İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı geri çəkilmir, Ağ Ev əndişəlidir: ABŞ və Qərbin Qafqazda iki seçim variantı qalıb

Ermənipərəst mövqe tutan ABŞ və Avropa Birliyi Ermənistan üzərindən Cənubi Qafqaza yerləşməyin mümkün olmayacağını artıq tam dəqiqliyi ilə anlamağa başlayıb və çaşqınlıq keçirir… Ancaq Qərb siyasi dairələri rəsmi Bakı ilə anlaşmaq əvəzinə, sərt təzyiq variantını seçiblər, halbuki, Rusiyadan fərqli olaraq, Azərbaycanı bu regiondan sıxışdırıb, çıxartmaq şansları isə yoxdur…

Cənubi Qafqaz regionunda geopolitik maraqları olan bəzi Qərb siyasi dairələrində panic durum yaşanmağa başlayıb. Belə ki, ABŞ və Avropa Birliyi Rusiyanı ən qısa zamanda bu regiondan çıxara biləcəklərini düşünürdülər. Hesab edirdilər ki, Ukraynada “savaş bataqlığı”na salınmış Rusiya Cənubi Qafqazda uzun müddət müqavimət göstərə bilməyəcək. Və son nəticədə regional mövqeləri zəifləmiş Kremlin Cənubi Qafqaza nəzarət mexanizmləri böyük ölçüdə sıradan çıxarılmış olacaq.

Əslində, ABŞ və Qərb bu geopolitik hesablamalarında elə də ciddi yanlışlara yol verməyib. Çünki Kreml həqiqətən də son vaxtlar Cənubi Qafqaz regiondakı mövqelərini tədricən əldən verməyə başlayıb. Ona görə də, bu regionda geopolitik maraqlarını tamamilə boşa verməmək üçün müxtəlif regional manevirlər etmək məcburiyyətində qalıb. Kreml ilk növbədə vaxtilə onilliklər boyu istifadə etdiyi, ancaq hazırda rəsmi İrəvanın Rusiyaya xəyanəti ucbatından əlindən çıxan “erməni faktoru”nu əvəzləmək  barədə düşünür. Və bu səbəbdən də, Kreml Cənubi Qafqaz ilə birbaşa bağlantısının qalması üçün Azərbaycanla strateji tərəfdaşlığa can atır.

a866080cf99d972caf65c960c26888e1.jpg (106 KB)

Əsas səbəb isə ondan ibarətdir ki, Kremldə Cənubi Qafqazın şəriksiz geopolitik sahibinin məhz Azərbaycan olduğunu artıq həm anlayırlar, həm də qəbul edirlər. Yəni, rəsmi İrəvanın Rusiyaya xəyanəti Kremli Azərbaycana qarşı təzyiq mexanizmlərindən məhrum buraxıb. Üstəlik, Rusiya indi Cənubi Qafqazda duruş gətirmək üçün Azərbaycanla daha yaxın münasibətlərə və rəsmi Bakının dəstəyinə möhtacdır. Və bu durum Azərbaycanın regional mövqelərini maksimum həddə qədər gücləndirmiş olur.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Bakı “erməni faktoru”nun sıradan çıxarılmasının Cənubi Qafqaz üçün nə qədər önəmli olduğunu tam dəqiqliyi ilə anlayır. Çünki Azərbaycan rəhbərliyi bu regionun kənar təsirlərdən kənarlaşdırmaq üçün bu terror qaynağı olan faktoru bloklamaqda davam edir. Rəsmi Bakı onu da nəzərə alır ki, “erməni faktoru”ndan yalnız indi Azərbaycanla strateji tərəfdaşlığa can atan Rusiya deyil, həm də ABŞ və Qərb istifadə etməyə çalışır. Və bu səbəbdən də, Cənubi Qafqazda bu regiona aidiyyatı olmayan güclərin oyundan kənar vəziyyətə salınması baxımından, rəsmi Bakının son dörd ildə atdığı qətiyyətli addımların əvəzolunmaz rolu mövcuddur.

Məsələ ondadır ki, rəsmi Bakı cəmisi 44 günlük savaş sayəsində həm Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, həm də ABŞ və Qərbin Cənubi Qafqaza təsir mexanizmini – “erməni faktoru”nu sarsıtdı. Çünki ABŞ və Qərb məhz Azərbaycan və Ermənistan arasındakı münaqişədən istifadə edərək, son 30 il ərzində bu regionda geopolitik manipulyasiyalar etməyə çalışırdı. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonrasa, Qərbin Cənubi Qafqaza təsir mexanizmi sarsıldı, tamamilə sıradan çıxma mərhələsinə yaxınlaşdı.

77a8a08fa6a5dff1f0e83379a22b7a23.jpg (417 KB)

Təbii ki, rəsmi Bakı ABŞ və Qərbi bu regionda çarəsiz duruma salmaq üçün “erməni terrorizmi”ni də tamamilə darmadağın etməyin vacibliyini anlayırdı. Ona görə də, ötən il Azərbaycan ordusu antiterror əməliyyatı keçirməklə, ABŞ və Qərbin daha möhkəm yapışmağa çalışdığı “erməni faktoru”nu həmişəlik dəfn etdi. Əgər, rəsmi Bakı bu məsələdə bir qədər gecikmiş olsaydı və yaxıd tərəddüd etsəydi, ABŞ və Qərb Cənubi Qafqazda “erməni layihəsi” üzərindən qurduğu təhlükəli planları reallaşdırmaq şansı qazana bilərdi.

Ancaq rəsmi Bakı “erməni layihəsi”ni tamamilə sıradan çıxartmaqla, Azərbaycan ərazilərini silahlı erməni terror dəstələrindən təmizləməklə, ABŞ və Qərbin bütün məkrli planları pozdu. Son vaxtlara qədər bunun nə qədər böyük önəm daşıdığını nəzərə almaq istəməyən ABŞ və Avropa Birliyi Azərbaycanın “erməni layihəsi”ni həmişəlik iflasa uğratmaqla, əsas istinad mexanizmini artıq itirdiklərini tədricən anlamağa başlayıb. Və bu səbəbdən də Qərbdə hazırda Azərbaycana qarşı böyük qəzəbin olduğu müşahidə olunur.

Maraqlıdır ki, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması ilə bu regiona bütün geopolitik qapıların taybatay açılacağına əmin olan ABŞ və Qərb indi panic durum yaşayır. Çünki hazırda Cənubi Qafqazda Rusiya deyil, məhz Azərbaycan şəriksiz hegemonluq hüququ qazanıb. ABŞ və Qərbin isə Azərbaycanı bu regiondan “sıxışdırıb, çıxartmaq” şansı ümumiyyətlə, yoxdur. Və bu, o deməkdir ki, Qərb siyasi dairələrinin qarşısında Cənubi Qafqazla bağlı indi ən yaxşı halda, cəmisi iki seçim variantı qalıb.

1712667597_photo_5235601370919329952_y.jpg (116 KB)

Birincisi, ermənipərəst mövqe tutan ABŞ və Avropa Birliyi Ermənistan üzərindən Cənubi Qafqaza yerləşməyin mümkün olmayacağını artıq tam dəqiqliyi ilə anlamağa başlayıb. Ona görə də, ermənipərəst ABŞ və Avropa Birliyi öz regional prioritetlərini dəyişərək, Azərbaycanla anlaşmağın mümkün yolları barədə düşünmək məcburiyyətində qalıb. Halbuki, Qərb siyasi dairələri hələlik bu variant yaxına belə, buraxmaq istəmirlər. Və Azərbaycanla anlaşmaq əvəsinə, rəsmi Bakını “məcbur” etmək planları qurmağa çalışırlar.

Belə anlaşılır ki, ABŞ və Avropa Birliyi hazırda daha çox ikinci variant – Azərbaycana təzyiq variantını seçməyə üstünlük verib. Yəni, Qərb siyasi dairələri rəsmi Bakıya təzyiq göstərməklə, təhdid etməklə, Azərbaycanın geri çəkilməsinə nail olmağa, Cənubi Qafqaza yerləşməyə can atırlar. Hesab edirlər ki, Azərbaycan əvvəl-axır tab gətirməyərək, “erməni faktoru”nun yenidən dirildilməsinə imkan vermək məcburiyyətində qalacaq. Və bununla da, son 30 ildə olduğu kimi, Qərb siyasi dairələri yenə də “erməni layhəsi” üzərindən Cənubi Qafqazda öz məkrli planlarını reallaşdıra biləcəklər.

Ancaq rəsmi Bakının verdiyi reaksiya ABŞ və Qərbin ciddi şəkildə yanıldığını göstərir. Azərbaycan artıq olduqca güclü dövlətdir, regionun şəriksiz geopolitik iradə sahibidir. Rəsmi Bakı geri çəkilməyəcəyini, ABŞ və Qərbin mərkli ermənipərəst oyunlarına müqavimət göstərəcəyini sezdirir. Qərb siyasi dairələrinin qəzəb qarışıq çaşqınlığı da məhz bu önəmli məqamla bağlıdır. Və bu baxımdan, Azərbaycana qarşı təzyiq kampaniyasının hansısa nəticə verə biləcəyinə inanmaq sadəlövhlük olardı.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR