İnsanlara hürriyət, millətlərə istiqlal!

Musa Qasımlı: “Dövlətin vəsaiti havaya sovruldu”

Deputat Musa Qasımlı Milli Məclisdəki müzakirələrdə hökumətin 2022-ci ildə fəaliyyətinə dair hesabatın lehinə səs verəcəyini bildirib.

Musavat.com xəbər verir ki, “Ona görə ki, hökumət cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji xəttin uğurla həyata keçirilməsinə çalışıb və buna nail olub. Hər şeydən əvvəl, işğaldan azad olunmuş ərazilərimizdə nəhəng quruculuq işlərinin görülməsi, şəhərlərin tikilməsi, sakinlərin doğma yurdlarına qaytarılmaları aydın, planlı və konkret fəaliyyətin olduğunu göstərir. Başlıca diqqətin işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə yönəldilməsinə baxmayaraq, digər rayonlarda da böyük işlər görülür”, - Musa Qasımlı qeyd edib.

Deputat vətəndaşlarla görüşlərdə səsləndirilən bəzi narahatlıqları və xahişləri Baş nazirin nəzərinə çatdırıb: “İctimaiyyət nümayəndələri olaraq biz Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin ölkəmizdə sabitsizlik yaratmağa çalışan qruplara və şəxslərə qarşı apardığı əzmkar mübarizəni birmənalı olaraq müdafiə edirik. Hər bir millətin gələcəyinin təməlində elm və təhsilin dayandığına kimsənin şübhəsi yoxdur. Həm dövlət büdcəsi, həm də Heydər Əliyəv Fondunun xətti ilə ən müasir məktəblər tikilsə də, keyfiyyət problemi hələ də qalmaqdadır. Təhsilin keyfiyyəti aşağı olduqca cəmiyyətdə cəhalət, xurafat, radikalizm ayaq açar. Ona görə də hesab edirəm ki, təhsilin keyfiyyətinin artırılması ilə paralel olaraq müvafiq hökumət qurumları bu sahədə qayda-qanun yaradılmasına çalışmalıdırlar”.

Deputat vurğulayıb ki, müqəddəs şəhidlərimizin ruhuna hörmətsizlik edən bəzi şəxslərin şəhid valideynlərindən özlərinin ucuz siyasi məqsədləri naminə istifadə etmələri birmənalı olaraq qınanmalıdır.

Musa Qasımlı bildirib ki, Yardımlı və Masallı rayonlarında hökumət çoxlu işlər görsə də, kəndlərin təbii qazla, normal yollarla, su və elektrik enerjisi ilə təchiz edilməsi vətəndaşların istəkləridir: “Bir neçə il əvvəl Yardımlı rayonunun Solqard kəndində tikilmiş müasir məktəbin 2022-2023-cü tədris ilində şagird çatışmaması üzündən bağlanması bir tərəfdən planlaşdırmanın, proqnozlaşdırmanın zəif olmasıdırsa, digər tərəfdən, dövlətimizin düzgün müəyyənləşdirdiyi sosial siyasətin yerlərdə həyata keçirilməsində yol verilən nöqsanlarla bağlıdır. Nəticəsi o oldu ki, dövlətin vəsaiti havaya sovruldu”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR