İnsanlara hürriyət, millətlərə istiqlal!

Ohayo ştatında müəllimlərin məktəblərdə silah gəzdirməsi qaydaları asanlaşdırılıb

ABŞ-ın Ohayo ştatının qubernatoru, Respublikaçılar partiyasının nümayəndəsi Mayk Devayn müəllimlərin və digər məktəb işçilərinin tez bir zamanda silah almalarına imkan verən qanun layihəsini imzalayıb.

AZƏRTAC bu barədə “Columbus Dispatch” qəzetinə istinadla xəbər verir.

Əvvəllər Ohayo ştatında yerləşən məktəblərin müəllimləri, direktorlar və digər əməkdaşlar silah əldə etmək üçün təxminən 700 saatlıq təlimdən keçməli idi. İndi isə bunun üçün yalnız 24 saat kifayət edəcək. Belə ki, silahdan istifadə ssenarilərinin nəzərdən keçirməsinə dörd saat, silahdan istifadənin öyrənilməsinə isə təxminən 20 saat ayrılacaq. Təlimlərə, həmçinin məktəblərdə baş verən atışmaların tarixi və zərərçəkənlərə ilkin tibbi yardımın göstərilməsi haqqında biliklər də daxildir.

Qanun layihəsinə əsasən, yerli təhsil şuraları silah gəzdirə biləcək əməkdaşları təyin edə və onlara təlim keçmək üçün lazım olan vaxtı müəyyənləşdirə biləcək.

Qeyd edək ki, may ayında Texas ştatının Yuvalde şəhərindəki məktəbə 19 şagirdin və iki müəllimin ölümü ilə nəticələnən hücum ABŞ-da silah satışı və gəzdirilməsinə məhdudiyyətlərin qoyulması ilə bağlı yeni müzakirə dalğasına səbəb olub. Bir müddət öncə ABŞ Konqresinin demokratların nəzarətində olan Nümayəndələr Palatası ölkədə odlu silahların dövriyyəsinə nəzarəti gücləndirmək üçün daha radikal qanun layihəsini təsdiqləyib. Lakin sənədin respublikaçıların mövqeyinin güclü olduğu Senatda dəstəklənəcəyi inandırıcı görünmür.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR