İnsanlara hürriyət, millətlərə istiqlal!

KTMT-nin müdaxiləsi Qafqazı qarışdıra bilər - SENSASİON ŞƏRH

“Dağıstanda baş verən terror aktlarından sonra Rusiya yardım istəsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) müttəfiqlər kənarda durmayacaqlar”.

Musavat.com-un məlumatına görə, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov TASS-a müsahibəsində deyib.

İMANQALİ.jpg (80 KB)

Düzdür, Tasmaqambetov Rusiyanın hələ bu dəstəyə ehtiyacının olmadığını bildirsə də, hər halda KTMT-nin yardımı ehtimalından bəhs etməsi təsadüfə oxşamır və bəzi suallara yol açır: Əcəba, Şimali Qafqazda günü-gündən artan terror hadisələrinin qarşısının alınmasında Orta Asiya müsəlmanlarından istifadə oluna bilərmi? Bu, müsəlmanları qarşı-qarşıya qoyma siyasəti deyilmi?

OGUZ.jpeg (277 KB)

Musavat.com-un suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuzun fikrincə, bu siyasət yeni deyil:

“Hələ sovet dövründə Əfqanıstana əsasən müsəlman əsgərlər aparılırdı. Bununla da eyni mədəniyyət sahəsinin insanlarının Əfqanıstan xalqının problemlərinə daha həssas yanaşması ideyasının arxasında gizlənirdi. Halbuki, əsas məqsədi rus gənclərini qorumaq, təhlükəli sahələrə özgələri atmaq idi. Rusiya eyni təcrübədən Şimali Qafqazda da istifadə etmək eşqinə düşə bilər. Amma bu istəyə Orta Asiya liderlərinin necə reaksiya verəcəyi də önəmlidir. Şəxsən mən inanmıram ki, onlar Rusiyanın bu təklifinə “ləbbeyk” deyələr. Əks halda öz daxillərindəki cihadçı qrupları qıcıqlandırar və terror təhlükəsi Şimali Qafqazdan Orta Asiyaya sıçrayar”.

Heydər Oğuz hesab edir ki, orta asiyalı müsəlman əsgərlərin Şimali Qafqaza gətirilməsi terrorizmə qarşı mübarizədə effektli deyil:

“Məsələ burasındadır ki, İŞİD Xorasan qrupunun əsas hədəf coğrafiyası əslində Orta Asiyadır. Qruplaşmanın adındakı “Xorasan” sözü də bunu göstərir və yalnızca İranın Xorasan vilayətini nəzərdə tutmur. Sasanilər dövründə ortaya çıxan Xorasan anlam olaraq “Günəşin doğduğu yer” mənasına gəlir. “Xor” günəş, “asan” isə gələn deməkdir. Yəni “Günəşin gəldiyi yer” və yaxud indiki terminlərlə desək, Şərq. İslam ədəbiyyatına baxsaq, Xorasan coğrafiyasına indiki İranın eyni adlı vilayəti ilə yanaşı, Əfqanıstan, Pakistan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Tacikistan kimi dövlətlərin bəzi əraziləri də daxil idi. Hətta bəzi xəritələrdə Qazaxıstanın cənub-qərbinin bir hissəsi də bu coğrafiyaya aid edilir. Bir sözlə, radikal islamçılar Xorasan deyəndə əslində Mərkəzi Asiyanı nəzərdə tuturlar. Orta Asiya da bu coğrafiyanın önəmli bir hissəsidir və İŞİD Xorasan qruplaşması öz sosial bazasını məhz bu coğrafiyada yaşayan xalqlar arasından toplayır”.

İSİD.jpg (100 KB)

Siyasi şərhçi Əfqanıstanda hakimiyyətdə olan taliblərlə İŞİD Xorasanı ayıran əsas özəlliklərdən birinin də məhz coğrafi məkandan qaynaqlandığını vurğulayıb:

“Məlumdur ki, Taliban ideoloji təməllərini 19-cu əsrdən etibarən Hindistanda fəaliyyət göstərən Diyobənd məktəbindən alır. Bu məktəbin ideoloji hədəfi orta əsrlərdəki müsəlman Hindistanını yenidən bərpa etmək, eyni bayraq altında birləşdirməkdir. Dolayısıyla, hədəf coğrafiyası da Hindistanın müsəlmanlar yaşayan bölgəsini, Pakistanı və Əfqanistanı əhatə edir. İŞİD Xorasanın hədəfi isə bütün müsəlman dünyasıdır. Vaxtilə ABŞ-ın SSRİ-ni dağıtmaq üçün ortaya atdığı “Yaşıl kəmər” layihəsi çərçivəsində yaradılan Əl-Qaidə təşkilatından törəyən bu qruplaşma Rusiyaya qarşı assimetrik mübarizə aparmağı qarşısına məqsəd qoyub. İslam coğrafiyasını isə bir neçə bölgəyə ayırır. İŞİD-in (İraq Şam İslam Dövləti) özü adından da bəlli olduğu kimi İraq və Suriyanı hədəfə götürüb. İŞİD Xorasanın hədəfində isə Pakistan, İran və Orta Asiya dövlətləri var. Yeri gəlmişkən, Şimali Qafqaz İŞİD coğrafiyasında tamamilə fərqli bölgəyə aiddir və 2015-ci ildə bu bölgəyə uyğun olaraq “Qafqaz vilayəti” təşkilatı yaradılıb. Böyük ehtimalla, Şimali Qafqazda törədilən terror aksiyasını da bu yeni təşkilat həyata keçirib. Odur ki, bu bölgədəki assimetrik savaşın KTMT tərəfindən zərərsizləşdirilməsi İŞİD-in digər qanadlarını da, xüsusilə də “Xorasan vilayəti”ni hərəkətə gətirər və onlar Qafqazı cihad məkanı elan edə bilərlər. Bu zaman məsələ təkcə Rusiya ilə də qalmaz, Cənubi Qafqaz da hədəfə çevrilər. Məhz bu səbəbdən də KTMT-nin Şimali Qafqaza müdaxiləsi təkcə Orta Asiyanın deyil, həm də bizim təhlükəsizliyimiz baxımından ciddi təhdid deməkdir”.

METE.jpeg (80 KB)

Dağıstandakı gərginliyin hərbi yolla həllinin olmadığına inanan Heydər Oğuz bu metoda baş vurmağın Rusiyanın özü üçün də içindən çıxılması mümkün olmayan problemlər yaradacağından narahatdır:

“Son terror hadisəsində iştirak edən 5 nəfərdən 3-nün rayon icra başçısının övladı və yaxın qohumu olduğu üzə çıxdı. Bu fakt radikal islam şüurunun bölgə insanlarının beyninə nə dərəcədə güclü oturduğundan xəbər verir. Yəqin ki, icra başçısının övladları rus idarəçiliyinə bu qədər düşməndirsə, hər gün min bir haqsızlığa məruz qalan sadə camaatın mövqeyini təsəvvür etmək asan deyil. Bir ölkədə ki, hətta elitar kəsim belə mövcud düzənə qarşı ölümünə savaşa hazırdırsa, deməli düz getməyən bir şeylər vardır. Bölgənin əsl problemi isə hakimiyyətin etninlər arasında düzgün bölünməməsi, iqtisadi böhran, qanunvericilik aktlarının sakinlərin mənəvi dünyası ilə üst-üstə oturması və s. kimi məsələlərdən qaynaqlanır. Onları həll etmədən, sadəcə etiraz edənləri güllə atəşinə tutmaq bataqlığa toxunmadan ağcaqanad öldürməyə bənzəyər. Bu da nəticə etibarilə Şimali Qafqaz xalqlarını daha da radikallaşdırar və region növbəti Əfqanıstana çevrilər”.

Şimali Qafqazda hazırda 15 milyon insanın yaşadığını bildirən siyasi şərhçi vurğulayıb ki, onların ən azı 60%-i müsəlmanlardır:

“Rusiyanın apardığı və aparmağı düşündüyü yanlış siyasətlər nəticəsində bu insanlar artıq vahid bir məfkurə ətrafında birləşiblər. Onları Rusiyanın ənənəvi siyasətinə uyğun olaraq, yenidən etnik zəmində parçalayıb bir-birinə qarşı qoymaq da işə yaramaya bilər. Çünki o zaman hakimiyyəti bütün etnik qruplar arasında bölüşdürməlisən. Şimali Qafqazda 70-dən çox etnik qrup yaşayır və onun 30-dan çoxu Dağıstanın payına düşür. Məhz çoxetnikli bölgə olduğundan Dağıstan digər muxtar respublikalar kimi milli adları ilə deyil, coğrafi xarakteri ilə anılıb. Ona Dağıstan adının verilməsi də bununla bağlıdır. Yerli qanunvericiliyə görə, 30-dan çox etnik qrupun yalnız 14-nə etnik status verilib və onların hakimiyyətin müxtəlif qollarında təmsilçilik haqqı tanınıb. Dağıstanın əsas idarəedici orqanları isə 3 etnik qrupun – avar, dargi və qismən kumiklərin əlindədir. Hakimiyyətin bundan artıq bölünməsi isə imkansızdır. Bu mənada Dağıstanın və əslində bütün Şimali Qafqazın etnik zəmində bölünərək idarə olunması da artıq heç bir nəticə verməyəcək. Ən yaxşısı islam mədəni sahəsinə toxunulmaması, bu bölgənin milli məfkurəyə uyğun qanunlarla idarə olunmasıdır”.

DAGİS.jpg (147 KB)

1918-ci ildə müstəqilliyini elan edən Şimali Qafqazın 1921-ci ilə qədər eyni məfkurə altında rahat yaşadığını söyləyən Heydər Oğuz sovet işğalından sonra bu regionda problemlərin yarandığını və get-gedə böyüdüyünü sözlərinə əlavə edib:

“Bunun da günahı ilk növbədə Rusiyanın “parçala, hökm sür” siyasətindən qaynaqlanır. Bilirsiniz ki, 1940-cı illərdə Şimali Qafqazın bir sıra xalqları öz yurd-yuvalarından Orta Asiyaya köçürüldü. Onların torpaqları bölgənin başqa toplumları arasında bölüşdürüldü. Daha sonra həmin insanlar öz məmləkətlərinə qayıdanda “lələ köçmüş, yurdu başqalarına qalmış” durumu ilə qarşılaşdılar. O gündən indiyədək Şimali Qafqaz xalqlarının ərazi mübahisələri bitmək bilmir və onların başqa alternativlər axtarışına başlamaları, xüsusilə də islamdan mədət ummalarının əsas səbəblərindən biri də budur. Hesab edirəm ki, Şimali Qafqazın yenidən əski gələnəklərinə qayıtmasının önü açılmalıdır”.

Şimali Qafqazda başlayacaq repressiya hərəkətlərinin köçə səbəb olacağını düşünən siyasi şərhçi Rusiyaya ən böyük təhlükənin də bundan gələ biləcəyini vurğulayıb:

“Şimali Qafqazdan Rusiyanın dərinliyinə onsuz da var olan köçlər daha da genişlənsə, təhlükə də Moskvaya doğru uzana bilər. Bu da Rusiyada siyasi sabitliyi pozar və ölkəni çıxılmaz böhranlara sürükləyər. Hər halda söhbət milyonlarla insandan gedir və Rusiyanın dərinliklərində də onları xoş gələcək gözləmir. Bu da nəticə etibarilə Rusiyanı milli və dini bölünmələrə, qanlı toqquşmalara sürükləyə bilər”.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR