İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml-Bakı münasibətlərində sirli yumşalma - İLGİNC DETALLAR

Məlum olduğu kimi, ötən gün Rusiya prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Kreml və Prezident Administrasiyasının yaydığı rəsmi məlumatda qeyd olunur ki, liderlər bu telefon danışığını oktyabrın 9-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində baş tutan görüşün məntiqi davamı kimi keçiriblər.

Müzakirələr zamanı iki ölkə arasında ikitərəfli gündəliyin aktual məsələləri diqqət mərkəzində olub. Dövlət başçıları iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat-logistika sahələrində yeni birgə layihələrin icrası ilə bağlı qarşılıqlı maraqlarını bir daha təsdiqləyiblər.

pppppp.jpg (177 KB)

Eyni zamanda, telefon söhbətində regional əməkdaşlığın müxtəlif aspektlərinə və beynəlxalq vəziyyətə də toxunulub. Liderlər müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

Bəs Putin niyə məhz indi İlham Əliyevə zəng etdi? Kreml-Bakı xəttində yeni mərhələ başlayır?

Düşənbədəki görüşdən cəmi iki həftə sonra baş tutan bu telefon danışığı Moskva-Bakı münasibətlərində yeni dinamikanın formalaşdığını göstərə bilər. Analitiklərin fikrincə, Rusiya regiondakı geosiyasi balansın dəyişdiyi, Qərb təsirinin artdığı və Cənubi Qafqazda enerji-nəqliyyat xətlərinin yenidən formalaşdığı bir zamanda Azərbaycanla əlaqələri daha da möhkəmləndirmək niyyətindədir.

Kreml üçün Bakı həm strateji enerji tərəfdaşı, həm də regionda sabitlik faktorudur. Azərbaycan isə öz növbəsində, balanslı və çoxvektorlu xarici siyasətini qorumaqla Rusiya ilə münasibətləri praqmatik çərçivədə saxlamağa çalışır.

Bu zəng həm də MDB sammitindən sonra Rusiya-Azərbaycan əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunun siqnalı kimi dəyərləndirilir. Analitiklərin fikrincə, ola bilsin ki, yaxın günlərdə bu dialoqun konkret nəticələri, yeni razılaşmalar və ya yüksək səviyyəli səfərlər ictimaiyyətə açıqlansın.

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb.

elxan.jpg (68 KB)

Politoloq qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin bu cür telefon zəngləri ilə prosesləri daim nəzarətdə saxlamağa çalışır:

"Məsələn, bu günlərdə o, Donald Trampa da zəng etmişdi. Məqsədi də guya Macarıstanda görüş təşkil edib fikir mübadiləsi aparmaq idi. Görüş baş tutmasa da, Putin öz məqsədinə nail oldu - nəticədə Trampın Zelenski ilə növbəti görüşündə "Tomahavk" raketlərinin Ukraynaya verilməsi təxirə salındı.

İlham Əliyevlə Putin arasında da bundan əvvəl Düşənbədə görüş olmuşdu. Həmin görüşdə Rusiya lideri vurulan təyyarə məsələsinə görə yumşaq şəkildə üzrxahlıq etmiş, kompensasiya ödəniləcəyini bildirmişdi. Əslində, Azərbaycanla münasibətlərin normallaşması Rusiyanın maraqlarına tam cavab verir. İndi isə Putin bu normallaşmanı daha da möhkəmləndirmək üçün Prezident İlham Əliyevə zəng edib.

Elə bu ərəfədə daha əvvəl həbs olunan "Sputnik Azərbaycan" agentliyinin rəhbəri azadlığa çıxdı, rəhbərlikdən biri ev dustaqlığına buraxıldı, daha sonra isə o da tam sərbəstliyə qovuşdu. Bu hadisə də Moskva-Bakı münasibətlərində gərginliyin azaldılması fonunda baş verir.

Ümumiyyətlə, münasibətlərin normallaşması Azərbaycanın da maraqlarına cavab verir. Lakin bir tərəfdən, Putin bu cür zənglərlə dialoqu yumşaltmağa çalışsa da, Rusiyada azərbaycanlıların sıxışdırılması barədə xəbərlər yenə də gəlməkdədir. Bu prosesə hələ son qoyulmayıb.

Əgər Putin doğrudan da bu zənglər vasitəsilə münasibətlərin tam normallaşmasını istəyirsə, o zaman özü də müvafiq və real addımlar atmalıdır".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR