İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mən ona özüm qədər inanıram...”

Son 19 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi strategiyanın prioriteti Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkəmizin pozulmuş ərazi bütövlüyünün bərpası olub. Bu illər ərzində atılan hər bir addım Azərbaycanı işğal altında olan ərazilərimizin azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – ərazi bütövlüyümüzün bərpası, doğma dədə-baba yurdlarından didərgin salınmış soydaşlarımızın isti ocaqlarına qaytarılması, işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci il sentyabrın 27- də başlanan Vətən müharibəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və rəşadətli Ordumuzun gücü nəticəsində tarixi Qələbə ilə başa çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və Qalib xalq kimi tanıtdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Komitə sədri deyib ki, Azərbaycanın bu gün dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulduğunu görəndə hər bir soydaşımız kimi mən də qürur hissi keçirirəm. Hüquq müdafiəçisi deyib ki, ölkəmizin qazandığı bu uğurları gördükcə ulu öndər Heydər Əliyevin 2003-cü il oktyabrın 1- də prezident seçkiləri ərəfəsində xalqa müraciətini xatırlayır: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Həmin dövrü çox yaxşı xatırladığını deyən Ç.Qənizadə bildirib ki, 2003-cü il oktyabrın 15- də keçirilmiş prezident seçkilərində xalq öz səsini tarixi şəxsiyyət Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdi. Həmin tarixdə keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu prezidentliyə namizəd İlham Əliyevə səs vermişdi. Beləliklə, xalq İlham Əliyevi Prezident seçməklə, ilk növbədə, Heydər Əliyevin siyasi kursuna inamını nümayiş etdirdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız ümummilli liderə inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğunun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.

Prezident İlham Əliyev ölkəyə rəhbərliyə başladığı ilk gündən torpaqlarımızın işğaldan azad edilməsini prioritet vəzifə kimi qarşıya qoydu. Dövlətimizin bacısı bunu Prezident kimi andiçmə mərasimindəki nitqində də bildirdi. Prezident İlham Əliyev qətiyyətlə deyirdi ki, biz hamımız birləşərək və bir nöqtəyə vuraraq, Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik. Ordu quruculuğunun prioritet vəzifə olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev Azərbaycanda bu istiqamətdə böyük işlər görüldüyünü, bundan sonra da bu prosesin davam etdiriləcəyini bildirmişdi. Bu məsələnin daim diqqət mərkəzində olacağını deyən dövlətimizin başçısı qətiyyətlə bildirirdi ki, Azərbaycanın çox güclü ordusu olmalıdır. Bu ordu qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır.

Hüquq müdafiəçisi Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqindən bəzi məqamları xatırladaraq deyib ki, dövlətimizin başçısı Ermənistan-Azərbaycan münaqişəsinin ölkəmiz üçün ən ağır problem olduğunu qeyd edirdi. Deyirdi ki, uzun illərdir biz atəşkəs rejimində yaşayırıq. Buna baxmayaraq, hələ də ümidlərimizi itirmirik. Prezident qəti mövqeyini açıq şəkildə bəyan etmişdi: “Bu məsələ öz həllini tapmalıdır. Bu problem yalnız bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir. Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir”.

Prezident İlham Əliyevin uzaqgörənliyi, polad iradəsi 2020-ci il noyabrın 10-da məntiqi nəticəsinə qovuşdu. Həmin gün Ermənistan təslim olduğunu rəsmən elan etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızın Ermənistan tərəfindən 30 illik işğalına son qoydu və Azərbaycan dünyada qalib ölkə kimi tanındı.

Komitə sədri bildirib ki, ümumiyyətlə, Prezident İlham Əliyev son 19 ildə bir-birindən uğurlu addımları ilə Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub. Respublikamız hazırda Cənubi Qafqazda lider, dünyada isə söz sahibinə çevrilib. Dövlətimizin başçısı bu illər ərzində ölkəmizə bir-birindən mühüm uğurlar qazandırıb. Prezident İlham Əliyevin təkmil və uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi uğurlara nail oldu, dünyadakı nüfuzunu daha da artırdı, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atıb.

“Qələbə müstəqillik tariximizin ən parlaq səhifəsidir”,- deyən Ç.Qənizadə vurğulayıb ki, şanlı Zəfər uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Səmərəli siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Xalqımızın xoşbəxtliyi ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR