Onlayn ictimai-siyasi qəzet
Dünən saytlar bir kriminal olayın təfərrüatları barədə məhkəmə reportajı dərc etmişdilər, oxuyanda yadıma son 50-60 ilin bənzər hadisələri düşdü.
Əvvəlcə qısa şəkildə məhkəmə reportajının, oxumuş adamlar demişkən, rezümesini yazım, sonra el dilində desək, mətləbə keçərəm.
Deməli, bir-iki il qabaq Mingəçevirdə babasıgilə Bakıdan qonaq gələn bir gənc məktəbin həyətində keçmiş sinif yoldaşı qızla rastlaşıb, oturub bir az ordan-burdan danışıblar. Qız sağollaşıb gedəndən sonra şərti adı “məhlə uşağı” olan başqa gənc ona yaxınlaşıb, “burda camaatın anası-bacısı var, sən də qızla oturub söhbət edirsən” deyə məhəllənin qeyrət keşikçisi roluna girib. Böyüyən mübahisənin axırında o, bir yumruq, iki təpik zərbəsi yeyərək xəsarət alıb. İşə hüquq-mühafizə orqanları qarışıb, nə qədər enerji, əsəb, vaxt və başqa şeylərin məsrəf olmasından sonra tərəfləri barışıblar.
İndi baxq, görək, bu məsələdə günah kimdədir? Belə götürmək olar ki, babasıgilə qonaq gəlmiş gənc sinif yoldaşı qızla məktəb həyətində söhbət edərkən düz eləməyib, çünki orada camaatın anası-bacısı var və onlar söhbət edən gəncləri görəndə, bu, onların tərbiyəsinə, əxlaqına pis təsir göstərir.
Bu, heç. Ona qalsa, qız da günah var, o niyə keçmiş sinif yoldaşı oğlanla məktəbin həyətindəki skamyada oturub. Mentalitetə zidd deyilmi?
Hələ ola bilər ki, o gənclər 11-də oxuyanda bir-birinə meylli olublar, arada nəsə bir elektriklənmə-filan da olub. Elə olubsa, demək, onlar rastlaşanda əllə görüşüblər. Bu da bir qəbahət. Yanaşı oturanda dirsəkləri təsadüfən bir-birinə toxunubsa... boooy, demək, “indi gənclərdə abır-həya qalmayıb” hadisəsi yaşanıb.
Buna görə, əlbəttə, küçənin qeyrətli oğlu qabağa durub yaşayış məntəqəsinin namusunu qorumalı, məhəllənin əxlaqına yönəlmiş təcavüzü dəf etməliydi. Bu, türkün sözü, onun görəvidir. Görünür, məhəllə uşağı bu niyyətlə hərəkətə keçib və fiziki qüvvəsini düzgün hesablamayıb, nəticədə yuxarıda bəhs olunan fiziki zərbələr paketini alıb, dincəlib.
Hərçənd dəli şeytan deyir ki, burada “məhəllə qeyrəti çəkmək” vaqiəsindən çox, “qarnıgötürməzlik” amili rol oynayıb. Məhlə uşağı Bakıdan gələn qonağın qonşu qızla söhbətini cinsi yetişkənlik dönəmi keçirən təkələr kimi qəbul edib. Təbiət haqqında çəkilən sənədli filmlərdən bəllidir: dağ keçiləri cinsi fəallıq dönəmində bir-biri ilə təkbətək döyüşə çıxır, kəllələşir, döyüşürlər. Axırda çəkisi artıq, buynuzu güclü olan təkə qalib gəlir və dişiyə sahib çıxır.
Belə şeylər insan cəmiyyətinə də xasdır. Bu və ya digər şəkildə kəllələşmə proseduru mütləq olur. İntəhası, bunun mədəni müstəvidə olan variantları da var, Mingəçevirdəki kimi məktəb həyətində olanı da. İkinci variant, bax, belə bitir: şillə-təpik, polis-məhkəmə. Axırda da barışıq olur və tərəflərdən biri bankdan kredit götürür.
Yox, ortada təkə presedenti olmayıbsa, lap pis. Adama deyərlər, sən məhlə qeyrəti çəkən çıxmısanmı. Görürsən, Bakıdan gələn oğlanın qolu da güclüdür, üstəlik, cibində bıçaq da var, dostların da prosesə qarışmaq istəmirlər, sənə nə düşüb.
İndi yadımdan çıxmamış vəd etdiyim hadisələri də yazım. 54 il əvvəl çəkilən “Bir cənub şəhərində” filmində bir epizod var: məhəllədə dava olacağını bilən Cahangir iş yoldaşı Rənanı atasının evinə gətirir ki, qız realiti bıçaqlaşmaya baxsın. Gördüklərindən şok yaşayan qız gedəndən sonra məhlə uşaqları yaxınlaşırlar ki, ala, Caangir, bu nə hərəkətdir, məhəlləyə qız gətirirsən, camaatın anası-bacısı var.
Bir dəfə tələbə vaxtı konsertdən sonra qrup qızlarıı kirayə qaldıqları ünvana apardıq. Gec idi, gecəydi, küçələr qaranlığıydı, dedik, qabaqlarına sarsaq gədələr çıxar. Evə çatmağa 100-150 metr qalmış qızlar dedi, bura qədər bəsdir, sağ olun. Sağollaşdıq, ayrıldıq. Geriyə qayıdanda arxadan səs gəldi: “Dayanın!” Dayandıq. Yaxınlaşdılar. Biri 20-30 metr kənarda dayandı, o biri çənəmizin dibinə qədər gəldi. Gördük ki, 15-16 yaşlı yeniyetmədir. Dedik, nə olub. Dedi, məhlləyə qız gətirmisiz. Dedik, onlar tələbə yoldaşımızdır, bu məhəllədə qalırlar, gətirib ötürdük. “Olmaz, bura məhlədir, bizim dölmədə belə şey omaz, camaatın anası-bajısı var”, - qeyrətli yeniyetmə xırdaladı. Dedik, ay uşaq, hanı o ana-bajı, küçədə göz-gözü görmür. Uşaq nə geri durur, nə də əl çəkirdi, arada qayıdıb dostuna deyirdi ki, səslə, o biri uşaqlar da gəlsin. O biri yeniyetmə ya ağıllı, ya da qeyrətsiz idi, yaxın gəlmirdi. Dostum arada yumruğunu düydü ki, gədəçənin qulağının dibinə birini qoysun. Qoymadım. Dedim, qaqa, indi nə olsun, nə edək. Uşaq gördü ki, dəstə toplanmayacaq, ara yerdə özü döyüləcək, “bir də belə şey olmasın” deyib qayıtdı dostunun yanına və başladı onu danlamağa.
Bu düşüncədə olan gənclər arada şapalaqlansa, yaxşıdır, yoxsa buranı Əfqanıstana döndərərlər, heç bir qadın küçəyə çıxa, heç kim başqa məhəllədəki simsarının evinə qonaq gedə bilməz. Çünki məhəllədə yad adamın görünməsi cayılların qeyrət-namus standartlarına zidd durumdur.
Amma Bakıdan qonaq getmiş qaqaş ən azı birinə başa salıb ki, küçə qeyrəti çəkmək orqanizm üçün zərərlidir. Hərçənd o da bir şeyi düz eləməyib, yumruğu tutuzdurmusan, bu da tirlənib yerə, ta təpikləməyə nə ehtiyac vardı.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ