İnsanlara hürriyət, millətlərə istiqlal!

KXDR: "Raket sınaqları ABŞ təhdidlərinə qarşı özünümüdafiə xarakteri daşıyır"

Koreya Xalq Demokratik Respublikası (KXDR) son ballistik raket sınaqlarının ABŞ-ın təhdidlərinə qarşı özünümüdafiə xarakteri daşıdığını bəyan edib.

AZƏRTAC “Yonhap” agentliyinə istinadla xəbər verir ki, bu barədə KXDR-in Milli Aviasiya Administrasiyası açıqlama yayıb. Qurum raket sınaqlarının plan üzrə mütəmadi aparıldığını, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldiyini bildirib.

KXDR-in Milli Aviasiya Administrasiyasının açıqlaması BMT-nin ixtisaslaşmış qurumu olan Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Şimali Koreyanın əvvəlcədən xəbərdarlıq edilmədən həyata keçirdiyi sonuncu raket buraxılışlarının raketlərin uçuş trayektoriyasının yaxınlığından keçən beynəlxalq mülki aviasiya xətlərində təhlükəsizliyə təhdid yaratması barədə bəyanatına cavabdır. Rəsmi Pxenyan raket buraxılışlarının mülki aviasiyaya heç bir təhlükə yaratmadığını bəyan edib.

Qeyd edək ki, KXDR sentyabrın sonundan bəri bir neçə dəfə müxtəlif mənzilli ballistik raket sınaqları həyata keçirib. Pxenyanın oktyabrın 4-də buraxdığı ortamənzilli ballistik raket isə təxminən 1000 kilometr hündürlüyə qalxaraq, Yaponiyanın şimalındakı Aomori prefekturası üzərindən keçməklə 4600 kilometr məsafə qət etdikdən sonra Sakit okeana düşüb. Həmin raket sınağından sonra, habelə Şimali Koreyanın yaxın vaxtlarda nüvə silahı sınağı keçirmək ehtimalı nəzərə alınaraq, Yaponiyada və Cənubi Koreyada təhlükəsizlik tədbirləri gücləndirilib.

Şimali Koreyanın son raket sınaqları Cənubi Koreya, ABŞ və Yaponiya hərbçilərinin Şərq (Yapon) dənizində birgə təlimləri dövrünə təsadüf edir. Təlimlər başa çatandan sonra “USS Ronald Reyqan” təyyarədaşıyan gəmisi bölgəni tərk etsə də, Şimali Koreyanın ortamənzilli raket buraxılışından sonra yaranan gərginlik fonunda onun geri qayıdacağına dair məlumat yayılıb. Rəsmi Pxenyan isə nüvə başlıqlı raketlərin də olduğu “USS Ronald Reyqan” təyyarədaşıyan gəmisinin Şərq dənizinə geri qayıtmaq qərarını pisləyib və ABŞ-ın Koreya yarımadasında vəziyyətin sabitliyinə ciddi təhdid yaratmaqda günahlandırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR