İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkə sərt qışa necə hazırlaşır - rəsmi açıqlamalar

BŞİH: “Texnika hazırdır, tapşırıq verilib, ona görə...”

Bu il qış fəslinin soyuq keçəcəyi, havaların qarlı, şaxtalı olacağına dair rəsmi proqnozlar var. Hətta bəzi mənbələr son 20 ilin ən sərt qışının olacağını iddia edirlər. Bəs ölkə sərt qışa necə hazırlaşır? İşıq, qaz problemləri yaranmayacaq ki? Paytaxt Bakıda ən ciddi problemlərdən biri də yolların vaxtında qardan təmizlənməməsi olub ötənlərdə. Buna indidən hazırlıq görülürmü?

Yeri gəlmşkən, ekspertlər bildirirlər ki, qış aylarında güclü qar, yağış yol hərəkəti təhlükəsizliyinə çox böyük təsir edir. Dumanlı hava şəraiti, digər səbəblər yollarda qəzalara səbəb olur, sıxlıq, tıxac yaradır. Narazılıq doğuran isə belə havalarda yolların eyni şəkildə təmizlənməməsi ilə bağlıdır.

Bu arada, bir neçə gündür ki, havalar soyuyub, artıq məktəblərdən şikayətlər də var. Övladları Nizami rayonu 145 saylı orta məktəbdə təhsil alan valideynlər qəzetimizə bildiriblər ki, məktəbə istilik verilməyib: “Uşaq evə gəlib, deyir hamımız sinifdə paltoda oturmuşuq, çox soyuq idi”. Valideynlər əlavə ediblər ki, istilik verilmədiyinə görə övladlarını bu gün (dünən - red.) məktəbə göndərməyiblər.

Yalnız bu məktəbdən deyil, sosial şəbəkələrdə də mənzillərə istiliyin verilməməsi, ya da çox zəif verilməsi ilə bağlı şikayətlər var.

Elvin Basqallının 409 minlik "Tiktok" səhifəsi açıldı - YENİLƏNDİ

 Elvin Basqallı

Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı “Yeni Müsavat”a dedi ki, bütün məktəblər noyabrın 15-dən istiliklə təmin edilib: “Balansımızda olan bütün məktəblər kimi 145 saylı orta məktəbə də noyabrın 15-dən istilik verilib. İstilik havanın temperaturuna uyğun olaraq tənzimlənir. Noyabrın 15-də hava mülayim keçdiyinə görə verilən temperatur həmin günlərdə o qədər yüksək olmaya bilərdi. Yalnız noyabrın 21-i 145 saylı məktəbdə istilik olmayıb. Yaxınlıqda çox kiçik bir boru xətti dəyişdirilib, dünən dərs vaxtı istilik olmayıb, sonra əməkdaşlarımız orada kiçik təmir işləri aparıblar, dərhal istilik bərpa olunub”.  

Bakı Şəhəri İcra Hakimiyyətindən “Yeni Müsavat”a bildirildi ki, qışa hazırlıq işləri aparılır, texnikalar da hazır vəziyyətdədir: “BŞİH-in 60-a yaxın texnikası var. Bundan başqa, yerli icra hakimiyyətlərinin, bələdiyyələrin, yerli təsərrüfat birliklərinin texnikası da bura qatılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin də texnikaları var, həmin qarlı günlərdə əsas prospektlərə onlar nəzarət edir. O cümlədən biz müşavirələrdə çağırış etmişik ki, rayonun ərazisində yerləşən idarə və təşkilatların da texnikaları cəlb olunsun. Mənzil kommunal departamentinin qarajı olmaqla kifayət qədər duz ehtiyatı yaradılıb. Bizdə ərazi baxımından ən böyük rayon Qaradağ rayonudur, burada ayrıca duz toplamaq üçün yer var. Yalnız burada deyil, digər rayonlarda da belə yerlər var ki, qar yağanda duz üçün uzaq məsafəyə gedilməsin. Eyni zamanda rayonlarda idarələrdə qışla əlaqədar inventar yığılıb, qarı təmizləmək üçün kürək, bel, ling yığılıb. Bundan başqa , özəl qurumlar, idarələr, mağazalar, şadlıq saraylarına tapşırılıb ki, öz həyətyanı sahələrini təmizləsinlər. Küçələri kimlər ki, təmizləyəcək, o cavabdeh şəxslərin rayonlarda bölgüsü də hazırlanıb. Onlar hər gün cavabdeh olaraq açıqlama verəcəklər. Müşavirələrin əsas məqsədi rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılmasıdır. Yəni Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli icra hakimiyyətlərinin nümayəndələri ilə birgə rayonlarda qış mövsümünə hazırlığı, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayıblar.

Bildirilib ki, son günlərdə ölkənin dağ rayonlarına əvvəlki illərlə müqayisədə daha çox qar yağması qışın sərt və yağmurlu keçəcəyindən xəbər verir. Bununla əlaqədar rayon icra hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri həmin günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdır. Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı, idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.

Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumlar, bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə qarlı günlərdə Avropa ölkələrində də qəbul edilən qaydalara uyğun özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırış edilib".

 Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR