Onlayn ictimai-siyasi qəzet
Pakistanda rusiyalı pilotları daşıyan helikopter qəzaya uğrayıb.
Musavat.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin məlumatına görə, təyyarədə 14 nəfər olub, onlardan 6-sı ölüb. 8 nəfərin yaralandığı və xəstəxanaya yerləşdirildiyi bildirilir.
Məlumata əsasən, Mi-8 helikopterini Pakistanın neft kəşfiyyatı və hasilat şirkəti “Mari Petroleum” icarəyə götürüb. Helikopter Şeva neft yatağının yaxınlığında texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.
Şeva neft yatağı Peşəvər əyalətinin paytaxtından təxminən 200 km cənub-qərbdə və Pakistanın paytaxtı İslamabaddan 230 km məsafədə eyni istiqamətdə yerləşir.
“Washington Post” yerli polisə istinadən yazır ki, qəzaya səbəb mühərrikin nasazlığı olub. “Mari Petroleum”un sözçüsü bildirib ki, helikopter yerə enə bilsə də, sonradan idarəetməni itirib.
Şahanə Rəhimli
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ