İnsanlara hürriyət, millətlərə istiqlal!

MİDA-nın güzəştli mənzil seçimindən narazı qalan jurnalist: "Sübut edə bilmirsən ki..."

"Bu il ilk dəfə olaraq jurnalistlər də MİDA-nın sərəncamında olan mənzilləri güzəştli şərtlərlə əldə edə bilmək hüququna malik oldular. Təbii ki, sevindim və ilk dəfə müraciət etməyə qərar verdim".

Bunu Musavat.com-a Azvision.az saytının redaktoru Tural Tağıyev bildirib.

O vurğulayıb ki, jurnalistlər üçün maaş ilə ev qurmaq çətin məsələdir, amma MİDA vasitəsilə mənzillərin güzəştli şərtlərlə əldə edilməsi şansı olduğu üçün bir çox media nümayəndəsi bu imkandan yararlamağa çalışıb:

WhatsApp Image 2023-08-01 at 16.05.29.jpeg (63 KB)

"Aylıq az miqdarda ödəmə, nağd alışda güzəştlər və s. nəzərə alaraq bu fürsətdən yararlanmaq istədim. Uzun illərdir mənzilə ehtiyacım olduğu üçün MİDA-nın builki seçimini şans kimi dəyərləndirib təcili tələb olunan sənədləri yığmağa başladım. Subaylıq haqqında arayış, Media Reyestrinə daxil olmaq, əmək kitabçasının təsdiq olunması, ASAN nömrənin əldə edilməsi və digər məsələləri bir həftə ərzində həll edə bildim. Kənardan asan görünən bu proses bəzən xeyli vaxt alır... Yeri gəlmişkən, mən 17 ildən çox stajı olan jurnalist olduğum üçün belə bir hüquqa malik oldum. Yəni, bu tələbin özü belə bəlkə də bir çox jurnalist üçün çətinlik yarada bilərdi. Bu arada, Media Agentliyi də əlindən gələn yardımı etdi. Məsələn, qısa zamanda reyestrə düşmək üçün yardımçı oldular. Nəticədə əldə etdiyim bütün sənədləri MİDA-ya təqdim etdikdən sonra hər şeyin qaydasında olması ilə bağlı cavab gəldi. Şəxsi kabinetimə 29 iyulda keçirilmiş məlum onlayn seçimlə bağlı sınaq və ya demo versiya gəldi. Bir neçə gün müəyyən saatlarda elektron kabinetə girib cəmi bir dəfə məşq etmək imkanı verilirdi. Elə olurdu ki, demo versiyada 14 saniyə, bəzən isə 30, 40 saniyəyə seçimlər edirdim. Bəzən 40 saniyəlik nəticələrim ona görə olurdu ki, texniki imkanları da yoxlayırdım. Məsələn fərqli kompüter və avadanlıqlardan istifadə edirdim, yəni ciddi hazırlaşdım. Seçim məşqimin nəticəsi əsasən 14 və 20 saniyə arasında dəyişirdi. Bu demo versiyada məşq sadəcə əl təcili seçimə öyrəşsin deyə lazım idi. 29-u, yəni mənzil seçən vaxtda interfeysdə dəyişiklik olacağını və ya ekrana hansısa təhlükəsizlik kodlarının gələcəyini də bilirdik. Təbii ki, bu da 4-5 saniyə vaxtımızı alacaqdı. Elə də oldu. Seçim anında isə bəzi texniki problemlər yarandı, ləngimələr və ya qısa zamanda olsa da donmalar oldu. Nəticədə təxminən 15-20 saniyə aralığında əsas məsələyə keçib mənzil seçimini etmək istəsək də artıq bütün mənzillərin seçildiyi göstərildi. Problem sistemin özündə idi. Çünki sürətli fiber-optik interneti olan bir ofisdə və çox güclü bir kompüterlə seçim edirdim. 100 Mbps interneti olan bir məkanda idim. Yəni həmin an internet probleminin olması qeyri-mümkün idi. Fors-major hallar, kompüterimdən asılı olmayan donmalar və s. təbii ki, məni məyus etdi. Ətrafımda olan həmkarlarımdan da kiminsə müraciət etdiyini görmədim. Yaxud da hansısa jurnalistin güzəştli mənzil qazanmasını eşitmədim. Amma həqiqətən də ümidli idim".

T.Tağıyev hesab edir ki, şərtlər ağırdır:

"Mənim əlimdə 2006-cı ildən işlədiyim media orqanlarının adları, möhürləri olan kitabça vardı deyə bu yarışmaya qatılma şansı qazana bildim. Bəs əgər digər həmkarlarımız bunu sübut edə bilməsələr necə olacaq? Şərtlər biraz yumşaldıla bilərdi. Məncə bu sosial layihədə əsas problem onlayn satış sisteminin tətbiqidir. Başa düşürəm ki, insan amilinin minimuma endirilməsi üçün bu üsula əl atılıb. Amma bir neçə il öncə kənar müdaxilələrlə onlayn satış sisteminin çökməsinin, DTX-nın prosesə müdaxilə etməsinin və s. problemlərin şahidi olduq. İndi də belə... Sübut da edə bilmirsən ki, sistem əsas məsələyə, seçimə çatanda qısa zamanda dondu. Ola bilər real şəkildə kimlərsə ev seçib evsizliyə son qoya bildi. Amma inanın ki, sistemin zəif işləməsi ucbatından xeyli narazı qalan da oldu. Bunu sübut edən onlarla video çəkiliş də var ki, sosial şəbəkələrdə araşdırıb tapa bilərsiniz. Hərçənd bundan sonra onlayn satışdan imtina olunsa, nə faydası olacaq? Həqiqətən mənzilə daha çox ehtiyacı olanlar İT bacarıqlarının olmaması ucbatından belə kənarda qalırlar. Məsələn lotoreya üsulu ilə keçirmək olmazdımı? Təbii ki, bundan sonra təklif və dəyişikliklərin olması mənasızdır. Bu sosial layihədir və insanları İT bacarıqları ilə, sistemdəki anlaşılmaz donmalarla üz-üzə qoymaq düzgün deyil. Yeri gəlmişkən, daha çox problem və narazılıq Yasamal layihəsinin seçimində yaşandı. Nə Gəncə, nə də Hövsanla bağı çox sayda narazılıq görmədim. Narazı qalanların da çoxu qeyd etdiyim donmalar, və donmalardan sonra evlərin seçilməsi problemləri ilə üzləşdiyini deyir, seçim anında çəkdiyi videonu paylaşır".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR