Onlayn ictimai-siyasi qəzet
“İstefamla bağlı xəbəri sizin saytınızdan oxudum. Digər sayta verdiyim açıqlamada mənə aid olan sözlər də var, aid olmayanlar da. Mənə aid olan odur ki, doğrudan da kiminsə arzusu, istəyi var, amma ondan mənim xəbərim yoxdur. Kimsə nəsə arzulayır, nəsə deyir. Bu, hər kəsin öz işidir”.
Bunu Musavat.com-a istefa xəbərini şərh edən Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib.
O bildirib ki, sentyabrın 15-də KXCP-nin Ali Məclisinin sessiyası olacaq:
“Həmin sessiyada durumun dəyərləndirilməsi olacaq. Ötən sessiyadan bu sessiyaya qədər görülən işlər, digər məsələlər və perspektivlər müzakirə olunacaq. Seçkinin nəticələri, seçkidə iştirakımızla bağlı verilən qərar da qiymətləndiriləcək. Sessiya istənilən məsələni müzakirə edə bilər.
Həmkarınız mənə istefa verən, istefa xəbəri yayılan partiya rəhbərlərini nümunə gətirib, mən isə demişəm ki, başqa partiyanın, başqa şəxslərin işlərinə qoşulmuram. Hər kəs sərbəstdir. Mənim onlara qoşulmağa haqqım yoxdur. Mən başqa partiyalarla maraqlanmıram. Hesab edirəm ki, bu, mənim tərəfimdən doğru olmazdı. Elə partiya var ki, mütləq qurultay keçirməlidir, elə partiya var ki, qurultaysız özünü buraxmalıdır. Bu, bizim işimiz deyil. Ən azından bunu öz işim hesab etmirəm”.
“Sizdən sonra partiyaya kimin rəhbərlik etməyini istərdiniz?” sualına isə Mirmahmud Mirəlioğlu belə cavab verib:
“N qədər adam var. Ad çəkə bilmərəm”.
M. Mirəlioğlu qeyd edib ki, onun partiyadan getmək fikri yoxdur:
“Heç vaxt da olmayıb. Nəyin necə olmasından asılı olmayaraq siyasi fəaliyyətimi davam etdirəcəm”.
Aytən Novruz
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ