İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ohanyan xətti” cəhənnəmlik oldu, qalır ohanyanlar - “Dəmir yumruq” xiffəti

Ermənistanda faşizm yenidən baş qaldırır; hərbi və siyasi ekspertlərə görə, əgər revanşa başlasalar, bu dəfə 44 günlük müharibədə olduğundan qat-qat ağır bədəl ödəyəcəklər

Ermənistan baş naziri Nikol Paşinyan və Xocalı cəlladlarının son vaxtlar hərbi ritorikanı artırdığı müşahidə edilir. Baş nazir Ermənistan silahlı qüvvələrinin yaradılmasının ildönümündə çıxışı zamanı da bu ritorikanı davam etdirib.

Ermənistanın sabiq müdafiə naziri, Xocalı hərbi canisi  Seyran Ohanyanın isə sınıq-salxaq erməni ordusunu “tərifləmək”dən dili qabar olub. Sabiq müdafiə naziri indi də sayıqlayıb ki, Ermənistan ordusu “çox güclüdür” və məğlub deyil. Onun sözlərinə görə, əgər Ermənistan hökuməti ciddi şəkildə məşğul olarsa, nəticə əldə edə bilərlər. “Sülh ordusu müharibəyə hazırlaşan ordudur”, - revanşist erməni bildirib.

Yada salaq ki, 2-ci Qarabağ müharibəsində “Ohanyan səddi” adlanan istehkamlar qəhrəman Ordumuz tərəfindən darmadağın edilib. İşğalçı qüvvələrin 30 il yaratdığı təmas xətti 5 ildir aradan qalxıb. Di gəl, Ohanyan hələ də çərənləyir. Ohanyan tipli radikal-revanşistlərin müharibə çağırışları səngimək bilmir.

Vaxtilə Qarabağda terrorçuların təşkil etdiyi qondarma “özünümüdafiə dəstəsi”nin “1-ci ordu komandanı” olmuş Arkadi Karapetyan isə iddia edib ki, onların hər şeyə gücü çata bilər. “Biz bir olsaq, kiçik dövlət olmağımız əsas səbəb olmayacaq. Qarabağı da geri alacağıq, hələ Qərbi Ermənistanı da”, - deyə başından yekə iddia səsləndirib. Bu xəstə təfəkkürlü hərbi canilərin könlündən yenə qırılmaq, “dəmir qapaz” yemək keçir. 44 günlük müharibə zamanı siçan deşiyi axtaran və canlarını güclə qurtaran separatçılar görünür, yenidən başlarının əzilməsini arzulayırlar.

Ermənistanda müharibə çağırışları və revanş əhval-ruhiyyəsi nədən qaynaqlanır? Erməni xalqı bu populist fikirlərə qoşulurmu? Nəzərə alaq ki, Kəlbəcərlə sərhəddə xəndəklər qazır, şərti sərhəddə vaxtaşırı atəşkəsi pozurlar, bölgəyə avropalı “casus” şəbəkəsini cəlb etməklə hərbi eskalasiya riskləri yaradan gərginliyə səbəb olur, eləcə də hücum silahları alırlar, o zaman yuxarıdakı çıxışlar Ermənistanda hansı hazırlıqlardan xəbər verir? Hərçənd həyasızcasına Azərbaycanı hücuma hazırlaşmaqda ittiham edən ritorikaya da rast gəlmək olur.

2108575.jpg (30 KB)

Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Seyran Ohanyan və onun kimi canilər Ermənistanda faşist “Qarabağ klanı”nı gücləndirməyə çalışırlar: “Pafoslu çıxışlar edərək əhalidə ruh yüksəkliyi yaratmaq və öz ətraflarında cəmləşdirmək istəyirlər. Seyran Ohanyan və onunla bağlı olan keçmiş hərbçilərin əksəriyyəti Rusiyanın göstərişi ilə hərəkət edirlər. Onlar həmişə Rusiyaya bağlı olublar və Rusiyadan gələn əmrləri icra ediblər. İndi ola bilsin ki, onların yenidən aktivləşməsində Rusiyadan gələn təlimat da rol oynayır. Bu gün də Ermənistan ordusunun tərkibində ”Qarabağ klanı"nın təmsilçiləri, Rusiyaya işləyən zabitlər kifayət qədər qalır. Qarabağdakı separatçı terrorçu rejim çökdürüldükdən sonra onların tabeçiliyində olan silahlı birləşmələrin qalıqlarını Ermənistan ordusuna cəlb ediblər. Seyran Ohanyan həmin qüvvələri gücləndirməyi və onlardan “güclü ordu” yaradılmasını mümkün sayır. Ancaq unudur ki, haqqında tərif və ümidli fikirlər səsləndirdiyi “ordu”nun başını Azərbaycan ordusu elə əzib çətin bir daha dirçələ bilsin".

R.Məhərrəmov qeyd etdi ki, bu gün Ermənistan ordusunun real durumu deyilənlərdən çox uzaqdır: “Ona hətta ən böyük orduya və maliyyə gücünə malik ABŞ tərəfindən, Fransa, Hindistan tərəfindən dəstək verilsə də Azərbaycan ordusunun səviyyəsində qalxması mümkün deyil. Azərbaycan ordusu 70-80 faiz Türk-NATO ordusu sisteminə keçib. Ermənistan ordusunun bizim ordunun qarşısında duruş gətirməsi ehtimalı yoxdur”.

Ekspert həmçinin hesab edir ki, Seyran Ohanyanın və “Qarabağ klanı”nın tör-töküntülərinin verdikləri bəyanatlar həm də Nikol Paşinyana qarşıdır: “Ermənistan daxilindəki faşistlər baş qaldırırlar, aranı qarışdırmaq istəyirlər. Ermənistan ordusunun içərisindəki Qarabağ klanının tör-töküntüləri, Rusiyada bəzi qüvvələrin havadarlıq etdiyi yüksək rütbəli zabitlər, hərbçilər Azərbaycana qarşı təxribatlar törədə bilərlər. Belə bir təxribatlar həyata keçirilərsə Azərbaycan ordusu ən sərt cavab tədbiri görə bilər və bizi hədəfə alan nöqtələr nəzarətimiz altına alına və şərti sərhəddə bufer zona yaradıla bilər”. 

Abutalıb Səmədov: Möhtəşəm Qələbəmizin əsası Tovuz döyüşlərində qoyuldu

Abutalıb Səmədov 

Siyasi ekspert Abutalıb Səmədov isə bildirdi ki, Seyran Ohanyan və Arkadi Karapetyan kimilərinin söylədiyi “cəsarətli” fikirlər erməni cəmiyyətinin hazırda yaşadığı çox ciddi ruh düşkünlüyü ilə bağlıdır: “Böyük məğlubiyyətlər yaşamış erməni xalqı artıq reallıqları anlamağa başlayıb və dövlətinin nə qədər zəif, nə qədər gücsüz olduğunu anlayıb. Belə məqamlarda bu cür ohanyanlar, karapetyanlar ortaya çıxır, əhalinin nisbətən hazırlıqsız hissəsini döyüşkən bəyanatlarla öz tərəfinə çəkməyə, özlərindən xilaskar obrazı düzəltməyə çalışırlar. Ancaq bir şey aydındır ki, erməni xalqı artıq nəyə qadir olduğunu yaxşı bilir və bu səbəbdən də ruh düşkünlüyü yaşayır. Əgər erməni xalqı qələbəyə inansaydı, öz gücünə güvənsəydi, 44 günlük müharibədəki dəhşətli məğlubiyyətdən sonra Nikol Paşinyanın partiyasına səs verməzdi, onu hakimiyyətdə saxlamazdı. Bu onun göstəricisidir ki, ermənilər Ermənistan dövlətinin nə qədər zəif, gücsüz olduğunu və məğlubiyyətin də ədalətli, obyektiv nəticə olduğunu başa düşür”.

A.Səmədovun sözlərinə görə, Ermənistanın Fransadan, Hindistandan aldığı hücum silahları ona Azərbaycana qarşı uğurlu hərbi əməliyyatlar aparmaq imkanı verməyəcək: “Bunun üçün çox ciddi savada, ağıla ehtiyac yoxdur. Rəqəmlər ortadadır, Azərbaycanın hərbi büdcəsi Ermənistanın hərbi büdcəsindən 3 dəfə artıqdır. Azərbaycanın Ermənistandan fərqli olaraq daha müasir silahları almaq imkanı var və silah alacağı ölkələr də kifayət qədər çoxdur. Bu səbəbdən Ermənistanın silahlanması daha çox daxili auditoriyanı ürəkləndirməyə, gələcək ittihamlara cavab hazırlamağa yönəlmiş addımlardır-mən əlimdən gələni elədim, ancaq gücümüz bu qədərdir demək üçün indidən hazırlıq gedir”.

Ekspertin fikrincə, Avropa İttifaqı müşahidəçilərinin bölgədə yerləşdirilməsi daha çox Ermənistan hökumətinin hərbi əməliyyatlardan qorxması ilə bağlıdır: “Ümid edirlər ki, bəlkə gələcəkdə, yaxud yaxın vaxtlarda bu müşahidəçilər Ermənistanı hərbi əməliyyatlardan qoruya bilər. Hərçənd ki, Azərbaycanın belə bir düşüncəsi yoxdur və dəfələrlə bəyan edilib ki, Azərbaycan Zəngəzura hərbi müdaxilə etmək fikrində deyil. Ancaq yenə də Ermənistanda o qorxu qalır və qorxu erməniləri müxtəlif addımlar atmağa, xəndəklər qazmağa, avropalı ”casus şəbəkəsi"ni sərhəddə yerləşdirməyə və digər hərəkətlərə sövq eləyir".

Siyasi ekspert hesab edir ki, Ermənistandakı revanşist klan baş qaldırmağa çalışsa da, Azərbaycana qarşı hansısa hərbi əməliyyatlara hazırlaşacağı və addım atacağı ehtimalı azdır: “Amma bu, təbiidir ki, normal təfəkkürü olan hər bir insanın gəldiyi qənaətlərdir. Qüvvələr nisbəti ortada, iqtisadi güc ortada, insan potensialı yenə ortada. Və təbiidir ki, bu vəziyyətdə ağlı başında olan dövlət və onun rəhbərliyi hərbi əməliyyatlara başlamağa cəsarət etməməlidir. Çünki bu müharibənin nəticəsi 44 günlük müharibədə olduğundan qat-qat ağır ola bilər. Ancaq biz normal təfəkkürlü insanlardan danışırıq, son illərin hadisəsi göstərir ki, Ermənistan rəhbərliyini və erməniləri normal təfəkkürlü saymaq qeyri-mümkündür. Bu səbəbdən onlardan hər cür ağılsız addım da gözləmək olar. Biz bu cür ağılsız addımlara hazır olmalıyıq”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR