İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatizmin sonunu gətirən rəqəmlər: 2023, 23 saat, 43 dəqiqə...

Böyük qələbə tariximizə və təqvimə Dövlət Suverenliyi Günü kimi yazıldı

Prezident İlham Əliyev 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq hər il sentyabrın 20-sinin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi barədə sərəncam imzalayıb.

“Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”, - deyə sərəncamda bildirilir.

İkinci Qarabağ müharibəsindən dərhal sonra ölkəmiz haqlı narahatlığını ifadə edərək dəfələrlə Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına və digər tərəflərə müraciət edərək Ermənistanı silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmağa çağırmışdı. 2020-ci ilin 10 noyabrında imzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan Silahlı Qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. Halbuki üçtərəfli bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərk-silah edilməli idi.

2020-ci il 10 noyabr tarixli üçtərəfli sənədə zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını Qarabağ ərazimizdən çıxarmadı. 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan Silahlı Qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətdi, aprel və may ayında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri mütəmadi atəşə tutulurdu. Azərbaycan ərazisində qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, radioelektron mübarizə vasitələri, iki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular yerləşdirilmişdi. 

Separatçıların da Qarabağda qeyri-qanuni fəaliyyətləri davam edirdi. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərindəki faydalı qazıntı yataqlarının qeyri-qanuni şəkildə istismar olunması, bu zaman ekoloji normalara əməl edilməməsi və təbii sərvətlərin Ermənistana daşınması Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurdu. Azərbaycanın bir sıra vətəndaş cəmiyyəti nümayəndələri və ekologiya fəalları Şuşa-Laçın yolunda bir müddət etiraz aksiyası keçirdi. 

Azərbaycan işğala məruz qalan tərəf olsa da Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idi. Vəziyyət o həddə çatmışdı ki, Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər.

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü  ildönümünə həsr olunan hərbi parad keçirilib » Azərbaycan Prezidentinin  Rəsmi internet səhifəsi

2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.

Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. 

Antiterror tədbirləri zamanı ordumuz böyük qəhrəmanlıq, şücaət göstərdi. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq qısa müddət ərzində bütün istiqamətlər üzrə separatçıları məhv etdi. 

Sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərk-silah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı. Təsadüfi deyil ki, Prezident 20 sentyabrın Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilməsi haqda sərəncam da imzalayıb. 

44 günlük Vətən müharibəsində olduğu kimi, antiterror əməliyyatının nəticəsində də ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəklədiklərini bir daha bəyan etdilər. 

Aydın Mirzəzadə qadın deputatlara zəng etdi

 Aydın Mirzəzadə

6-cı çağırış Milli Məclisin deputatı Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, 44 günlük müharibədən və ötən il 23 saatlıq antiterror əməliyyatından sonra Azərbaycanın suverenliyinin bərpa edilməsi ilk növbədə xalq birliyi, strateji yolun düzgün seçilməsi, xalqın öz liderinə inanması və onu dəstəkləməsi nəticəsində mümkün oldu: “Prezident Heydər Əliyevin, sonra isə Prezident İlham Əliyevin apardığı düşünülmüş daxili, xarici siyasət nəticəsində Azərbaycan bir dövlət kimi gücləndi, beynəlxalq aləmdə öz həqiqətlərini yaya bildi, hərbi qüdrətimiz artırıldı. 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində xaricdən dəstək olmadan Azərbaycan öz gücü ilə işğal altında olan torpaqlarının əksər hissəsini azad etdi. Ancaq ərazimizin bir hissəsi hələ də separatçı qüvvələrin nəzarəti altında qalırdı. Separatçılar yeni reallıqları düzgün qiymətləndirmədilər, Ermənistan öz hərbi birləşmələrini ərazimizdən çıxarmadı. Vaxtaşırı separatçıların Azərbaycana qarşı etdikləri təxribatlar çoxsaylı insan ölümünə səbəb olurdu. Bu işğala və ölümlərə son qoyulması üçün ötən il 19 sentyabrda antiterror əməliyyatına başlanması və 23 saat ərzində suverenliyimizin bərpa edilməsi tarixi bir hadisə oldu. Azərbaycan öz şərəfli tarixinin yeni bir səhifəsini yazdı. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə xalqın milli maraqlarını yüksək səviyyədə qoruya bildi. Bu qələbəmiz uğrunda şəhid olan insanların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Bu gün isə cənab Prezidentin 20 sentyabrı dövlət suverenliyi günü elan etməsi bayramlarımızın sırasına çox qiymətli bir tarixi də əlavə etdi”.  

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR