Onlayn ictimai-siyasi qəzet
Qarabağ Universitetinin tələbələri yataqxanada “Olmuşam məsti-xumar, yenə gözlərim axır” mahnısını oxuyublar, hadisənin videosu uca millətimizin bəzi hissəsində qəzəb doğurmuşdur. Onlar deyir ki, Qarabağda düşük, şit, bambılı mahnılar yox, vətənsevər nəğmələr oxumalıyıq, şəhidlərin adına layiq olmalıyıq.
Qınayıcılar haqlıdırmı? Əlbəttə. Hələ uzun müddət Qarabağda atılan hər hansı addımımız yüz dəfə ölçülüb-biçilməyə məhkumdur. Orada həyatını qurban vermiş minlərlə gəncə, həmin gənclərin gözüyaşlı valideynlərinə görə. Əlbəttə, torpağın üzü soyuqdur, bir müddət sonra Qarabağ da başqa ərazilərimizlə eyni statusa düşəcək. Bəyəm Bakıda az şəhid vermişik? 1918-20-ci illərdə, həmçinin 1990-cı ildə, müstəqillik mübarizəsinin ilk vaxtları... Ancaq indi Bakıda hansı gic mahnıya istəsən oynayırlar, camaatın da vecinə deyil. Qarabağın da belə zamanı gələcək. Lakin hələ gəlməyibsə, yara istidirsə, özümüzü o tərəflərdə bir az səliqəli aparmağa borcluyuq.
Bizim bir yaxın qohum vardı, 1990-larda Füzuli işğal ediləndən sonra Biləsuvarda çadır şəhərciyində yaşadı. Onun doğulduğu, yaşadığı kənd işğal altında olsa da, yaxındakı, adı Zərif olan bulaq bizim nəzarətimizdə qalmışdı. Və o tərəfə kimin yolu düşsə, qohum ondan mütləq su istəyirdi. Deyirdi hər hansı qabda mənə Zərif bulağının suyundan gətirin.
Belə baxanda, Azərbaycanın hər yerində cürbəcür bulaqlar var. Bəs niyə qohum o bulağın suyunu arzulayırdı? Nəsə xüsusi dadı, tamı, fövqəladə özəlliyi vardımı? Onun üçün var idi. Mən, etiraf edirəm, bu hikməti çox da qanmırdım, ta yaxın günlərəcən. Keçən həftə bir ərzaq dükanına girmişdim, orada Kəlbəcər İstisu mineral bulağının butulkada suyunu gördü. Alıb içdim. Bir az kükürd tamı verən, prinsipcə adi mineral sudur. Lakin düşündüm: “Bu suyun bircə damcısını içmək həsrətiylə ölən nə qədər adam olub?!” Ondan sonra su boğazımdan keçmədi.
Elə bizim qohum da 2011-ci ildə öldü, qəbri... Zərif bulağının yaxınlığındadır.
Eyni zamanda gənclər istədikləri mahnını oxuyub-oynamaq haqqına malikdirmi? Yenə, əlbəttə! Məsti-xumar olmaq hər gəncin, türkün sözü, doğal haqqıdır. Burada, Molla Nəsrəddin demişkən, hamı haqlıdır. 1989-cu ildə Narxozun oğlan yataqxanasında qaldığımız günləri xatırladım. Otağımızın divarları o zaman gözəllik yarışmasında qalib gəlmiş türk qızı Məltəm Hakkarardan tutmuş, model Sindi Krouforda qədər hər cür qızların fotolarıyla bəzənmişdi. Bir gün dekanımız yataqxanaya gəldi, otaqları gəzirdi, bizim otağa girəndə başını təəssüflə yellədi və dedi: “Məncə, siz divara Leninin, Nərimanovun şəkillərini vurmalısınız”.
Ancaq tək vətənpərvərlik və mahnı seçimi məsələləri deyil, Azərbaycanda, ümumiyyətlə, seçim azadlığı yoxdur. Hamı başqasının işinə qarışır. Hər kəs hesab edir ki, başqalarına necə yaşamağı öyrədə bilər.
Biri deyir hamı kitab oxumalıdır, oxumayan axmaqdır. Başqası iddia edir ki, kitab oxumaq mənasızdır, pul qazanmalıyıq, kasıblıq sarsaqlıqdır. Şeir yazan nasiri, aktyor tamadalıq edəni, şalvarlı şortiklini, dindar ateisti, sünni şiəni, evlənən subayı, boşanan evlini, gəlin qaynananı, oğul atanı... bəyənmir. Mızın biri bir qəpikdir. Nə olub? Niyə rahat yaşaya bilmirsiniz? Hərə öz istədiyi kimi yaşasa nə olar? Vallah, çox yaxşı olar. Zəhmət olmasa, heç kim ayrısının seçiminə, zövqünə burnunu soxmasın. Mənə mane olmursa, nəyimə lazımdır kim meyxana dinləyir, ya Platonu oxuyur?
Hələ yemək-içmək işlərindəki radikal qarınqulularımız... Dəhşətdir. Bu yaxında bir nəfər qırğına çıxmışdı, deyir yumurta-pomidor çığırtmasına bibər vuranları öldürmək lazımdır. Qərdeşim, sənə nə bundan? Adamların kefi istəyər, lap badımcan da vurar.
Əslində o siçanın məşhur cizgi filmindəki kimi (“Ratatuy”) mətbəxdə yaradıcılıq azadlığı olmalıdır. Həm də mətbəxdə.
Azad yaşamağa məcburuq. Bu, yeganə sferadır ki, orada məcburiyyət var, seçim yoxdur: keçən əsrin ortalarında bəşəriyyət qanun qəbul edib, daha insanlar özü istəsə belə qul o-la bil-məz!
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ