İnsanlara hürriyət, millətlərə istiqlal!

O müharibə 20 il öncə başlayıb - Kiyev 30 il öncə tərksilah edilib

Deputat Elşən Musayevin dünən Musavat.com saytında çıxan yazısında iki əsas fikir var, biriylə razılaşmaq olar, digəri ilə razılaşmaq isə mümkün deyil.

Yazı ABŞ-nin BMT-dən tamamən çıxması barədə respublikaçı senatorların hazırladığı qanun layihəsinə həsr olunub və deputat hesab edir ki, Trampın partiyasının üzvləri haqlıdırlar.

BMT-nin son illərdə gərəksiz quruma çevrildiyi həqiqətdir. Bunu 1992-ci ildən bəri izləyə-izləyə gəlirik. Təşkilatın erməni işğalçılara dair qəbul etdiyi qətnamələrin yerinə yetirilməməsi və BMT rəhbərliyinin bu məsələyə susqun qalması, sadəcə, biabırçılıq idi.

Bir bizə aid məsələlərdə yox, ümumiyyətlə, dünyada gedən proseslərə münasibətdə də BMT həmişə dişsiz olub, eləcə, söhbət yeri kimi fəaliyyət göstərib, amma nə bir vətəndaş müharibəsinin, nə də qonşulararası toqquşmanın qarşısını ala, ədaləti təmin edə bilib. Bu təşkilatın minlərlə işçisi havayı yerə yüksək maaşlar alırlar.

Əslində isə bu beynəlxalq təşkilatı o günə qoyan ABŞ, Rusiya, Böyük Britanoya, Çin və Fransadır. Bu dövlətlər BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir, veto hüquqları var. Yəni təşkilatın ağasıdırlar. BMT bu dövlətlərin notariat kontoru kimidir. BMT TŞ-nin digər, rotasiyalı qaydada dəyişən üzv-dövlətləri isə heç bir ciddi rola malik deyillər, sadəcə onların nümayəndələri səsvermələrdə düymə sıxırlar.

Dünyanın ən aqressiv, qonşulara siyasi, iqtisadi, hərbi planda təzyiq göstərən, okeanın ötəsində belə hər münaqişəyə burun soxan dövlətləri də bunlardır - ABŞ, Rusiya, Böyük Britanoya, Çin və Fransa. Onlar BMT-nin funksional işləyə bilməsinə mane olurlar. BMT onların destruktiv mövqeyi, aqressiyası, hətta hərbi cinayətləri barədə qətnamə layihəsi müzakirə edə bilməz. Çünki dərhal veto qoyurlar, söhbət bağlanır.

Ta nə oldu? Bu dövlətlər nə vaxta qədər özlərini hakim kimi aparacaq, başqalarını cavabdeh rolunda qoyacaqlar?

Ona görə də əslində ABŞ-nin BMT-dən yox, BMT TŞ-nin daimi üzvlüyündən çıxması daha məntiqli olardı. O biri daimi üzvlər də eləcə. O zaman BMT heç kəsdən asılı olmayan, gerçək müstəqil beynəlxalq təşkilat olardı. Onun maliyyəsinin 70 faizinin ABŞ-dən gəlməsi öncədən absurd olub.

Trampın ölkəsini bu təşkilatdan çıxarmaq və ya maliyyəsini kəsmək istəməklə əlavə xərclərdən qurtulmaqla yanaşı, öz üzərində üstqurum təşkilatının olmamasını istəyir. Nə də olmasa, BMT başqa ölkələrin şikayət edə biləcəyi bir qurumdur və bu təşkilatdan ABŞ-yə də vaxtaşırı iradlar bildirilir.

Elşən Musayevin bu barədəki yazısında bir fikir də var ki, onunla razılaşmaq mümkün deyil. Müəllif yazır: “Rusiya-Ukrayna müharibəsi əsasən kimin təhriki və təşviqi ilə başlamışdı? Bayden və Consonun”.

Elə deyil. Rusiya və Ukrayna münaqişəsi başlayanda Bayden ABŞ Senatının xarici siyasət komitəsinin, Boris Conson isə Henli dairəsinin icmalar palatasının üzvü idilər, öz ölkələrinin siyasətində 10-cu dərəcəli şəxslərdilər. Söhbət 2005-ci ildən gedir. Rusiya-Ukrayna münaqişəsi o zaman başlayıb.

original-1u2h.jpg (127 KB)

Həmin vaxt Avropa dövlətləri tərəfindən dəstəklənən sabiq baş nazir Viktor Yuşşenko hakimiyyətə gəlməyə hazırlaşırdı. Adamı sıradan çıxarmaq, hakimiyyətə gəlişinin qarşısını almaq üçün 2004-cü ildə onu nadir tapılan dioksin preparatı ilə zəhərlədilər. İz Moskvaya aparıb çıxarırdı. Yuşşenko ölmədi, amma üzü çopur-çopur oldu, uzun müddət müalicə aldı. Rusiya telekanalları gecə-gündüz onun əleyhinə təbliğat aparsalar da, sonda xalqın iradəsi ilə Yuşşenko hakimiyyətə gəldi. Rusiya mediasında Ukraynanın ikiyə bölünəcəyi barədə ilk hədələr həmin vaxt görünməyə başladı. Moskvayanlıların sabotajı ilə Yuşşenko uğurlu prezident ola bilmədi, yerinə məntiqli olaraq Kremlin adamı olan Viktor Yanukoviç gəldi. Ona da Qərbyönlülər imkan vermədi, nəticədə o da hakimiyyətdən yarımçıq qovuldu və Rusiya-Ukrayna ixtilafı aktiv fazaya keçdi, 2014-cü ildə Krım işğal olundu, Rusiya Donbasda iki “respublika” (Donetsk və Luqansk) yaratdı.

O zaman Zelenski haradaydı? O, qışda Ukraynada, yayda Türkiyədə konsertlər verirdi. Hakimiyyətdə isə Petro Poroşenko idi.

Yəni Rusiya və Ukrayna münaqişəsinin başlanmasının səbəbkarı nə Zelenskidir, nə Poroşenko, nə də Yuşşenko. Əsas günahkarlar əslində Yanukoviç və onun devrilməsini həzm edə bilməyən RF prezidenti Putindir.

Böyük dövlətlər isə Ukraynanı qorumağa ona görə borcluydular ki, məhz onlar SSRİ dağılanda Ukraynanın əsas qoruyucu vasitəsini – nüvə silahlarını alıb Rusiyaya veriblər və bundan ötrü Ukrayna hakimiyyətini dilə tutublar.

klintborkrav.jpg (62 KB)

1994-cü ilin yanvarında ABŞ prezident Bill Klinton, Rusiya prezidenti Boris Yeltsin və Ukrayna prezidenti Leonid Kravçuk Ukraynanın gələcək nüvə tərksilahına dair razılığa gəliblər, həmin ilin dekabr ayının 5-də isə Budapeştdə Ukraynanın təmsil edən Leonid Kuçma, İngiltərənin baş naziri Con Meycor, Bill Kilnton və Boris Yeltsin memorandum imzalayıblar. ABŞ, Böyük Britaniya və Rusiya Ukraynanın suverenliyinə, sərhədlərinin toxunulmazlığına təhlükə olarsa, onu qorumağa dair öhdəlik götürüblər.

Ukraynanın gələcək faciələrinin təməli həmin gün qoyulub.

Ukraynanın əlində nüvə başlıqlı raketlər və onu istifadə etmək üçün lazımo şifrələr olsaydı, hansı dövlət onun ərazisinə qoşun yeridə bilərdi? Heç bir dövlət.

Həqiqət bundan ibarətdir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR