İnsanlara hürriyət, millətlərə istiqlal!

Savad, cəsarət, Volter və Marat...

Əvvəlcə kədərli bir notu qeyd etmək istəyirəm. Yaradıcı insanlar arasında jurnalistlər bəlkə də ən bəxtsizləridir. Bilirsiniz, niyə? Alim dissertasiyalarını müdafiə edir, kəşflərini-ixtiralarını patentləşdirir, sonra da ya pedaqoji fəaliyyətlə məşğul olur, ya da gənclərlə çalışır, daha heç kim ondan yeni kəşflər-işlər gözləmir.

Hətta yazıçı-şairlər də beş–on kitab yazır, sonra da kənara çəkilib həyatlarını yaşayır, yaxşı halda arxayın-arxayın müsahibələr verirlər, çünki bu beş - on kitab, əgər dəyərli ədibdirsə, onu gündəmdə saxlayır.

Eyni sözləri rəssam haqqında da, heykəltəraş barədə, hətta rejissorlar və aktyorlarla bağlı da demək olar.

Bu sıradan bircə jurmalistin bəxti gətirməyib: uzağı bircə həftənin qəhrəmanı olur, ən yaxşı yazı belə ertəsi gün “aktuallığını” itiirir və hətta unudulur. Sanki “fəxri istirahət” jurnalist üçün deyildir, bir gün yazmadısa, danışmadısa, vəssalam, hər şey bitdi...

Buna görə də “insanlar sevdikləri adamları ya tribunada, ya da dar ağacında görmək istəyir” sözləri daha çox jurnalistlərə aiddir: inanın ki, belədir...        

Qayıdaq yenidən jurnalistikanın yaşarlıq məsələsinə. Nadir hallarda görürsən ki, hansısa esse və yaxud publisistik yazı nisbətən uzunömürlü olur, amma yenə jurnalist nəinki Homer, heç Aşıq Ələsgər də deyildir ki, onu yüz, hətta min illərdən sonra da oxuyan tapısın.

“Aktuallıq” deyilən məsələ jurnalistə həm şöhrət gətirir (bir-iki günlük!), həm də yaradıcı ömrünü qısaldır. Bilirsinizmi, niyə?

Bütün əsərlərlə, sənətlərlə bağlı birmənalı demək olar ki, onlar konkret zaman çərçivələrindən kənara çıxanda daha yaşarlı olurlar. Jurnalist isə daim konkretliyə, konkret zaman çərçivələrinə bağlıdır və yaxud olmağa məhkumdur.

Amma nə etmək olar? İnsanlar onları hər gün ora-bura daşıyan sürücünü, gecə-gündüz asayişi qoruyan polisi, daha nə bilim, kimləri və kimləri, tanıyırmı və ya yadda saxlayırlarmı?

Amma yenə də hərdən istisanlar da olur. Məsələn, Volterlər, Maratlar, daha nə bilim, kimlər kimi! Adamlar bəzən onların nə yazdıqlarını xatırlamasalar da unutmurlar ki, belə adamlar da olub, nə vaxtsa, səmada sayrışıb keçən meteoritlər kimi.

Belə diqqətə layiq olmaq üçünsə jurnalistdən iki şey tələb olunur: savad və cəsarət.

Bir-iki cümləylə Volterin adını çəkdim. Əlbəttə, bu adamın ağlına da gəlməzdi ki, nə vaxtsa, onu jurnalist adlandıra bilərlər: Volter yazı adamı idi, böyük filosof idi, amma heç vaxt ədəbiyyatın, poeziyanın, fəlsəfənin tənhalığına qapılıb qalmırdı.

Elə bir məsələ olmurdu ki, adam ona hansısa formada, bəzən poetik, bəzən nəsr, bəzən fəlsəfi pamflet formasında reaksiya verməsin. Ona Avropa parlamentinin spikeri deyridilər! Əlbəttə, o vaxt heç bir Avropa parlamenti-filan, indiki kimi Avropa Şurası –filan yox idi, amma adam demək olar, həm də Avropanın ilk hüquq müdafiəçisidi!

Deyilənə görə, böyük Nyutona filosof deməyəndə inciyirmiş, amma Volter onu necə təsnif edəcəklərinin qəti fərqində deyildi, daim bir statusa can atırdı: Avropanın vicdanı və intelllketual lideri olmağa!

Sonrakı dövlərdə çox güman, yalnız Sartrı onunla mqayisə etmə olardı, ona da “Avropanın vicdanı” deyridilər. Yazmaq üçün Volterdə hər iki cəhət, həm cəsarət, həm də böyük savad vardı. Bizim dövrdə isə ən yaxşı halda, bunların biri çatanda digəri çatmır..

Başqa bir fransız, məşhur Maratsa bir qədər fərqli idi, həm də indiki anlamdakı jurmalistikaya o, Volterdən daha yaxındır. Marat daha çox cəsarət yiyəsi, inqilab tribunu idi: Volterdən fəqrli olaraq, insanların böyük əksəriyyəti (bəlkə tarixçilərdən, mütəxəssislərdən savayı!) artıq xatırlamır ki, Marat konkret nə yazıbdır! Amma hamı fərqindədir ki, adam alovlu, cəsarətli jurnalist, əsl inqilab tribunu olub. İnsan Böyük Fransa İnqilabına o qədər proyeksiya olunub ki, hətta Robespyerdən az anılmır və bu cəhətinə görə hətta Volterdən də irəlidədir: Volter özü istəməsə də, sonradan bütün Fransa inqilablarının ideoloqu kimi qəbul olundu, Marat isə inqilabın məşəlidi...

Ona görə də şəxsən mən dəqiq bilmirəm ki, beş-üç ildən sonra yazılı-print mediasından nə qalacaq? Bu, peşə kimi davam edəcəkmi, gülməli çıxsa da, dünyada jurnalistlər yazdıqlarına görə təpikdən və ya söyüşdən savayı daha nəsə də alacaqlarmı?

Məncə, bunu hətta Avropanın azman media ekspertləri də bilmirlər. Amma mənə elə gəlir ki, yazı-pozu həmişə qalacaq: nə fərqi var, vaxt vardı insanlar daş-gil lövhələrin üstündə nəsə yazırdı. İndi də saytlarda, nə bilim, sosial şəbəkələrdə yazmaqda davam edirlər. Əsas odur ki, iki meyar həmişə qalacaq: yazmaq üçün bir savad, bir də cəsarət lazımdır...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR