Onlayn ictimai-siyasi qəzet
"Ermənistan torpaqlarımızı işğal etdiyi dövrdə ərazilərimizdə milyonlarla mina basdırıb. 44 günlük Vətən müharibəsində ərazilərimiz işğaldan azad ediləndən sonra minalanmış ərazilərin xəritələrinin verilməsi ilə bağlı Ermənistana dəfələrlə çağırışlar olunub. Amma Ermənistan əvvəl xəritələrin olmadığını bildirsə də, sonradan qeyri-dəqiq xəritələr təqdim edib".
Bu fikirləri Musavat.com-a millət vəkili Azər Badamov bildirib. Millət vəkili xatırladıb ki, təqdim edilən xəritələr reallığa uyğun gəlmir və dəqiqlik cəmi 25%-ə qədər olub: "Bu da ərazilərin minalardan təmizlənmə işini çətinləşdirir və əlavə canların alınması ilə nəticələnir. Minalar hərbi məqsədlər üçün nəzərdə tutulsa da, Ermənistan bu silahı mülki insanlara qarşı yönəldib. Minaların mülki insanlara qarşı yönəldilməsi hərbi cinayətdir və beynəlxalq konvensiyalara ziddir. Ermənistan Vətən müharibəsindən sonra da bu cinayət əməllərinə davam edib. Belə ki, Laçın yolu nəzarətsiz olan müddətdə qeyri-qanuni silahlılar ərazilərimizə 2021-ci ildə istehsal olunmuş yeni minaları Ermənistandan gətirərək basdırmışdır. Təbii ki, bu da yenidənqurma və bərpa işlərimizi daha da çətinləşdirmiş, mülki insanlara qarşı yeni təhlükə mənbəyinə çevrilmişdir. Beləliklə müharibə başa çatandan sonra 314 nəfərdən çox insan minaların partlaması nəticəsində həlak olmuş və xəsarət almışdır. Ona görə də Azərbaycan 23 apreldə Laçın yolunda sərhəd keçid məntəqəsini qurmağına məcbur oldu".
A.Badamov separatçıların Qarabağda ərazilərin və obyektlərin minalanması prosesini son günə qədər davam etdirdiyinə diqqət çəkib: "Antiteror tədbirləri sayəsində separatçılardan azad olunmuş mülki obyektlərdə kustar üsullarla hazırlanmış çoxlu minalar aşkar olunub. Separatçılar inzibati binaları və yaşayış yerlərini minalamaqla azərbaycanlılara qarşı bacardıqları qədər terror işlətməyə çalışıb.
Artıq ərazilərimizdə separatçılığın mövcudluğuna son qoyuldu. İndi mülki obyektlərin minalardan təmizlənməsi ilə bağlı yeni bir çətin proseslə yenə qarşılamalı olmuşuq. Ermənistan özünün cinayət əməllərindən əl çəkərək minalanmış yerlərin dəqiq xəritələrini Azərbaycana təhvil verməlidir. Əgər biz sülhdən danışırıqsa, hərəkətlərimiz də sülh prinsipinə uyğunlaşmalıdır. Amma Ermənistanın cinayət əməllərini davam etdirməsi bu toplumun sülh prosesindən uzaq olduğunu bir daha sübut edir".
Nigar,
Musavat.com
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ