İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalifət seçkiyə ittifaq qurmadan gedir

Böyük ehtimal ki, ayrı-ayrı dairələrdə digər partiyalarla qarşılıqlı razılaşma ilə güzəştlər ola bilər

REAL Partiyası Siyasi Komitəsi bazar günü keçiriləcək toplantısında parlament seçkilərinə namizədlərini təsdiqləyəcək.

Bu barədə REAL sədri İlqar Məmmədov bildirib. O qeyd edib ki, indiyə qədər seçki qərargahına müraciət edən hər bir iddialı partiya üzvü haqda bu, son qərar olacaq: “Gələn həftə isə partiyamızın üzvü olmayan şəxslərin iştirakı ilə koalisiyanın mümkünlüyünə baxacağıq. Buna siyasi zərurət varsa, tanınmış ictimai-siyasi şəxslərlə seçki ittifaqı qura bilərik. Gələn həftənin sonuna qədər bu haqda da yekun qərarımız olacaq”.

İndiyədək keçirilən parlament seçkilərində əsas müxalifətin keçdiyi yola ötəri nəzər salmaqda fayda var. 1995-ci ildə müstəqil Azərbaycanın tarixində ilk dəfə keçirilən parlament seçkilərində qalib gələn namizədlərin siyasi “çətiri” kifayət qədər böyük olub. Bu seçkilər nəticəsində Azərbaycanın bütövlükdə 10 siyasi partiyası parlamentə keçib. Bu partiyaların arasında ölkənin ictimai-siyasi palitrasında mühüm yer tutan iri müxalifət partiyaları - AXCP, AMİP, Müsavat olub. 

2000-ci ildə keçirilən parlament seçkilərində səhnə tamamilə dəyişir. AXCP ağlagəlməz deputat korpusu qazanır. Seçkilərdə AXCP-dən 8 nəfər millət vəkili statusu qazanır. 2000-ci il Etibar Məmmədovun rəhbərlik etdiyi AMİP-ə də ciddi zərbə vurur. Rəhbərlik Milli Məclisə keçə bilmir. Həmin seçkilərdə Vətəndaş Həmrəyliyi Partiyasından 3 nəfər, Kommunist Partiyasından 2 nəfər  parlamentə düşə bilir. 

2005-ci il seçkilər bütünlüklə majoritar qaydada keçirildiyi üçün partiya siyahısı ilə marafona qatılmaq əhəmiyyətini itirir. AXCP və AMİP parlament divarlarını keçə bilmir. Əvəzində böyük siyasi qalmaqaldan sonra ilk dəfə olaraq Müsavat 4 nəfərlik heyətdə Milli Məclisə daxil olur. AXP-də Pənah Hüseyn 1993-cü ildən sonra ilk dəfə mandat qazanır. 

7 noyabr 2010-cu il parlament seçkisinin ilkin rəsmi nəticələrinə görə, Vətəndaş Həmrəyliyi (3 mandat), Ümid (1 mandat), Bütöv Azərbaycan Xalq Cəbhəsi (1 mandat), Demokratik İslahatlar (1 mandat), Böyük Quruluş (1 mandat), Ədalət (1 mandat), Vətəndaş Birliyi (1 mandat) və Sosial Rifah (1 mandat) partiyaları qazanır.

2015-ci ildə Sosial Demokrat Partiyası (Araz Əlizadə), VHP, Milli Dirçəliş Partiyası(Fərəc Quliyev) və Vəhdət Partiyası(Tahir Kərimli) üçün də düşərli olur. 2020-ci ildə bu siyahıdan yalnız T.Kərimli  mandatını saxlaya bilib.  Bəs bu seçkilərdə necə? Seçki bloku yaradıla bilərmi? Siyasi partiyalar hansısa seçki dairələrində anlaşa bilərmi və sairə suallarla müxalif partiyalara suallar ünvanladıq. 

Tural Abbaslı evlənir - BU MƏŞHURUN QIZIYLA

 Tural Abbaslı

AĞ Partiya başqanı Tural Abbaslı yalnız müəyyən dairələrdə namizədlər məsələsində güzəştə gedə biləcəklərini qeyd etdi: “Hələlik AG Partiya olaraq, hansısa siyasi qüvvə, partiya ilə blok şəklində seçkilərə getmə haqqında bir fikrimiz yoxdur. Elə bir niyyətimiz də yoxdur. Belə bir təklif də gəlməyib. Artıq demək olar ki, seçki prosesinin başlaması üçün son günləri sayırıq. Seçki blokunun yaradılması, şərtlərin razılaşdırılması üçünsə zaman da qalmayıb. Bu baxımdan seçki bloku yaratmaq hazırda aktual deyil. Həm də AĞ Partiya olaraq, biz ideoloji partiyayıq. Ona görə də hər partiya ilə bu və ya digər formada bir araya gələ, yaxud bir blokda birləşə bilmərik. İdeoloji dəyərlərimizi daşımayan, ona yaxın olmayan partiyalarla heç bir halda bir araya gəlməyimiz mümkünsüzdür. Amma bu seçkilərdə çox böyük ehtimal ki, ayrı-ayrı dairələrdə digər partiyalarla qarşılıqlı razılaşma ilə güzəştlər ola bilər. Hansısa partiya bir dairədən bizim namizədin xeyrinə namizəd verməz, yaxud biz həmin dairədən o namizədin qarşısına iddiaçı çıxarmarıq. Funksional əməkdaşlıq mümkündür. Seçkilərin birgə müşahidə edilməsi üçün razılaşma əldə etmək də olar. Seçki pozuntularına qarşı birgə fəaliyyətlə bağlı ümumi bir fikir mübadiləsi aparmaq da mümkündür. Yaxud bunun nəticələrinin aradan qaldırılması üçün birgə addımlar da atıla bilər. Amma hələ ki seçki bloku, seçki birliyi adında nəsə bir birlik yaratmaq fikrində deyilik”.

Elşad Musayev Prezident Adminstrasiyasında olub - Ayna.az

Elşad Musayev 

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev yaranan yeni şəraitdə seçkilərə gedildiyini söylədi: “Ayrı-ayrı partiyalar nə fikirləşirlər, bunu özləri bilərlər. Onu heç şərh etmək niyyətində də deyiləm. Nəzərə alaq ki, indi yeni bir şərait yaranıb. İstər siyasi partiyaların gücü, istərsə də ölkədə, regionda və dünyada gedən proseslər baxımından yeni şərait yaranıb. Yeni şərait nəticəsində də biz seçkilərə gedirik. Bilirsiniz ki, qarşıda çox ciddi beynəlxalq tədbirlər gözlənilir. Azərbaycan həmin tədbirləri keçirməlidir. Nəzərə alaq ki, bu seçkilər həm də ölkəmizin işğal altında olan torpaqlarının azad edilməsindən sonra keçirilir. Eyni zamanda onu da nəzərə alaq ki, artıq yeni dünya düzəni qurulur. Bu istiqamətdə xeyli işlər gedir”.

Partiya sədri siyasi əməkdaşlıq və s. kimi halların keçmişdə qaldığını da söylədi: “Köhnə siyasi partiyaların hegemonluq dövrləri çoxdan gedib. Yeni şərait yaranıb, yeni güclər ortaya çıxıb. Onu da deyim ki, artıq maskalar da cırılıb. Ayrı-ayrı xarici qüvvələrin buradakı uzantıları öz mövqelərini ortaya qoyurlar. Ruspərəstlər açıq-aydın o mövqedən çıxış edirlər. Qərbin müəyyən dairələrinin "uşaqları" da dəstək mövqeyi sərgiləyirlər. İranın mövqeyini müdafiə edənlər ayrı qüvvələrdir. Belə bir şəraitdə biz seçkilərə gedirik. Biz Böyük Azərbaycan Partiyası olaraq, heç bir qüvvə ilə koalisiyaya getmək fikrində deyilik. Amma ölkənin milli demokratik düşərgəsinin təmsilçiləri ilə müəyyən dairələrdə razılığa gələ bilərik. Burada da qeyri-adi heç nə yoxdur. Amma xarici təsir dairəsində olan siyasi təşkilatlarla heç bir əməkdaşlığımız nəzərdə tutulmur. Nəzərinizə çatdırım ki, bir neçə ay öncə keçirilən növbədənkənar prezident seçkiləri keçirildi. Vaxtilə hegemonluq edən partiyaların heç biri bu seçkilərdə iştirak edə bilmədi. Amma Böyük Azərbaycan Partiyası bu seçkilərə qatıldı. Hesab edirəm ki, çox doğru qərarımız idi. Uğurlu təbliğat apardıq. Təşkilatlanma yolunda xeyli işlər görüldü. İndi növbədənkənar seçkilər yenə baş tutacaq. Partiyamızın öz taktikası var. Bu taktikaya uyğun şəkildə addımlar atılacaq. Namizədlər müəyyən olunub. Bu proses gedir. Yenə də bir daha deməyi vacib sanıram ki, hər hansı bir siyasi partiya ilə blok şəklində seçkilərə getmək fikrimiz yoxdur. Amma ayrı-ayrı dairələrdə yuxarıda dediyim kimi, güzəştlərə gedə bilərik. Xüsusilə yeni siyasi qüvvələrlə bu şəkildə razılaşmalara gedə bilərik, müəyyən dairələrdə güzəştlər oluna bilər".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR