Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan daha 24 nəfərin nəşi ötən gün ölkəyə gətirilib.
Musavat.com-un əməkdaşı sərnişinlərin sağ qalması uğrunda canını fəda edənlərdən biri, pilot İqor Kşnyakinin evində olub, yaxınları ilə söhbət edib.
Qeyd edək ki, pilotun evinin önündə əklillər, gül dəstələri qoyulub, şamlar yandırılıb. Binanın girəcəyindən yaşadığı mənzilə - beşinci mərtəbəyədək qərənfillər düzülüb. Evinin önündə yaxınları, qonşuları, qohumları ilə bərabər şəhərin ayrı-ayrı yerlərindən qəhrəman pilotla vidalaşmaq üçün gələnlər də az deyil.
Kimisi binanın önünə gül qoyur, şam yandırır, kimisə də şəklini qucaqlayıb xatirə fotosu çəkdirir.
İqor Kşnyakinin qapı qonşusu Musavat.com-a açıqlamasında pilotun ölümündən sarsıldığını deyib:"35 il idi ki, biz onunla qonşu idik. Övladlarımın hamısının toyunda iştirak edib. Bütün qonşuların xeyir-şərində olub. Onun yeri çox görünəcək. Allah rəhmət etsin".
Digər qonşuları da bizimlə söhbətdə qeyd etdilər ki, o, 44 il pilot kimi çalışıb, Birinci Qarabağ savaşında da pilot kimi iştirak edib.
Qeyd edək ki, İqor İvanoviç Kşnyakin, 19 may 1962-ci ildə Bakıda anadan olub. 1982-ci ildə Sasovo Mülki Aviasiya Uçuş Məktəbində pilot ixtisası üzrə təhsil almış və həmin ildən Yevlax Birləşmiş Aviasiya Dəstəsində An-2 təyyarəsinin ikinci pilotu kimi işə başlayıb.
Daha sonra Zabrat Birləşmiş Aviasiya Dəstəsində və Azərbaycan Mülki Aviasiya İdarəsində müxtəlif vəzifələrdə çalışıb. 1997-ci ildə "Azal" Milli Aviasiya Şirkətində Yak-40 təyyarəsinin kapitanı vəzifəsinə təyin edilib. Karyerası boyunca An-2, Yak-40, Tu-134, ATR-42/72 və Embraer-170/190 kimi təyyarələri idarə edib. Ümumilikdə, 15,159 uçuş saatı təcrübəsinə malik idi.
İqor Kşnyakinin qızları Azərbaycan Gimnastika Federasiyasının "Gimnastika hamı üçün" növü üzrə təmsilçiləri, millimizin üzvləri Anastasiya və Darya Kşnyakina atalarının qəhrəmanlığı ilə fəxr etdiklərini bildiriblər.
Afaq Mirayiq
Foto-video müəllifindir
01 Yanvar 2025
31 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ