İnsanlara hürriyət, millətlərə istiqlal!

“Laçın şəhərinin 2025-də MDB-nin mədəniyyət mərkəzi elan edilməsi tarixi hadisədir”

Prezident İlham Əliyevin oktyabrın 8-də Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı, keçirdiyi ikitərəfli və çoxtərəfli görüşlər ölkəmizin milli maraqlarının təminatı baxımdan çox faydalı oldu.

Dövlət Başçıları Şurasının iclasında etdiyi çıxış zamanı cənab Prezident MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına istinad edərək Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilməsini bildirdi və xüsusi olaraq vurğuladı ki, Laçın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olub, işğal zamanı tamamilə dağıdılıb, hazırda isə bərpa olunur və keçmiş məcburi köçkünlər doğma şəhərlərinə geri qayıdır (cənab Prezident bu sözləri deyəndə düz yanında oturan Paşinyanın ruhsal vəziyyətini təsəvvür etmək çətin deyildi).

Ermənistanın da daxil olduğu MDB-nin verdiyi bu qərarın çox böyük siyasi, mənəvi və hətta, deyərdim geosiyasi əhəmiyyəti var. Çünki Laçın sözünü, “Laçın dəhlizi”ni ermənilər və onların havadarları son 3 ildə çox istismar etdilər, ölkəmizə qarşı kampaniyaya çevirdilər. Artıq ermənilərin “sayəsində” Laçını dünyada tanıyanların sayı çoxdur. İndi dünya Azərbaycanın vüqarlı şəhəri olan Laçını həm də MDB-nın mədəniyyət mərkəzi kimi də tanıyacaq.

Heç şübhəsiz ki, bu, qərar Azərbaycanın tarixi Zəfərinin, Ermənistanın isə acı məğlubiyyətinin bir daha təsdiqi və MDB səviyyəsində etirafıdır.
Bu, həm də o deməkdir ki, 2025-ci ildə MDB çərçivəsində, o cümlədən ayrı-ayrı üzv ölkələrdə Laçın şəhərinə həsr olunan müxtəlif mədəni tədbirlər keçiriləcəkdir. Yəqin ki, Ermənistan bu tədbirlərin birbaşa iştirakçısı olmayacaq, lakin MDB-nin üzvü kimi rəsmən bu tarixi şölənlərin təşkilatçılarından biri statusunu daşımalı olacaq.
Bir sözlə, qəbul olan qərar tarixi qərardır və Azərbaycanın diplomatik qələbəsidir.
Təbriklər!

Azay Quliyev, millət vəkili

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR