İnsanlara hürriyət, millətlərə istiqlal!

“Müharibə əlilləri vəfat edəndən sonra onların xanımları ağır həyat yaşamalı olur” -deputat

Deputat Razi Nurullayev 2021-ci il dövlət büdcəsinin icrası ilə bağlı çıxış edərkən hökumət üzvlərinə xitab etdi: “Qaldıracağım problemi bir neçə ailənin timsalında izah etmək və aidiyyatı qurumları bu problemin çözülməsinə yardımçı olmağa səsləyirəm. Müharibə əlilləri dünyalarını dəyişəndən sonra onların xanımları ağır həyat yaşamalı olur. Qanun onların müavinətlərinin, pensiyasının həyat yoldaşına verilməsini təmin etmir. Bu azyaşlı övladı olan ailələrə şamil edilir. Biz çox gözəl bilirik ki, ölkəmizdə qadın-kişi bərabərliyi var, amma bu iş tapmaq, işləmək və bərabər əmək haqqı almaq məsələlərində heç də yazıldığı kimi deyil”.

Deputat bildirdi ki, qadınlara iş tapmaq, dolanmaq daha çətindir: “Mən bir neçə ailəni qəbul etmişəm, ya övladı yoxdur, ya uşaqları ayrılıb, öz ailəsi var. Qadın isə həyat yoldaşı vəfat edəndən sonra köməksiz qalır. Sizə deyim ki, belə ailələr kütləvi deyil, amma problemləri çox ağırdır və onların göz yaşları məni çox mütəəssir edib. Təklif edirəm ki, müvafiq qanunlara düzəliş edək və bu qəbildən olan ailələrdə evin dolanışıq mənbəyi olan kişi rəhmətə gedən zaman onun pensiyasını xanımı alsın”.

Daha sonra R.Nurullayev parlament sədrinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdi: “Hörmətli Sahibə xanım, sizdən bu məsələnin araşdırılması üçün müvafiq şöbələrə göstəriş verməyinizi xahiş edirəm. Bu məsələyə ƏƏSMN-nin nümayəndəsinin də fikir bildirməsini xahiş edirəm. Bu problemin həlli imkanları varmı?”

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR