İnsanlara hürriyət, millətlərə istiqlal!

Musa Quliyev: “Kiçik və orta sahibkarlara əməli dəstək artırlılmalıdır”  

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Milli Məclisdəki çıxışında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022- ci ildəki fəaliyyətini qənaətbəxş hesab etdiyini bildirdi. “Hökumətin dərin təhlilə, iqtisadi reallıqlara əsaslanan, görülən işləri, problemləri və qarşıya qoyulan düzgün vəzifələri qiymətlındirərək hazırladığı dolğun hesabat və cənab Baş nazirin mükəmməl çıxışı söyləməyə əsas verir ki, hökumətimiz 2022- ci ildə qarşıya qoyulan vəzifələri layuqincə yerinə yetirə bilib”-komitə sədriqeyd etdi. 

Musavat.com xəbər verir ki, M.Quliyev fikrinin davamında dedi ki,  postmüharibə və postpandemiya dövrünün çətinlikləri, dünya maliyyə- iqtisadi böhranının davam etməsi, Rusiya- Ukrayna müharibəsinin yaratdığı gərginliyə baxmayaraq hesabat ilində ölkəmizdə makroiqtisadi sabitliyə və inkişafa nail olunub, infilyasiya meyillərinin sabitləşməsi, infilyasiyanın mənfi təsirlərinin aradan qaldırılması və əhalinin sosial rifah halının qorunması üçün təsirli tədbirlər görülüb:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin   daxili siyasətində əhalinin  sosial müdafiəsinin təmin olunması, sosial ədalət, sosial rifah, həmişə prioritet istiqamət kimi müəyyən olunur. Heç təsadüfi deyildir ki, hazırda bizim dövlət büdcəmizin 46,%-i  sosial xərclərin payına düşür.

2022-ci ildə Ümumdaxili məhsul real ifadədə 4.6% artmış, adambaşına düşən ÜDM 13.3 min manata yüksəlmiş,  orta aylıq əmək haqqı, pensiya,  müavinət və digər sosial ödənişlərin məbləğı artırılmış, əhalinin sosial rifahının qorunması və sosial müdafiəsini təmin etmək üçün kompleks tədbirlər həyata keçirilib”. Komitə sədri dedi ki, postmüharibə dövründə görülən sosial müdafiə tədbirlərini də müsbət qiymətləndirir:

“Postmüharibə dövründə 122 min unikal şəxs 264 min sosial dəstək tədbiri ilə əhatə olunub. O cümlədən 3038 şəhidin 8018 ailə üzvünə 16011 sosial ödəniş təyin edilib, 4500 şəhid ailəsi və qazi mənzillərlə təmin olunmuş, 324 nəfər müharibə əlilinə minik avtomobil verilib. Hesabat ilində 1793 nəfər müharibə ilə əlaqədar əlilliyi olan şəxs, 30675  ədəd reabilitasiya vasitələri ilə təmin edilib. Ötən il uğurla həyata keçirilən “Məşğulluq Marafonu” çərçivəsində 2538  şəhid ailəsi üzvü və qazi işlə təmin olunub. Hesabat dövründə 40 min nəfər münasib işlə təmin olunub ki, bunların 16.1 min nəfəri özünüməşğulluq proqramına cəlb edilib. Qeyd edilməlidir ki, görülən məqsədyönlü proqram xarakterki tədbirlərə baxmayaraq işsizlik bir sosial problem olaraq qalmaqdadır və bu sahədə ciddi addımlar atılmalı, xüsusi ilə özəl sektorun böyük potensialından səmərəli istifadə imkanları genişlənməli, kiçik və orta sahibkarlara əməli dəstək artırlılmalıdır”.

M.Quliyev dedi ki, hesabatdan göründüyü kimi ölkəmizdə mövcud  5.358,4 min nəfər iqtisadi fəal əhalinin 5.056,2 min nəfərinin məşğulluğu təmin olunub: “Bu, yaxşı göstəricidir. Fəqət 5.056.2 min nəfər məşğul əhalinin yalnız 1.760 min nəfəri, yaxud 35% i sosial sığorta ödəyicisi kimi qeydiyyatdadır ki, bu göstərici 55- 60%- lik beynəlxalq standartdan xeyli aşağıdır. Müqayisə üçün diqqətinizə çatdırmaq istəyirəm ki, sığorta ödəyicilərin məşğul əhaliyə nisbəti Litvada 100%, Polşada 95,7%, Türkiyədə 84,2% təşkil edir. Ölkəmizdə muzdla işləyənlərin sayının məşğul əhalinin sayına olan nisbətinin orta  beynəlxalq göstəricilərə çatdırılması pensiya təminatının yaxşılaşdlırılması, pensiyaya çıxma şərtlərinin yumşaldılması, pensiyaların məbləğinin yüksəldilməsi sahəsində geniş imkanlar yarada bilər”.

Komitə sədri qeyd etdi ki, Azərbaycan Respublikasının 1-ci Vitse-Prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan DOST konsepsiyası uğurla fəaliyyət göstərməkdə və genişlənməkdə davam edir: “Ötən il Bakı şəhəri və Abşeron rayonu üzrə fəaliyyət göstərən 6 DOST mərkəzi 3 milyona yaxın vətəndaşa sosial xidmət göstərib, məmnunluq göstəricisi 98% olub. İşğaldan azad edilmiş rayonlarımızın əhalisinə xidmət göstərmək məqsədi ilə “Zəngəzur və Qarabağ  DOST” proqramı hazırlanmış və 27 may 2022- ci il tarixində Zəngilanın Ağalı kəndində cənab Prezident İlham Əliyevin və hörmətli Mehriban xanımın iştirakı ilə ölkədə ilk “Smart DOST” xidmət məntəqəsi istifadəyə verilib”.

Sonda komitə sədri “mən hökumətimizin 2022-ci  ildəki fəaliyyətini qənaətbəxş hesab edir, hökumətimizə bu mürəkkəb və məsuliyyətli dövrdə uğurlar arzulayır, inanıram ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə biz qısa müddət ərzində qarşıya qoyulan bütün məsələlərin həllinə nail olacağıq”-söylədi.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR