Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Ermənistan Konstitusiya Məhkəməsi sentyabrın 26-da “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın və dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının birgə fəaliyyəti haqqında” əsasnamənin konstitusiyaya uyğunluğu barədə qərar qəbul edib.
Musavat.com xəbər verir ki, Konstitusiya Məhkəməsinin hakimi, Ermənistanın keçmiş ədliyyə naziri Hrayr Tovmasyan bu qərara qarşı çıxıb və bununla bağlı xüsusi rəy bildirib.
Onun xüsusi rəyi Konstitusiya Məhkəməsinin rəsmi saytında dərc olunub.
Rəydə deyilir ki, “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının birgə fəaliyyəti haqqında” Əsasnamə parlament tərəfindən ratifikasiya oluna və beləliklə, Konstitusiya Məhkəməsi tərəfindən də baxıla bilməz”.
Tovmasyanın fikrincə, Konstitusiya Məhkəməsinin bu iş üzrə ərizəyə baxmaq və bu ərizə əsasında mahiyyəti üzrə qərar qəbul etmək səlahiyyəti olmayıb.
Revanşist Tovmasyan xüsusi rəyində yenə də Ermənistan Konstitusiyasının bədnam preambulasını yada salıb. Onun rəyinə əsasən, bu qərar Konstitusiyanın preambulasında əks olunan Müstəqillik Bəyannaməsinin müddəalarına ziddir.
“Mənim üçün qəbuledilməz olan və hüquqi cəhətdən şərhi çətin olan səbəblərə görə, Konstitusiya Məhkəməsi Ermənistanın Müstəqillik Bəyannaməsinin normativ əhəmiyyətini aşağı salıb. Konstitusiya Məhkəməsi belə qənaətə gəlib ki, Bəyannamənin Konstitusiyada əksini tapmayan müddəalarının heç bir hüquqi əhəmiyyəti yoxdur. Belə bir hökm Ermənistanın Müstəqillik Bəyannaməsini hüquqi və tarixi əhəmiyyətindən məhrum etməklə yanaşı, onu həm də simvolik sənədə çevirib. Həmin qərardan belə çıxır ki, Ermənistan Konstitusiyasının preambulası konstitusiya müddəalarının şərhi üçün istifadə oluna bilməz.
Halbuki, Ermənistan Konstitusiya Məhkəməsinin 12 yanvar 2010-cu il tarixli saylı qərarına görə, (Türkiyə ilə imzalanan Sürix protokollarının təsdiqi ilə bağlıdır - red.) protokolun müddəaları Konstitusiyanın preambulasının müddəalarına və Ermənistanın müstəqilliyi haqqında bəyannamənin 11-ci bəndinin tələblərinə zidd olacaq şəkildə təfsir edilə və tətbiq edilə bilməz.
Göründüyü kimi, Ermənistan Konstitusiya Məhkəməsinin üzvü Azərbaycanla delimitasiya üzrə komissiyanın qurulması haqqında sənədlə bağlı rəyində yenə də Ermənistan Konstitusiyasının bədnam preambulasına istinad etməkdən çəkinmir. Azərbaycan tərəfi məhz buna görə Ermənistan Konstitusiyasının bu müddəalarının dəyişdirilməsində haqlı olaraq israrçıdır. Ermənistanın “sənədi yarımçıq imzalayaq” kimi hiyləgər mövqeyinin nə dərəcədə gülünc və çürük olduğu Tovmasyan kimilərinin mövqeyindən açıq şəkildə görünür.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ