İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvadakı “üçlü” görüşdən gözləntimiz - ən yaxşı sülh layihəsi Putindən gələcək, yoxsa...

Elçin Mirzəbəyli: “Brüssel prosesi ya Fransanın iştirakı olmadan həyata keçirilməli, ya da bütövlükdə tarixin arxivinə göndərilməlidir”

Rusiya prezidenti Vladimir Putin ötən həftə Astanada keçirilən MDB Dövlət Başçıları Şurasının növbəti sammiti çərçivəsində Azərbaycan və Ermənistan rəhbərlərinə Moskvada üçlü görüş keçirməyi təklif edib. Sirr deyil ki, son zamanlar Avropa Birliyi, ABŞ sülh danışıqlarında daha fəal və təşəbbüskar görünür. Sonuncu Praqa görüşləri və qəbul edilən bəyanat bu xüsusda Brüssel prosesinə növbəti təkan sayılır. Hətta ilin sonunadək Bakı və İrəvana sülh müqaviləsini imzalamaq üçün çağırışlar edilib. Bundan ötrü konkret sülh sənədi variantının irəli sürüldüyü də deyilir. Orada Qarabağ erməniləri üçün hər hansı status nəzərdə tutulmur.

Baş verənlər fonunda Rusiya bir qədər kölgədə qalmış kimi, hətta passiv görünür. Hərçənd rəsmi Moskva bu yanaşmanı qəbul etmir və üstəlik, Azərbaycan-Ermənistan anlaşmasının əldə olunması yönündə Qərbin səylərini səmimi saymır. Moskva bir az da prosesə qısqanc yanaşır. Lakin danılmaz faktdır ki, Avropa son vaxtlar Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan üçün əsas müzakirə məkanına çevrilib. ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel keçirdiyi brifinqdə deyib ki, əgər hər hansı ölkə Ermənistan və Azərbaycanla bağlı məsələdə bizimlə işləmək istəyirsə, biz bunu ancaq alqışlayırıq.  “Hansısa ölkə Ermənistan və Azərbaycanla bağlı məsələdə bizimlə işləmək və bu problemin sülh yolu ilə həllinə kömək etmək istəyirsə, biz bunu yalnız alqışlayırıq. Amma biz Rusiyanın bu istiqamətdə hər hansı xoş məramını görməmişik”, - Vedant Patel bildirib.

Beləcə, ABŞ Rusiyanı Bakı-İrəvan barışığı üçün heç bir iş görməməkdə suçlayıb. Əslində bu, gerçəyə yaxın bir mövqedir. Hətta gör dünyanın harasıdır ki, o gün Fransa prezidenti Makron da Rusiyanı Azərbaycan-Ermənistan arasında təxribat törətməkdə ittiham edib.

Yeri gəlmişkən, Astanadakı çıxışı zamanı Prezident İlham Əliyev 10 noyabr üçtərəfli bəyanatının iki mühüm bəndinin hələ də reallaşmamış qalmasını xüsusi vurğuladı. Söhbət Ermənistan silahlı qüvvələrinin birləşmələrinin hələ də Azərbaycan ərazisindən çıxarılmaması və Zəngəzur dəhlizinin açılmamasından gedir. İlham Əliyev onu da dedi ki, biz hələlik səbr edirik, lakin səbrimiz sonsuz da deyil.

Bu irad təbii ki, sənəddə imzası duran və sammitdə Azərbaycan Prezidenti ilə eyni masa arxasında əyləşmiş Nikol Paşinyanla yanaşı, həm də Vladimir Putinə ünvanlı idi. Eyni zamanda tələsmək üçün onlara edilən bəlkə də son xəbərdarlıq idi.

Bu mənada Moskvada (güman ki, 44 günlük müharibənin 2-ci ildönümü üçün) keçiriləcək budəfəki Əliyev-Putin-Paşinyan üçtərəfli görüşündən daha konkret nəticə gözləmək olarmı?

Onu da yada salaq ki, mətbuata Rusiyanın  da öz sülh müqaviləsi variantı olması haqda məlumatlar sızıb. Onu Prezident Putinin xüsusi nümayəndəsi, keçmiş həmsədr İqor Xovayevin Bakı və İrəvan səfərləri zamanı tərəflərə təqdim elədiyi bildirilir. Lakin həmin variantda uzaq perspektiv üçün status məsələsinin yer aldığı, bu səbəbə Bakının onu rədd elədiyi iddia edilir. İndi əsas sual da budur: tərəflərə ən optimal sülh müqaviləsi layihəsini kim təklif edəcək: Moskva, yoxsa Brüssel və Vaşinqton? Və ən tez kim bunu edəcək? Rusiyada gözlənilən üçlü görüşlə Moskva təzədən təşəbbüsü ələ alıb önə çıxa bilərmi? Əslində regionda yeganə legitim hərbi qüvvəsi olan və əlində vacib xəritələr olan Rusiya və Putin istəsə, məsələ çox qısa zamanda, hətta ilin sonu gəlməmiş də bitər, sərhədlərin delimitasiyası isə sürətlənər. Putin tələsəcəkmi və bunu edərmi?

Elçin Mirzəbəyli: Öz gücümüzə, potensialımıza, mütəxəssislərimizin  peşəkarlığına inamımız “Qarabağ” yatağına qayıdışımızı təmin etdi - AZƏRTAC

Elçin Mirzəbəyli

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, 44 günlük Vətən müharibəsindən ötən zaman ərzində regional və qlobal müstəvidə cərəyan edən proseslər sübuta yetirdi ki, bu və ya digər məsələnin həllində gələcək üçün saxlanılan boşluqlar nə qədər çox olarsa, bu, bir o qədər də kənar müdaxilələrə yol aça bilər: “İndiki halda Rusiyanın vasitəçiliyi ilə aparılan prosesin tez bir zamanda başa çatdırılması və sülh müqaviləsində "gələcəyə saxlanılan" hər hansı bir boşluğun buraxılmaması, uzaq perspektiv üçün həm də Moskvanın maraqlarına uyğundur. Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərindəki erməni əhali ilə bağlı müəyyən zaman kəsiyi üçün təhlükəsizlik və digər mexanizmlərin hazırlanması və tətbiqi mümkündür və bunun üçün prosesdə Ermənistanın iştirakına ehtiyac yoxdur. Digər tərəfdən, Fransanın və onun uğursuz prezidenti Makronun davranışları Brüssel formatının davam etdirilməsini şübhə altına alıb. Emmanuel Makron özünün absurd iddiaları və davranışları ilə Avropa İttifaqının da mövqeyinə və maraqlarına da zərbə vurub. Bu baxımdan, Brüssel prosesi ya Fransanın iştirakı olmadan həyata keçirilməli, ya da bütövlükdə tarixin arxivinə göndərilməlidir. Düşünürəm ki, Brüssel prosesinin Fransanın iştirakı olmadan davam etdirilməsi rəsmi Parisin Avropa İttifaqına sahiblik etmək iddialarının qarşısının alınması baxımından da mühüm əhəmiyyət kəsb edir. Belə vəziyyətdə isə Rusiya və onun irəli sürdüyü variant önə çıxır. Putinin sülh sazişinin yaxın zamanda imzalanması üçün qəti addım atıb-atmayacağını isə dəqiq söyləmək mümkün deyil".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR