İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Fransa ilə bu əlaqəni rəsmən kəsdi – Davamı gələ bilər, əgər...

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb. Parlamentin plenar iclasına təqdim edilməsi tövsiyə edilən qərar layihəsində Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun yaradılması məsələsi əksini tapmayıb.

Milli Məclisin Fransa ilə əlaqələr üzrə işçi qrupu özünün son iclasında Fransanın Azərbaycana qarşı qərəzli mövqeyinə görə fəaliyyətini dayandırmışdı. Ancaq daha belə bir işçi qrup ümumiyyətlə, mövcud olmayacaq...

Məntiqli və ədalətli. Əvvəla, 44 günlük Vətən savaşı bitər-bitməz, mifik və oyuncaq “artsax”ı dövlət kimi tanıyan və hələ də bu qərarı ləğv etməyən bir parlamentlə Mili Məclisin hansı dostluq telləri ola bilər?

İkinci yandan, Xurşudbanu Natavanın Fransadakı heykəlinə qarşı törədilən və hələ də ən azından, hüquqi qiymətini almayan vandallıq təkcə heykələ yox, eyni zamanda Azərbaycan mədəniyyətinə göstərilən sayğısızlıq idi.

Əfsus ki, dünya mədəniyyətinə böyük töhfələr vermiş fransız toplumundan da bu barbarlığa ciddi etiraz səsi eşitmədik. Az sonra biz hətta xalqlar arasında dostluğu, yaxınlaşmanı təbliğ etməli olan beynəlxalq yarışlarda – Paris Yay Olimpiya və Paraolimpiya oyunlarında ölkəmizə hörmətsizliyi, aşırı qərəzi və həyasız münasibəti gördük. Yenə dövlət qurumu səviyyəsində...

Hansı dostluqdan söhbət gedə bilər? Hələ də ayağımızın altını qazıyan, AŞ PA-da, Avropa Parlamentində, BMT Təhlükəsizlik Şurasında, hər fürsətd əleyhimizə sənədlər qəbulu üçün dəridən-qabıqdan çıxan, Bakıdakı səfiri indiyədək Şuşaya ayaq basmayan, ərazi bütövlüyümüzün bərpasına sevinmək əvəzinə yas saxlayan, kapitulyant Ermənistanı təzədən üstümüzə qızışdıran bir məkrli, kinli dövlətə inanmaq, etibar eləmək, rəğbət bəsləmək, onun parlamenti ilə dostluq qrupu yaratmaq mümkünmü?

Nəhayət, iki gün qabaq Parisdə başa çatan, Ermənistan baş naziri Nikol Paşinyanın da qatıldığı Frankofoniyanın növbəti sammitində də Azərbaycan əleyhinə qətnamə qəbuluna cəhd edildi. Yaxşı ki, qurum üzvü olan bəzi bizə dost-tərəfdaş ölkələrin konsensusu pozması hesabına yekdil qərar çıxarmaq mümkün olmadı...

Yerdə nə qalır? İlk növbədə Fransa hökuməti və parlamentinin çıxaracağı doğru-dürüst nəticə, dərs.

İstənilən halda, “top” Fransanın meydanındadır. Biz tövbə qapısını bağlamamışıq. Bu oyunu, düşmənçiliyi də Azərbaycan başlamayıb. Demək, dialoq, barışıq yolunda real, konstruktiv addımları rəsmi Paris atmalıdır.

Bu yöndə atılmalı əsas addımlar məlum: Ermənistanı Azərbaycana qarşı silahlandırıb sülh prosesinə zərbə vurmağa, bölgədə sabitliyə və təhlükəsizliyə ciddi təhlükə yaratmağa son qoymaq, rəsmi İrəvanı revanşa deyil, qonşularla barışığa həvəsləndirmək, Fransa parlamentinin uydurma “artsax”la bağlı qərarını ləğv etmək, Bakıdakı səfiri Şuşaya göndərmək.

Əks halda, davamı daha sərt gələ bilər...

P.S. Bu gün Milli Məclis  Şimali Kipr Türk Cümhuriyyəti də daxil, 102 ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərini təsdiqləyib. Onların arasında Fransa yoxdur.

Siyasət şöbəsi,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR