İnsanlara hürriyət, millətlərə istiqlal!

Kilsə indi də konstitusiya düzəlişinə qarşı

Bütün ermənilərin katolikosu II Qareginin rəhbərlik etdiyi Ali Ruhani Şurası Azərbaycana qarşı ərazi iddialarının yer aldığı əsas qanunda dəyişiklik olmasına qarşıdır

“Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir”.

Bu fikirləri Prezident İlham Əliyev  fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlət başçısı bildirib: “Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Onlar səhv etmişdilər, bu gün də səhv edirlər. Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir”.

Erməni kilsəsi isə Azərbaycana qarşı ərazi iddialarının olduğu konstitusiyanın dəyişdirilməsinə qarşı çıxıb. Apostol Kilsəsinin (EAK) Ali Ruhani Şurası baş nazir Nikol Paşinyanın yeni konstitusiyanın qəbulu təşəbbüsünü son dərəcə şübhəli hesab edib.

Bütün ermənilərin katolikosu II Qareginin rəhbərlik etdiyi Ali Ruhani Şuranın genişləndirilmiş iclasında qeyd olunub ki, Ermənistanın müxtəlif yüksək vəzifəli şəxslərinin, eləcə də Azərbaycan prezidentinin tezisləri yalnız yeni konstitusiyanın qəbulu ilə bağlı mövcud şübhələri dərinləşdirir.

“Ermənistan Respublikası Konstitusiyasının əsasını xalqımızın milli-mənəvi həyatının, xatirələrinin və əziz keçmişinin hadisələrinin, milli arzu və arzularımızın rəmzləri təşkil etdiyini vurğulayan şura üzvləri bu dəyərləri ictimai müzakirələrdə, xüsusən də yeni konstitusiyanın qəbulu kontekstində alçaltmaq və ya görməməzlikdən gəlmək”, - bəyanatda deyilir.

İyerarxlar hesab edirdilər ki, ölkənin yeni konstitusiyasının qəbulu təşəbbüsü çox şübhəlidir, xüsusən də Ermənistanın ictimai dairələrində bunun xarici təzyiqin nəticəsi kimi qəbul edildiyini nəzərə alsaq.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dayandırdığını bildirib. Ermənistan Təhlükəsizlik Şurası isə Qərblə təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməyə ümid etdiklərini bildirmişdi.

Göründüyü kimi, erməni kilsəsi hər zaman olduğu kimi, radikal millətçiliyini və faşizm təbliğatını davam etdirir. Son zamanlar erməni din xadimlərinin davranışlarını nəzərdən keçirərkən görürik ki, erməni kilsəsi Ermənistanın qonşuları ilə sülh sazişi imzalanmasını istəmir və dini zəmində xalqlararası qarşıdurmanın yaranmasına çalışır. Qarabağ münaqişəsinin davam etdiyi otuz il ərzində də erməni kilsəsinin mövqeyi daima bu münaqişəni dinlərin toqquşması, xristianların sıxışdırılması və dini zəmində münaqişənin daha da dərinləşdirilməsindən ibarət olub.

Fikrət Yusifov: “Prezident İlham Əliyev heç vaxt neftə güvənməyib...”

Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov erməni iqtidarının ağlını itirdiyini, yenə də əvvəlki oyunu oynadığını qeyd etdi: “Ermənistan bölgədə çox təhlükəli oyun oynamağa qalxıb. Mən dəfələrlə bu barədə yazmışam və demişəm - Ermənistan hakimiyyəti bu gün Ermənistanda yaşayan ermənilərə vaxtı ilə separatçıların Qarabağdakı erməni əhaliyə yaşatdıqlarını yaşadır. Separatçılar da xarici havadarlarına arxalanaraq erməniləri aldadırdılar ki, qorxmayın, sonda biz qalib gələcəyik. Və sonda da onları aldadıb bir neçə gün ərzində Qarabağdan tam çıxartdılar. Ümid edirdilər ki, havadarları Qarabağdan çıxmış erməniləri bir qədər sonra geriyə qaytarıb, onlara müstəqillik statusu alacaqlar. Nəticədə ip də getdi, it də getdi. İndi Ermənistan hakimiyyəti ağlını tam itirmiş bir vəziyyətdə eyni oyunu oynayır. Baxın, bölgədə hansı ölkə Qərbin Ermənistana hərbi yardımını dəstəkləyir? Azərbaycan, Rusiya, Türkiyə, İran bunun tam əleyhinədir. Heç Gürcüstan da ona qarşı həmişə torpaq iddiaları ilə çıxış edən təcavüzkar Ermənistanın hərbi gücünün artmasını istəmir. Ermənistanın bir dövlət kimi süni nəfəslik aparatının düyməsi Rusiyanın əlindədir. Belə bir durumda, tarix boyu erməni zehnini böyük Ermənistan xülyası ilə zəhərləməklə məşğul olmuş erməni kilsəsinin qızışdırıcı çağırışlarını eşitmək bu dövlətciyi gerçəkdən uçuruma aparır. Rusiya Ermənistanın bu şıltaqlığına nə qədər dözsə də, bu dözüm dağarcığının bir gün yırtılacağı aşkardır. O halda Ermənistan havadarları ilə birlikdə Cənubi Qafqazda havadan asılmış bir durumda qalacaq. 

İkinci Qarabağ savaşında tam məğlub olmuş Ermənistanın çıxış yolu Azərbaycanın bütün şərtlərini qəbul edib, onunla sülh müqaviləsi bağlamaqdan keçir. Ermənistanın bu bölgədə bir dövlət kimi həyat yolu Azərbaycan və Türkiyədən keçir. Lakin görünən budur ki, ermənilər 44 günlük müharibədəki bu qədər ağır məğlubiyyətdən dərs çıxara bilmədilər. Azərbaycanlıların bir yaxşı deyimi var, sirkə nə qədər tünd olarsa, öz qabını çatladar. Görünən budur ki, erməni sirkəsi tündləşərək Qarabağ çəlləyini necə çatlatdısa, eyni uğurla da Ermənistan çəlləyini  çatladacaq".

Azər Badamov: "Davosda keçirilən görüşlər bir daha göstərdi ki, ölkəmizə  böyük maraq var"

Azər Badamov

Deputat Azər Badamov Paşinyanın hələ də sülhdən uzaq olduğunu söylədi: “Paşinyanın siyasi portretini açıqlasaq görərik ki, onu sabit fikri olmayan, qərarları tez-tez dəyişən, cəsarətsiz, öz mövqeyini ifadə edib onu həyata keçirə bilməyən, ikiüzlü və qətiyyətsiz dövlət rəhbəri kimi xarakterizə edə bilərik. Belə bir dövlət başçısı ilə regional və beynəlxalq məsələləri müzakirə edib bir nəticəyə nail olmaq mümkün olmur. Paşinyanın rəhbərlik etdiyi qısa tarix onun portretinin bütün cizgilərini reallıqda sübuta yetirib. Belə ki, İkinci Qarabağ müharibəsindən sonra imzalanmış üçtərəfli bəyanatın icrasından başlayaraq bu günə qədər davam edən proseslərdə Paşinyan öz sözünün sahibi olmayan bir şəxs olduğunu təsdiq edir. Azərbaycan üçtərəfli bəyanatın şərtlərini 9-cu bənd istisna olmaqla, qalan bütün bəndləri özü icra etdirdi. Ölkəmiz keçən ilin sentyabrında keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra regionun reallıqlarını kökündən dəyişdi. Bu gün diktə edən tərəf Azərbaycandır. Paşinyan vaxtaşırı olaraq Azərbaycanın diktə etdiyi şərtləri qəbul etməyin vacib olduğunu açıqlasa da, sonra özünün dediyi sözlərin tamamilə əksini edir. Bir müddət əvvəl Paşinyan Ermənistanın konstitusiyası ilə gələcəyə gedə bilməyəcəyini və yenidən yazılmalı oldunu bildirmişdi.  Amma kilsənin təzyiqi Paşinyanı yenə də öz sözündən daşındırdığını göstərir. Ermənistanda kilsə siyasi proseslərə qarışır və regionda sülhün yaranmasına qarşı çıxır. Erməni kilsəsi əsrlər boyu özünün düşmənçilik siyasətini yürütmüş, erməniləri müharibə və soyqırımlar törətməyə təhrik etmişdi. Bu gün regionda reallıqlar dəyişsə də, təəssüf ki, erməni kilsəsinin baxışları dəyişilmir. Belə ki, kilsə özlərinin köhnə düşmənçilk ideyalarından əl çəkmir və konstitusiyasının dəyişdirilməsini xalqın milli-mənəvi həyatının, xatirələrinin və əziz keçmişinin hadisələrinin, milli arzu və arzularının rəmzlərinin dəyişdirilməsi olacağını bildirərək ona qarşı çıxdığını ifadə edir. Paşinyanın son ifadələri onun sülhdən uzaq olduğunu göstərir. O, həm də Qərbin planlarının icraçısıdır. Ona görə də, hər vasitə ilə Rusiyadan uzaqlaşmağa və Qərbin ağalığı altına sığınmağa çalışır. Təbii ki, iki çətir altında sığınmaq istəkləri və dövlət siyasətini kilsənin təsirindən qoruya bilməməsi Ermənistanın gələcəyini qaranlığa aparır. Ermənistan birdəfəlik başa düşməlidir ki, onlar qonşulara olan ərazi iddialarından imtina etməsə və Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etməsə, onların dövlətinin gələcəyi sual altına düşəcək”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR