Onlayn ictimai-siyasi qəzet
“Ukrayna Prezidenti Volodimir Zelenskinin Amerika Birləşmiş Ştatlarına səfərinin və burada keçirdiyi görüşlərinin bir neçə hədəfi var. Zelenski Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasında çıxışı ilə beynəlxalq aləmə Kiyevin müharibənin dayandırılmasının yollarını izah edəcək. Zelenski bəyan etdiyi “Sülh planı”nın detallarını açıqlamasa da, söhbətin Rusiyanın işğalına son qoyulmasından gedir. Bu isə müharibənin davamı deməkdir”.
Medianews.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Zelenskinin ABŞ-a səfəri davam edərkən, Rusiya ordusu Ukraynanın şərqində işğalı genişləndirməyə çalışır.
Politoloqun qənaətincə, bütün baş verənlərə baxmayaraq, Ukrayna Prezidenti optimistdir: “Volodimir Zelenski ABC televiziya kanalına müsahibəsində “müharibənin sonu çoxlarının düşündüyündən daha yaxındır” ifadəsini işlədib. Yəni, Zelenski ölkəsinin ərazi bütövlüyünü təmin edəcəyinə əminlik ifadə edib. Ancaq bunun üçün Qərb ölkələri Ukraynaya maliyyə və hərbi yardımı davam etdirməlidirlər. İkincisi, Volodimir Zelenski Prezident Cozef Baydenlə görüşdə Ağ Ev sahibini inandırmağa çalışacaq ki, Vaşinqton Ukrayna ordusunun ABŞ raketləri ilə Rusiyanın içərilərinə doğru zərbə endirməsinə icazə versin. Prinsip etibarilə Bayden administrasiyası müsbət qərar verməyə yaxındır. Avropa ölkələrindən Böyük Britaniya və Niderland Ukraynaya təqdim etdikləri silahlardan Rusiyanın içərilərinə doğru zərbələr endirməsinə icazə veriblər”.
E.Şahinoğlu deyib ki, ABŞ-yə səfər edən V.Zelenskinin üçüncü əsas missiyası da var: “O prezidentliyə namizədlər – Kamala Haris və Donald Trampla görüşəcək. Zelenskinin bu görüşlərdə əsas məqsədi bu iki namizəddən hər hansı birinin qələbə çalacağı halda Ağ Evin yeni sahibinin Ukraynaya hərbi yardımı dayandırmamasıdır. Kamala Harrsilə bağlı ciddi problem olmamalıdır. O, Baydenin xarici və təhlükəsizlik siyasətini davam etdirəcək. Əsas təhlükə Donald Trampla bağlıdır. O, Ağ Evə sahib olacağı təqdirdə Ukraynaya maliyyə və hərbi dəstəyin dayandırlacağını vəd edib. Zelenski Trampı bu addımdan çəkindirməyə çalışacaq. Əlbəttə, Tramp Zelenskini dinləyəcək, ancaq onun mövqeyini dəyişəcəyini söyləmək çətindir. Bir müddət əvvəlki açıqlamasında Zelenskini “dilənçi” adlandıran Tramp ölkəsinin Avropadakı müharibəyə pul xərcləməyinin əleyhinədir”.
Politoloq Ukrayna Prezidenti V.Zelenskinin ABŞ-də olarkən başqa ikitərəfli görüşlər keçirməsinə də diqqət çəkib: “Zelenski Hindistanın Baş naziri Narendra Modi ilə bir ay ərzində ikinci dəfə görüşüb. Modi də Zelenski kimi BMT Baş Assambleyasının sessiyasında iştirak edir. Modi Zelenski ilə görüşdə dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət kimi beynəlxalq hüququn, o cümlədən BMT Nizamnaməsi prinsiplərinin qorunmasında gələcək əməkdaşlığa hazır olduğunu bir daha bəyan edib. Zelenski və Modi bununla bağlı daha sıx ikitərəfli dialoqun aparılmasının məqsədəuyğunluğu barədə razılığa gəliblər. Modi Hindistanın sülhün tez bir zamanda qaytarılmasına kömək etmək üçün bütün mümkün yollarla töhfə verməyə hazır olduğunu bir daha bəyan edib. Ukrayna ilə bağlı ikinci Sülh sammitinin Hindistanda keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Zelenski İkinci sammitə Rusiyanın dəvət edilməsini mümkünlüyünü vurğulasa da, Kreml bu sammitdə iştirak etməyəcəyini bəri başdan bəyan edib”.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ