İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirin fənlərin adını dəyişmək təklifi tənqidlə qarşılandı - ad önəmlidir, yoxsa keyfiyyət....

Azərbaycanda təhsil sisteminin inkişafı üçün çabalar göstərilsə də, hələlik vəziyyət qənaətbəxş deyil. Məktəblərdəki vəziyyət, tədrisin keyfiyyəti haqda tənqidlər daha çoxdur, nəinki təqdirlər. Müşahidələr onu deməyə əsas verir ki, aparılan islahatlar qənaətbəxş deyil, əgər repetitor yanına getməsə, məzunların ali məktəbə daxil olması müşkülə çevrilər.

Cəmiyyət köklü dəyişiklik gözlədiyi bir vaxtda elm və təhsil naziri Emin Əmrullayev iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma tədbirləri üzrə məktəb simpoziumunda çıxışı zamanı diqqətçəkən fikirlər səsləndirib. Belə ki, nazir Azərbaycanda bəzi fənlərin adlarının uzun müddətdir dəyişdirilmədiyini deyib: “Özəl məktəblərdə şagirdlərimiz problemlərin həlli istiqamətində kifayət qədər yaradıcı düşünə bilir. Ola bilər ki, Azərbaycanda fənlərin adı son 70-80 ildə dəyişmir. Bu tək bizdə yox, bir çox ölkələrdə də belədir”.

E.Əmrullayevin fikirləri cəmiyyətdə birmənalı qarşılanmayıb, tənqidlərə məruz qalıb. İnsanlar ad dəyişikliyini deyil, keyfiyyət dəyişikliyi görmək istədiyini bildirirlər. Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov da hansısa fənnin adını dəyişməklə ciddi irəliləyişə nail olunacağına inanmadığını deyib: "Mənə elə gəlir ki, biz əvvəlcə təhsildə prioritetlərimizi müəyyənləşdirməliyik. Bəzən prioritet məsələlər kənarda qalır, biz ikinci və üçüncü dərəcəli mövzular ətrafında müzakirələr aparırıq. Hesab edirəm ki, bu gün qarşıda duran əsas vəzifə təhsilimizin keyfiyyətinin, məzmununun daha da artırılması ilə bağlıdır. Hansısa fənnin adını dəyişməklə təhsilimizdə ciddi nəyəsə nail olunacağına inanmıram".

Deputatın sözlərinə görə, təhsildə xeyli yeni çağırışlar var, hazırda bunlar ətrafında danışmaq lazımdır: “Təhsilin məzmunu, keyfiyyəti artırılmalıdır... Fənlər və elmlər məlumdur. Biz yeni fizika, riyaziyyat və ya kimya kəşf edəsi deyilik. Müəyyən bir fənnin adının dəyişilməsi məzmun, keyfiyyət dəyişikliyi ilə müşahidə olunmazsa, biz hansısa mühüm fərqi müşahidə edə bilməyəcəyik. Biz bu məsələlərə xüsusi diqqət yetirməliyik”.

Tələbələrə təhsil kreditlərinin verilsin” – Deputat Anar İsgəndərov - Günün  Səsi

Anar İsgəndərov

Tarixçi alim, deputat Anar İsgəndərov isə vurğulayıb ki, belə dəyişiklik ancaq bir neçə fənn üzrə tətbiq oluna bilər: “Ümumilikdə ali riyaziyyat riyaziyyatdır, fizika fizikadır, kimya da kimyadır. Dəyişikliyin köklü olub-olmaması önəmlidir. Əgər dəyişiklik sadəcə forma xətrinə edilirsə, ortada böyük fərq ola bilməz. Azərbaycan müstəqil dövlətdir. Ona görə də tədris edilən fənlər dövlətin siyasətinə uyğun olmalıdır. Biz artıq dünyanın altıda bir hissəsi olduğumuzu demirik. Biz 44 günlük Vətən müharibəsində qələbə qazanmışıq. Nəticədə, orta məktəblərdə tədris olunmağa başlayan Zəfər tarixi kitabı çıxdı. Bu olmalı idi”.

Olimpiyada yarışlarda qalib olan şagirdlər üçün güzəştlər tətbiq olunur”- Təhsil  eksperti | "ELÇİ"

Adil Vəliyev: “Fənlərin adını dəyişməklə hər hansı uğur əldə oluna bilməz”

Təhsil eksperti Adil Vəliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, fənlərin adını dəyişməklə hər hansı uğur əldə oluna bilməz: “Diqqət etsək, görərik ki, istər məktəblərdə, istərsə də universitetlərdə dərsliklər dəyişilməlidir. Çünki elə dövrdə yaşayırıq ki, ilbəil yox, hətta aybaay yeniliklər ortaya çıxır. Bu yeniliklərin tətbiqi üçün hər hansı bir dərsliyin dörd, yaxud beş il qalması, ondan istifadə edilməsi ilə nə şagirdləri, nə də tələbələri uğura apara bilərik. Hazırkı dövrdə fikir versəniz görərsiniz. Universitetdə oxuyan tələbələr mütləq şəkildə müəyyən kurslara gedirlər. Niyə? Ona görə ki, universitetdə bir dərslik dörd il müddətinə tələbələrə keçilir. Amma o dərslik demək olar ki, hər il yenilənir, inkişaf etdirilir. Bunu da uşaqlara tətbiq edən kurslardır. Ona görə də universitetlər də kurslardan geri düşür. Yəni adın dəyişməsi bizim üçün irəliləyiş deyil. Birinci strategiyamızı doğru seçməliyik ki, uşaqlara nə isə öyrədək. Çünki məktəblərdə heç nə öyrədilmir. Məktəb dərslikləri demək olar ki, artıq işə yaramır. Çünki müəllimlər məktəb dərsliyindən başqa hər hansı kursun, nəşriyyatın dərsliyini də tövsiyə edir. Bu zaman düşünürük, məktəb bizə sadəcə attestat verir, şagirdlər də sırf buna görə məktəbə gedir”.

Həddini aşmış bu adam...” – Məktəb direktorundan Kamran Əsədova sərt  İTTİHAMLAR

Kamran Əsədov: “Fənlərin adı deyil, özü dəyişməlidir, əksəriyyəti müasir standartlara cavab vermir”

Təhsil eksperti Kamran Əsədov da mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, orta təhsil səviyyəsində 20 fənn tədris olunur: “Amma onların əksəriyyəti müasir standartlara cavab vermir. Onların dəyişməsinə və yeni fənlərə ehtiyac var. Orta məktəblərdə ixtisaslaşma imkanları və peşəkar sahələrə hazırlıq məqsədilə yeni dərslərin təqdim edilməsi vacibdir. Bu fənlər müasir dünyanın tələblərinə cavab verərək, tələb olunan peşəkarlıqların ətraflı hazırlığını təmin etməlidir. Müasir ixtisas sahələrindən biri olan İT (informasiya texnologiyaları) sahəsindəki peşəkar ixtisaslar tələb olunur. Bu sahədə təhsil alan şagirdlər proqramlaşdırma, verilənlər bazası idarəetməsi, şəbəkə təhlükəsizliyi və s. sahələrdə peşəkarlıq əldə edə bilərlər. Həmçinin sahibkarlıq və mənzərə idarəçiliyi kimi ixtisas sahələrindən olan "İş idarəetməsi və marketinq" dərsi orta məktəblərdə təqdim edilə bilər. Bu dərslər tələbələrə iqtisadiyyat və biznes sahələrində, marketinq strategiyalarında və mənəvi dəyərlər sisteminin nəzərdə tutulması kimi mövzuların mənimsənməsi imkanı verir. Həmçinin elmi-texniki inkişafın bir digər sahəsi olan “Bioinformatika” və “Nanolokasiya” kimi peşəkar sahələrdə orta məktəblərdə dərsliklərin təqdim edilməsi ehtimalı var. Bu fənlər orta məktəb tələbələrinə peşəkar sahələrdə işləyərkən, onlara universitetdə təhsili davam etdirmək üçün güclü bir fon yaradacaq və peşəkar müvafiq ixtisasları daha əvvəlcədən təqdim edəcəkdir. Orta məktəblərdə əlavə fənlər olaraq aşağıdakıları göstərmək olar: Sağlamlıq və fiziki tərbiyə. Bu fənn sağlamlığın və fitnesin önəmini vurğulayır və tələbələrin sağlamlıq üzərində daha çox fikirləşməsini təmin edir. Sosial mədəniyyət: Bu fənn sosial münasibətlər və mədəniyyət haqqında biliklər vermək üçün nəzərdə tutulub. Tələbələr bu fənn vasitəsilə ölkəmizin mədəni və sosial tarixi haqqında daha çox məlumat əldə edə bilərlər. Karyera təlimi: Bu fənn tələbələrin peşəkar həyatları üçün hazırlamağa xidmət edir. Tələbələr müxtəlif karyera sahələrində məlumat əldə edərək peşəkar həyatlarına yönələ bilərlər. İnformatika: Bu fənn artıq bir çox orta məktəblərdə də oxunur, lakin daha da inkişaf etdirilərək, tələbələrə proqramlaşdırma və digər informasiya texnologiyaları haqqında ətraflı məlumat verilə bilər. Ənənəvi incəsənət: Bu fənn ölkəmizin milli incəsənət nümunələrindən, musiqi, ədəbiyyat, rəssamlıq və s. kimi sahələrdən ətraflı məlumat vermək üçün nəzərdə tutulub. Sahibkarlıq: Bu fənn şagirdlərə iş sahibi olmaq və ya müxtəlif sahələrdə girişimçilik bacarıqlarını artırmaq üçün təlim vermək üçün hazırlanıb. Bu fənn vasitəsilə tələbələr öz işləri barədə məlumat əldə edə bilərlər".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR