Ekspertlərə görə, bu statistika artıq həyəcan təbili çalmaq üçün zəmin yaradıb.
Tanınmış pediatr Vaqif Qarayev bildirib ki, boşanmalarla bağlı statistika dəhşət saçır: “Boşanacaqdınızsa, niyə evlənirsiniz? Rusları keçirik bu göstəricidə. 1580 əkiz, 75 üçəm, 4 dördəm doğulub. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi qızdır. Bu barədə düşünsək yaxşıdır. Ölkəyə əsgər lazımdır, amma fərq getdikcə artır. Ümumilikdə hər 1000 nəfərə doğum 12,2-dən 10,7-yə düşüb”, - deyə həkim bildirib.
Boşanmaların sayı niyə getdikcə artır? Boşanmaların demoqrafik vəziyyətə necə təsiri ola bilər?
Mövzu ilə bağlı iqtisadçı ekspert, keçmiş maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a dedi ki, ailənin müqəddəsliyi qədim ənənəyə söykənsə də, insanlar bu müqəddəsliyi həmişə qorumağı bacarmırlar: “Aparılan araşdırmalar göstərir ki, dünyanın əksər ölkələrində ailə müqəddəsliyinin ortadan qalxması səbəbindən nikahların pozulması halları getdikcə artmaqdadır. İnkişaf etmiş Avropa ölkələrində vaxtilə mövcud olmuş boşanma sayları bu gün dəfələrlə artıb. Hətta bu sıradan olan bəzi ölkələrdə bir il ərzində pozulan nikahların sayı, bağlanan nikahların sayını üstələyir.
Bu sahədə Azərbaycanda yaranmış durum da ürəkaçan deyil. Rəsmi statistikamız cari ilin 6 ayı ərzində ölkədə 24 146 nikah və 10 631 boşanma hallarının qeydə alındığını bəyan edir. Bu o deməkdir ki, göstərilən dövrdə ölkəmizdə boşanma halları bağlanmış ümumi nikahların 44%-ni təşkil edir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 5,8-dən 4,8-ə düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb. Bu, ciddi düşündürücü bir haldır.
Mütəxəssislər nikahların pozulması hallarının çoxalmasını əsasən ailə quran gənclərin xarakterlərinin uyğun gəlməməsi, psixoloji, iqtisadi və s. kimi səbəblərlə izah edirlər. Bəs doğrudanmı nikahın pozulması evlilikdən sonra ortaya çıxan bu qəbildən olan səbəblərlə izah olunmalıdır? Bu səbəblər var, bunları heç kim inkar edə bilməz.
Hesab edirəm ki, nikahların pozulmasının əsas səbəblərini bir qədər dərində - yəni nikah bağlanana qədər mövcud olan, lakin hər iki tərəfdən araşdırılmayan problemlərdə axtarmaq lazımdır. Evlənməyə hazırlaşan gənclər ilk növbədə ailə qarşısında məsuliyyətin nə demək olduğunu anlamalıdırlar. Onlar ailə qurmaq xatirinə nikaha daxil olmamalıdırlar. Apardığımız araşdırmalar göstərir ki, pozulan nikahların böyük əksəriyyəti erkən ailə qurmuş gənc qızların payına düşür. Dediklərimizi rəsmi statistikanın təqdim etdiyi rəqəmlərin dili ilə açıqlasaq, hər şey aydın olar. Baxın, rəsmi statistikaya görə, Azərbaycanda 2021-ci ildə yaş qrupuna görə 18-19 yaşında olan oğlanlar arasında 169 nəfərin rəsmi nikah bağladığı qeydə alınıbsa, göstərilən dövrdə bu yaşda 11399 qız rəsmi nikah bağlayıb. Bu yaşda nikaha girən qadınların sayı bəylərin sayından 67 dəfə çoxdur. Və ya başqa, daha bariz bir müqayisə. Əgər 2021-ci ildə 18 yaşa çatmamış 137 gəlin nikah bağlayıbsa, həmin ildə 18 yaşına qədər yalnız bir bəy nikah bağlayıb. Deməli, qızların çox erkən yaşlarında nikaha girməsi halları oğlanların bu yaşda nikaha girməsi hallarından müqayisə edilməyəcək dərəcədə yüksəkdir. Nə qədər qəribə olsa da oğlanlarla qızlar arasında yaş qruplarına görə boşanmaların da statistikasında analoji vəziyyət mövcuddur. Əgər 2021-ci ildə 5 ilə qədər nikahda olan oğlan və qızların boşanma statistikasında baxsaq burada da qızların “dominantlıq” etdiyini görərik. Məsələn, əgər nikah bağlamış 19 yaşına qədər qızlar arasında nikahın ilk 5 ilində 145 boşanma halları qeydə alınıbsa, oğlanlar arasında bu göstərici 1 nəfər təşkil edir. Başqa bir misal: əgər 20-24 yaşında olub nikahın ilk 5 ilində qızlar arasında 1798 boşanma halı qeydə alınmışdısa, oğlanlar arasında nikahın ilk 5 ilində cəmisi 401 boşanma halı qeydə alınıb. Qızlar arasında yaş qruplarına görə erkən nikaha girən və erkən boşananların sayı həmin yaşlarda nikaha girən və boşanan oğlanların sayı ilə müqayisə edilməyəcək dərəcədə çoxdur".
Ekspert oğlanlardan fərqli olaraq, qızlar arasında erkən ailə qurub, erkən də boşananların sayının niyə bu qədər çox olmasına da fikir bildirib: “Apardığımız araşdırma və eyni zamanda uzun illərin müşahidələri onu deməyə əsas verir ki, ümumilikdə nikahın pozulması hallarının çoxalması və bu halların daha aşağı yaş qruplarında olan qızlar arasında baş verməsinin kökləri daha çox onlar tərəfindən sosial və ailə məsuliyyətinin tam dərk edilməməsindən irəli gəlir. Artıq bir neçə ildir ölkədə Mediasiya xidməti fəaliyyətə başlayıb, eyni zamanda Ədliyyə Nazirliyi nikahı pozmaq istəyənlərə ilk növbədə psixoloqa müraciət etmələrini tövsiyə edib. Hər iki hal ölkədə boşanmaların sayının bir qədər azalmasına gətirib çıxartsa da, cari ilin statistikası yenə də acınacaqlıdır. Deməli, problemin kökünü daha dərinlərdə axtarmaq lazımdır. Yəni xəstəlik baş qaldırmamışdan öncə onu tətikləyə biləcək səbəblər aradan qaldırılmalıdır.
Boşanmaların böyük əksəriyyətinin səbəblərini dərindən araşdırsaq görərik ki, gənclər bir qayda olaraq ailə qurmadan öncə bir-birilərini yetərincə tanıya bilmirlər. Gənclər ilk baxışda bir birlərini bəyənsələr də, xarakterlərində mövcud olan “incəlikləri” yalnız evliliyin müəyyən dövründə görə bilirlər və bu da nikahın pozulmasına səbəb olub. Erkən yaşda bu şəkildə ailə quran bir çoxları ailənin müqəddəsliyini və əvvəldə dediyimiz kimi, cəmiyyətdə özlərinin sosial məsuliyyətini dərk etməyənlərdir. Qızlar arasında 18-19 yaşa qədər ailə quran 100 gəncdən ən yaxşı halda 5-i ailə həyatının nə olduğunu dərindən dərk edib, onu real dəyərləndirmək qabiliyyətində ola bilər. Yerdə qalanlar isə sadəlövhlüklə erkən ailə qurduqları kimi, nikahın erkən pozulmasından da əndişələnmirlər. Baxın, əgər gənc bir ana dünyaya gətirdiyi uşağı zibil yeşiyinə ata bilirsə, belə biri hansı haqla ailə qurur, belə bir qadının cəmiyyət qarşısında, ailə qarşısında hansı məsuliyyətindən söhbət etmək olar? Hesab edirəm ki, biz gənclərimizin qurduqları ailənin möhkəmliyini təmin etmək üçün sonrakı tədbirlərə deyil, önləyici tədbirlərə üstünlük verməliyik".
Fikrət Yusifov
Fikrət Yusifov qeyd etdi ki, ailə quran tərəflərin birgə münasibətlərinin tanışlıq dövrü ən azından 1 il olmalıdır: “Onlar nikah bağlamadan öncə məcburi psixoloji yoxlamadan keçməli və hər ikisinin gerçəkdən ailə qurmağa hazır olduğu təsbitlənməlidir. Biz ciddi bir kompaniyaya kimisə işə götürəndə onu narkotik və alkoqollu içkilərə meyllilik daxil, hərtərəfli öyrənib araşdırırıq və bu çox doğru bir yanaşmadır. Bəs nədən eyni yoxlama, araşdırma cəmiyyətə övlad bəxş edib, onu tərbiyələndirəcək gələcək valideynlər üçün edilməsin? Bax, bu gün, bunun üzərində düşünməyin vaxtı çatıb. Son altı ayın statistikası və son illərin ümumi statistikası dediklərimizin əsaslı olduğunu bir daha təsdiqləyir. Ölkədə demoqrafik durumda son illərdə müşahidə olunan ənənə də məsələnin diqqətlə araşdırılmasının vacibliyini ortaya qoyur”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ