Onlayn ictimai-siyasi qəzet
Ölkədə şpionomaniya rüzgarı əsir. Peşəkar mediada, sosial şəbəkələrdə bu xüsusda çoxsaylı materiallar, gümanlar, şərhlər, rəylər görmək olar.
Hələlik ortalıqda daşdan keçən, mötəbər dəlil-sübutlar yoxdur. Bəlkə də heç olmayacaq.
Çünki nə casuslar başqa dövlətin mənafeyinə işlədiklərini etiraf edərlər, nə də həmin dövlətlər qürur duya-duya “bəli, bu adamlar mənim agentlərim olublar” deyərlər.
Zatən, bu işin adı da çoxdan dəyişib. Hələ müstəqilliyin ilk illərindən Rusiyanın (və ya İranın, yaxud da Qərbin) adamı olanların, olmaq istəyənlərin dilinə bir tutarlı arqument keçmişdi, deyirdilər, biz sadəcə, filan ölkə ilə ölkəmizin dost münasibətlərdə olmasını istəyirik.
Onlar rəğbət bəslədikləri dövlətə toz qondurmurdular, hələ bu dövlətə bir söz deyəni də şantaj edirdilər: “Söz ölkəmizin ümdə maraqlarını nəzərə almırsınız, iki ölkənin arasındakı dostluğa xələl gətirirsiniz”.
Həmin ölkələr isə əslində Azərbaycanla səmimi və ciddi dostluq münasibətində deyildilər, öz mənafeləri tələb edəndə müəyyən yamanlıqlar da edirdilər. Belə anlarda “rəğbət qrupları”nda birləşənlərin işi çətin olurdu. Onlar nə “dost” olmasını istədikləri ölkənin əleyhinə bir söz deyə, nə də ölkəmizin mənafeyinə zidd hərəkət edə bilirdilər. Susur, dibə çəkilirdilər, fırtına yatandan sonra yenidən dirçəlirdilər.
“Dost” ölkələr isə ölkəmizin daxilindəki casus şəbəkələrini genişləndirdikcə genişləndirirdilər. Bəziləri artıq açıq işləməyə başlamışdılar. Əllərinin altında olan qruplar, hücrələr gözlərinə o qədər çox və güclü görünmüşdü ki, arada izdihamlı etiraz aksiyaları keçirməyə, Azərbaycan dövlətini nələrəsə məcbur etməyə çalışırdılar. Onlar milli mənafeyə təhlükə törədəcək hala gələndə dövlətin özünüqoruma instinki işə düşdü, cəza maşını hərəkətləndi və şəbəkə dağıdıldı, gizli dərnək halına gətirildi.
Rusiyanın ölkəmizdəki casus şəbəkəsi qədim və güclü olsa da, onun əl-ayağının yığılması zamanın ixtiyarına buraxılmışdı. Şimal qonşumuzla atı daşlığa sürməyin anlamı yox idi. Həm də Rusiyanın adamları sovetdənqalma xətt ilə dövlət orqanlarında təmsil olunurdular, yeri gələndə bəzi təşəbbüsləri sabotaj edə bilirdilər.
2018-ci ildə bir dəfə, 2020-ci ildə isə ikinci dəfə bu şəbəkəyə də zərbə vuruldu. Ancaq bu kampaniya üstüörtülü aparıldı, hay-küysüz ötüşdürüldü. 44 günlük müharibənin başlandığı ilk günlərdə ordunun baş qərargah rəisi, çoxdan bəri “Moskvanın adamı” olduğu deyilən Nəcməddin Sadıkovun öz postundan götürülüb, təxminən təcrid edilməsi o demək idi ki, Moskva II Qarabağ müharibəsinin gedişatına dair bir sıra sirlərdən xəbər tutmayacaq.
İndi adları Rusiyaya işləməkdə çəkilən bəzi keçmiş vəzifəli şəxslər var və onların bəzilərinin vəzifədə olduğu son günə qədər Moskvanın təəssübünü çəkməsi, oradan təltif olunması, bütün yetkin və şüurlu həyatını Kremlə həsr etməsi heç kəs üçün sirr deyil.
Bəzən xalq hərəkatı liderlərinin də adı Moskvaya işləməkdə çəkilir, ancaq bunun şərləmə və şantaj xarakterli olduğu açıq-aydındır. Çünki əsl “Moskvaya işləyənlər”lə onların kəskin, barışmaz ziddiyyətləri var və zamanında onların arasında elə bir amansız mübarizə gedib ki, gizli müttəfiqlər bir-birinin qırtlağından elə yapışa bilməzdilər. Əksinə, əl-ələ verib yeni bir düzən, rejim qurardılar.
Rusiya elə bir ölkədir ki, o, tarixən sərhədlərindən 10 min kilometr uzaqda yerləşən dövlətlərdə də özünə işləyən partiyalar, mərkəzlər formalaşdırıb, liderlər yetişdirib. Məsələn, Kuba, Nikaraqua, Meksika, Çili dünyanın o başındadır, amma zamanında o ölkələrdə yüz minlərlə adam Moskvaya işləyirdi. Asiyada Əfqanıstan, Laos, Vyetnam və Kambocanın siyasi elitası tamamən Moskvapərəstlərdən ibarət idi. Afrika ölkələri onun kimi. 35 il öncə Şərqi Avropa kommunist rejimləri tərəfindən idarə olunurdu və həmin ölkələrdə 1-ci, 2-ci dərəcəli rəhbər kadrlar Moskvadan təyin edilirdi.
SSRİ DTK-sının həmin ölkələrdə cızığından çıxan liderləri cəzalandırmaq imkanı vardı. Məsələn, Macarıstanda İmre Nadı, Çexoslavakiyada Aleksandr Dubçeki, Rudolf Slanskini məhz Moskva mühakimə edib cəzalandırmışdı. Moskva öz sərəncamında olanları təkcə cəzalandırmırdı, həm də mükafatlandırırdı. Sosialist düşərgəsinə mənsub ölkələrin liderlərinin hamısı (macar Yanoş Kadardan tutmuş ta monqol Yumjagiyn Sedenbala qədər) SSRİ-nin ali orden və medallarının daşıyıcısı idilər.
Rusiya son 10 ildə bir xeyli azərbaycanlı dövlət xadimlərini də mükafatlandırıb. Bunların heç biri səbəbsiz deyil. Mükafatdan çox diqqət demək olan bu təltiflərlə Moskva çalışırdı ki, qonşu dövlətlərdə ona rəğbət bəsləyən kadrlar çox olsun.
Hazırda ölkəmizdə kampaniya şəklini almış anti-Rusiya ritorikası əsasən AZAL-ın təyyarəsinin vurulması ilə bağlıdır. Amma başqa səbəblər də olmamış deyil.
11 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ