İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanda xəstələr səhiyyə müəssisəsinə “Lexus”da gətiriləcək? - Bahalı avtomobilin SİRRİ

Bu günlərdə Naxçıvan Muxtar Respublikası səhiyyə naziri əvəzi Samiq Sadıxovun özünə bahalı xidməti avtomobil aldığı ilə bağlı xəbər yayılıb. Məlum olub ki, yeni nazir əvəzi təqribən 130 min manat dəyərində “Lexus” markalı xidməti avtomobil alıb. Nazirin bu hərəkəti sosial şəbəkələrdə kəskin tənqid olunub. Naxçıvandan olan sosial şəbəkə istifadəçiləri bildirib ki, dövlət büdcəsi hesabına nazir əvəzinə bahalı avtomobil deyil, muxtar respublika xəstəxanalarına tibbi avadanlıqlar alınmalı idi.

Musavat.com xəbər verir ki, TNS-in məlumatına görə, yeni nazir əvəzinin bahalı avtomobilinin alınması üçün muxtar respublikanın dövlət büdcəsindən bir manat da vəsait ayrılmayıb. Bəs Samiq Sadıxov bu avtomobili necə alıb? Bu barədə bir az sonra.

Sosial şəbəkə istifadəçilərinin, Naxçıvan sakinlərinin muxtar respublika xəstəxanalarında sıradan çıxmış, işləməyən tibbi avadanlıqlar barədə yazdıqları, dedikləri həqiqətdir. Bu gün muxtar respublika xəstəxanalarında kompüter tomoqrafiyası, MRT kimi vacib tibbi avadanlıqların çatışmazlığı var. Xəstəxanalarda EXO və EKQ müayinəsi üçün aparatlar da işləmir. Səhiyyə müəssisələrinin dərman preparatları ilə təminatı da istənilən səviyyədə deyil. Muxtar respublika sakinləri müayinə və müalicə olunmaq üçün ya Bakı şəhərinə, ya da Türkiyəyə üz tutur. Bu da insanlar üçün ciddi problemlər yaradır. Bakıya və ya Türkiyəyə gedə bilməyənlərin sağlamlığı və həyatı ciddi risk altındadır. Səhiyyə Naziriyinin rəsmiləri dövlət xəstəxanalarının lazımi tibbi avadanlıqlarla, vacib dərmanlarla təmin edilməməsini maliyyə çatışmazlığı ilə əlaqələndirir. O zaman insanlar haqlı olaraq sual edirlər. Əgər vəsait yoxdursa, nazir əvəzi özünə bahalı avtomobili necə alıb? İnsanlar onu da soruşur ki, bu şəxs nazir təyin olunduqdan sonra hansı avtomobildə gəzmək fikrindədir? Naxçıvanın Səhiyyə Nazirliyi hələ ki bu suala cavab verməyib.

Samiq Sadıxov nazir müavini təyin olunduqdan bir neçə gün sonra TNS-ə açıqlamasında bildirmişdi ki, Naxçıvan əhalisinə keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün lazımi addımlar atılır.

Sitat: “Mövcud nöqsanların aradan qaldırılması, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə tədbirlər planı hazırlanır”.

Həmin vaxt təsdiq olunan tədbirlər planı ilə tanış olmadığımızdan nazir əvəzinin haqqında bəhs etdiyi planda “Lexus” markalı avtomobilin alınmasının olub-olmadığını bilmirik.

Yeni nazir əvəzi əhalinin ən çox narazılıq etdiyi problemlərdən biri olan, Naxçıvan xəstəxanalarında sıradan çıxarılan, işləməyən tibbi avadanlıqlarla bağlı sualı belə cavablandırmışdı: “Bununla bağlı xarici şirkətlər dəvət edilib, muxtar respublikanın bütün şəhər və rayonlarında hazırda qiymətləndirmə aparılır. Qiymətləndirmə prosesi başa çatdırıldıqdan sonra hansı addımların atılacağını həmin şirkət müəyyənləşdirəcək”.

Bu açıqlamadan 4 ay keçib. Naxçıvandan əldə etdiyimiz məlumata görə, bu istiqamətdə irəliləyiş yoxdur. Muxtar respublika sakinləri həmin tibbi avadanlıqların yoxluğundan yenə də əziyyət çəkirlər. Görünür, Samiq Sadıxov üçün özünün rahatlığı, konfortu daha önəmlidir, nəinki insanların sağlamlığı.

İndi isə keçək nazir əvəzinin bahalı avtomobili necə almasına. Yuxarıda qeyd etdik ki, avtomobil alınması üçün dövlət büdcəsindən vəsait ayrılmayıb.

Redaksiyamıza etibarlı mənbələrdən daxil olan məlumata görə, bu avtomobil Naxçıvan Muxtar Respublika Xəstəxanası üçün ayrılmış dərman pulları və icbari tibbi sığorta vəsaiti hesabına alınıb. Avtomobil Naxçıvan Muxtar Respublika Xəstəxanasının balansındadır. İndi sual edirik. Muxtar respublika xəstəxanasına 130 min manat dəyərində “Lexus” niyə alınıb? Yoxsa Naxçıvanda “yeni xidmət” yaradılıb? Bəlkə bundan sonra xəstələri xəstəxanaya “Lexus”da gətirəcəklər? Əlbəttə ki, bu ritorik suallarımızı Samiq Sadıxov cavablandıra bilməyəcək.

Üstəlik, bu qədər bahalı avtomobil tender keçirilmədən alınıb. Naxçıvanda bəzi dövlət orqanlarına tender keçirilmədən 5 min manatdan yuxarı ödənişlərin edilməsi qəti qadağan edilib. Bu qadağanın Səhiyyə Nazirliyinə aidiyyəti yodur? Bu nazirliyə bu imtiyazı kim və niyə verib?

Muxtar respublikanın hüquq-mühafizə orqanları bu qanun pozuntusu ilə bağlı ciddi tədbir görməlidir. Bu qanun pozuntusuna görə, birinci cavab verməli vəzifəli şəxs isə Naxçıvan Muxtar Respublika Xəstəxanasının rəhbərliyidir. Xəstəxananın direktoru Fehruz Zehirovdan soruşulmalıdır ki, o, dərman puluna bu qədər bahalı avtomobili niyə alıb? Yaxud “Lexus” markalı xidməti avtomobil xəstəxananın nəyinə lazımdır?

Belə işləmək olmaz cənablar! Naxçıvanda insanların rifahının yaxşılaşdırılması, sağlamlığının qorunması üçün ayrılmış vəsaiti kimsə öz məqsədləri, rahatçılığı və eqosu üçün sağa-sola səpələyə bilməz. Əmin olun ki, dövlətimiz hər şeyi görür.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR