Onlayn ictimai-siyasi qəzet
“Türkiyə Krımın ilhaqını tanımır”.
Musavat.com xəbər verir ki, bunu IV Krım Platforması Sammitində yayımlanan videomüraciətində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Krım Ukraynaya qaytarılmalıdır: “Bu, beynəlxalq hüququn tələbidir”.
Ərdoğan Ankaranın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb:
“Müharibənin Ukraynanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində başa çatmasını arzulayırıq”.
Millət vəkili Arzuxan Əlizadə Musavat.com-a şərhində bildirib ki, 2014-cü ildə Krım Rusiya tərəfindən ilhaq edilərkən həmin ərazidə 80 mindən çox Krım türkü yaşayırdı:
“İlhaqdan sonra Krım türklərinin vəziyyətində ağırlaşma baş verib. Krım türklərinin lideri Mustafa Cəmil Krımoğlu Rusiya tərəfindən həbsə məhkum edilmişdi. Sonradan Türkiyənin birbaşa dəstəyi ilə həbsdən azad edilib. Amma bu gün də Krım tatarlarının bir sıra liderləri həbsdə qalmaqdadır. Həmçinin, Krım tarixən türk torpağı olub. Krıma Rusiyadan daha çox, Türkiyənin sahib olma haqqı var. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, beynəlxalq hüquq, beynəlxalq birlik tərəfindən tanınmış dövlətlərin əraziləri var. Krım müstəqil Ukrayna dövlətinin ərazisi kimi tanınıb. Ərdoğan da beynəlxalq hüququn norma və prinsiplərinə müvafiq olaraq mövqeyini ifadə edib”.
A.Əlizadə xatırladıb ki, 2014-cü ildə Krımla bağlı Avropa Şurası Parlament Assambleyasında səsvermə zamanı Azərbaycan da Krımın ilhaq olunmasının əleyhinə çıxıb:
“Azərbaycan Krımı Ukraynanın ərazisi olaraq tanıdığını bəyan etmişdi. Dövlətimiz Krım daxil olmaqla, Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını, müharibədən sonra, gələcəkdə də beynəlxalq hüquq tərəfindən tanınmış ərazilər çərçivəsində Ukrayna dövlətinin mövcudluğunu qəbul etdiyini dəfələrlə bəyan edib”.
Nigar HƏSƏNLİ,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ