İnsanlara hürriyət, millətlərə istiqlal!

Kibercinayətkarların silah arsenalı: süni intellekt proqramları - “deepfake” texnologiyaları- ŞOK FAKTLAR

 

 Azərbaycan vətəndaşları nə etməlidir?

Dövlət və ictimai xadimlərin adından saxta müraciətlər hazırlayan kibercinayətkar şəbəkə ifşa olunub.

Bu barədə Musavat.com-a Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, kibercinayət yolu ilə Azərbaycan Prezidentinin, digər dövlət və ictimai xadimlərin adından süni intellekt proqramları - “deepfake” texnologiyaları vasitəsilə saxta videomüraciətlərin hazırlanması, bu yolla müxtəlif sosial şəbəkələrdə Dövlət Neft Şirkəti (“SOCAR”), “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən iri məbləğlərdə qazanc vədi verən saxta elanlar yaymaqla vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 272.2.1, 272.2.2 (Mütəşəkkil dəstə tərəfindən təkrar olaraq kompüter məlumatlarını qanunsuz ələ keçirmə), 273-2-ci (Kompüter məlumatlarının saxtalaşdırılması) və 178.3.1 (Mütəşəkkil dəstə tərəfindən dələduzluq) maddələri ilə cinayət işi başlanılıb.

Məlumatda bildirilir ki, cinayət işi üzrə kompleks araşdırmalar aparılaraq kibercinayətlərin törədildiyi ölkələr müəyyən edilib, həmin dövlətlərin aidiyyəti orqanları ilə operativ prosessual əməkdaşlıq çərçivəsində beynəlxalq kibercinayətkar şəbəkə ifşa olunmuş, qeyd olunan cinayət əməllərinin qarşısı alınıb. "Müəyyənləşdirilib ki, kibercinayətkarların yaratdıqları saytlara istinadən internetin Azərbaycan seqmentinin istifadəçilərinə təqdim edilən çoxsaylı saxta elanlarda vətəndaşlar müxtəlif investisiya layihələrinə pul vəsaiti yatırmağa dəvət edilib, köçürülən vəsaitlərin müntəzəm olaraq əhəmiyyətli dərəcədə artması görüntüsü yaradılıb, vəd edilən investisiya qazancının zərərçəkmiş şəxslərin bank kartlarına köçürülməsi adı altında, habelə kibercinayət yolu ilə sonuncuların kart məlumatları əldə edilərək həmin kartlardakı pul vəsaitləri ələ keçirilib", - məlumatda deyilir. Azərbaycanın və digər ölkələrin vətəndaşlarının külli miqdarda pul vəsaitlərini analoji cinayət əməlləri ilə ələ keçirən beynəlxalq kibercinayətkar qruplaşmanın üzvləri Ukrayna ərazisində yerli hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilib, transmilli mütəşəkkil dəstənin cinayət əməllərinin törədilməsində iştirak edən Azərbaycan vətəndaşları - 1998-ci il təvəllüdlü Zöhrabov Rafiq Mahir oğlu və 1979-cu il təvəllüdlü Niftalıyev Sərdar Əlixan oğlu Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunub, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə araşdırmalar və beynəlxalq hüquqi əməkdaşlıqdan irəli gələn cinayət-prosessual tədbirlər davam etdirilir.

Dünyada və Azərbaycanda kibercinayətkarların tələsinə düşənlərin sayı hər ötən gün artır. Ölkəmizdə xeyli sayda vətəndaş hər gün bank kartlarından pul çəkildiyini bildirməklə hüquq-mühafizə orqanlarına şikayət edir.

Bəs maliyyə dələduzluğu necə baş verir? Vətəndaşı necə talayırlar? Kibercinayətkarların qurbanı olmamaq üçün hər hansı bir universal düstur varmı?

1713947500.elsad.jpg (168 KB)

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev Musavat.com-a deyib ki, kibertalamaya məruzqalma riskləri hər ötən gün artır:

“Kibercinayətkarların talama üsulları fərqlidir, sosial şəbəkələrdə şübhə doğurmayacaq formada cinayətkar fəaliyyət var. Kiber üsulla hazırlanan nömrələrdən daxil olan şübhəli zənglərə, mesajlara qarşı vətəndaşlar tədbirli olmalı, danışmadan, yazışmadan tanımadıqları, bilmədikləri nömrələri dərhal bloklamalıdırlar. Vətəndaş bilməlidir ki, onunla yazışan, Azərbaycan dilində sərbəst danışan xarici vətəndaş, hətta azərbaycanlı da ola bilər. O da ola bilər ki, o şəxs vətəndaş haqqında tam məlumatlıdır, çünki barəsində həmin məlumatları sosial şəbəkə üzərində olan qeydlərdən, yaxud dostlarından, qohumlarından götürüb. Ona görə də şəxsi imkanlarını, varını, pulunu sosial şəbəkələrdə nümayiş etdirib diqqət çəkməkdən yayınmalıdırlar. Cinayətkar qruplar tərəfindən profil və səhifə paylaşımları, rəylər nəzərdən keçirilir. Dostlar vasitəsilə sizi kimsə axtarırsa, ehtiyatlı olun, həmin şəxslə ünsiyyət yaratmayın. Kibercinayətkarlıq – talamalar – tək oğurluq əməllərini əhatə etmir. Sosial şəbəkələrdə dələduzluq halları da geniş vüsət alıb. Onlarla vətəndaş dələduzluq hallarının qurbanı olub. Hər ötən gün vətəndaşların külli miqdarda pul vəsaitləri talanır. Faktların təhlili göstərir ki, vətəndaşlar “Instagram”, “Telegram”, “Facebook”, “TikTok”da səhifə, kanal və platformalar üzərindən əlavə gəlir qazanmaq, sığorta ödənişləri, turist səyahətləri, mebel sifarişi, qızıl satışı, ev-alqı satqısı, kirayə, kredit adı altında verilən yalan vədlərə inanaraq həmin tələb olunan məbləğləri başqa-başqa bank hesablarına köçürüblər. Sonradan həmin hesablar, linklər, telefon nömrələri dərhal qapadılıb!”

Xidmət rəhbəri deyib ki, kiber cinayətkarlıq distant formada təşkil olunur. O, vətəndaşlara müraciət edərək kiber məkanda naməlum şəxslərlə ünsiyyətdə “sıfır etibar” anlayışı, “danışdığın adamı tanı” prinsipindən çıxış etməklə talamadan kənar qala biləcəklərini vurğulayıb: “Nə qədər ki, bu prinsip insanların həyat tərzinə çevrilməyib, talamalar davam edəcək. İyunun 18-də ayrı-ayrı vətəndaşların bank kartlarından 100, 490, 628, 2400, 1500, 536, 357, 90 manat şəxsi məlumatların naməlum şəxslərə verilməsi nəticəsində oğurlanıb. Dələduzluq yolu ilə daha bir neçə fakt üzrə - 29660, 6800, 4000, 1400, 1000, 811, 500, 320 manat talanaraq naməlum hesablara köçürülüb. Əlavə və yüksək gəlirli, qazanclı faiz, investisiya adı altında 29660, alış-veriş saytında saxta elan vasitəsilə 6800, "nəvəniz Moskva şəhərində problemin içindədir, onu xilas etmək üçün sizə zəng edilməsini və sizdən pul götürməyimizi dedi, təcili pul lazımdır”, deməklə 4 min manat pul vəsitlərini dələduzluq yolu talayıblar. Bütün müdaxilələr - zənglər, danışıqlar, yazışmalar xaric nömrələr vasitəsilə aparılıb. Əgər “sıfır etibar” anlayışına, “danışdığın adamı tanı” prinsipinə əməl edilsəydi bu hallar baş verməyəcəkdi”.

Elşad Hacıyev kibercinayətlərin açılma faizindən danışarkən deyib ki, bu gün dünyada belə cinayətlərin açılma faizi 20-dən artıq deyil: “ABŞ-da, Avropa ölkələrində kibercinayətlərin açılma faizi 20 faiz civarındadır. Belə cinayətlərin üstünün açılması 30 faizə çatmır. Əgər şəxs Azərbaycandadırsa, onun aşkar olunması, saxlanılması problem deyil. Amma digər ölkələrdən törədilən kibercinayətlərlə bağlı vəziyyət bir qədər fərqlidir. Şəxsin müəyyən olunması, saxlanılması, ölkəyə gətirilməsində digər ölkələrin müvafiq qurumlarının bir qədər qeyri-operativ yanaşmasına görə ləngimələr baş verir. Kibercinayətklarlar bu məsələləri nəzərə alırlar. Belə cinayətlərin üstünün açılması mürəkkəb proses deyil. Biz araşdırıb bilirik ki, hansı ölkədən edilən müdaxilə ilə törədilib. Bizim üçün bu cinayət artıq açıqdır. Bilirik ki, kibercinayət konkret hansı ölkənin domenindən törədilib. Qalır ki, şübhəli şəxsi müəyyən edib saxlamaq, məsuliyyətə cəlb etmək vaxt aparan uzun müddətli bir prosesdir. Kibercinayət nəticəsində əldə olunan pulun harada, necə nağdlaşdırılması, izlərin kiber üsullarla itirilməsini müəyyən edə bilirik. Bütün hallarda kibercinayətlərin qarşısının alınmasında vətəndaşların maariflənməsinin müstəsna rolu var. Vətəndaş heç bir halda tanımadığı, bilmədiyi şəxslərə bank kartlarının məlumatlarını verməməlidirlər”.

Elşad Hacıyev vətəndaşlara müraciət edərək kibercinayətin qurbanına çevrilməmələri üçün “sıfır etibar” anlayışı, “danışdığın adamı tanı” prinsiplərinə riayət etmələrini tövsiyə edib.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR