İnsanlara hürriyət, millətlərə istiqlal!

Bulvarda çəkilişə və müsahibəyə qadağanın səbəbi bilindi

Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev İctimai Şuranın fəaliyyətini də əngəlləyib

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin həbsinin detalları məlum  olub. Məlumata görə, İlqar Mustafayev 2 il ərzində bulvar büdcəsində olan 2 milyon manatdan artıq pul vəsaitini tamah niyyəti ilə mənimsəməkdə ittiham olunur.  Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İlqar Mustafayev haqda 3 ay 22 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. Onun ittiham edildiyi 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsinin sanksiyasında 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 

Bu həbsdən sonra Dənizkənarı Bulvar İdarəsi yanında İctimai Şuranın sədri Ramil Əliyev sensasion faktlar açıqlayıb. O  bildirib ki, İctimai Şuranın fəaliyyət göstərməsinə imkan yaradılmayıb: “Bulvardır, açıq havadır, gedin bulvarın hansı ərazisində istəyirsizsə fəaliyyət göstərin”, - deyə cavablar almışıq. Buna görə Dənizkənarı Bulvar İdarəsinin yanındakı İcimai Şura öz fəaliyyətini dayandırıb". Aznews.az-a danışan  “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev vətəndaşların bulvarda çəkiliş aparmasına, deputatların müsahibə verməsinə niyə icazə verilmədiyi haqda danışıb. “Bu hallar dəfələrlə baş verib. Məsələ geniş şəkildə ictimailəşməyib. Amma son baş verən hallara əsasən daha şahidi oluruq ki, millət vəkilinin dəniz kənarında müsahibə verməsinin qarşısı alınıb. Millət vəkilinə çəkiliş üçün icazə verilmirsə, təbii ki, bu qadağalar adi vətəndaşlara, jurnalistlərə şamil edilir. Bulvar İdarəsinin fəaliyyətində nöqsanlar var. Onlar bu problemləri müzakirə etmək, ekranlarda görünmək, kadrlara düşmək istəmirlər. Burada bir məqam da var ki, bəs niyə telefonla çəkilişə icazə verilir? Videokamera ilə çəkilişə icazə verilməyib, telefonla çəkiliş edə bilməyi absurd qərar hesab edirəm. Çünki bulvar strateji obyekt deyil, qoruq, yasaqlıq deyil. Bulvarda istənilən şəxs gəzə, istirahət edə bilər”, - deyə o bildirib. 

Ramil Əliyev deyib ki,  Bulvar İdarəsində artıq 1 il 8 aydır ki, İctimai Şura yaradılıb:  “Bulvar İdarəsində İctimai Şura yaranandan sonra bizim fəaliyyət göstərməyimiz üçün otaq ayrılmalı idi. Biz orada heç bir maaşa, əməkhaqqına deyil, könüllü şəkildə fəaliyyət göstərirdik. Qanunun tələbi belədir. Biz seçiləndən sonra Bulvar İdarəsinin rəhbəri bizi qəbul etmədi. Bir müddət sonra müavinlə görüşdük. Daha sonra bir neçə ay təkidlə bildirdik ki, rəhbərliklə görüşümüz baş tutsun. İctimai Şuranın üzvləri olaraq idarə rəhbəri ilə görüşdük. Görüş zamanı onlara bildirdim ki, bizi otaq və kompüterlə təmin etsinlər ki, işləyə bilək. Onlar isə cavabında "sizə veriləcək yerimiz yoxdur" dedilər. Həmçinin bildirdilər ki, “bulvar açıq yerdir, gedin, orada fəaliyyət göstərin, ya da öz şəxsi ofisiniz varsa, orada məskunlaşın”. Sonradan isə bizə müxtəlif maneələr yaratdılar. Bulvara girişimizə qadağalar qoyuldu. Mən də onlara bildirdim ki, İctimai Şuranı yaratmısınızsa, onun fəaliyyət göstərməsinə də şərait yaradın. Biz sizdən başqa heç nə istəmirik. Bildirildi ki, bizim təşkilat bu İctimai Şuraya seçilmək üçün uyğun gəlmir. Aydın oldu ki, onlar İctimai Şuranın fəaliyyət göstərməsində maraqlı deyillər. Onlar istəmədi ki, biz onların gördüyü işlərə nəzarət edək və mövcud nöqsanlara şahid olaq. Biz istəyirdik ki, köməklik göstərərək nöqsanları aradan qaldıraq. Amma görünür ki, onlar özləri qapalı işləmək istəyirlər və ictimaiyyətə, mətbuata bağlıdırlar. Ümumiyyətlə, biz İctimai Şuranın rəhbəri, üzvləri olaraq onların mətbuat xidmətinin rəhbərini belə tanımırıq. Onların rəhbərliyi ilə də dəfələrlə də əlaqə saxlamağımıza baxmayaraq, cavab ala bilməmişik. Bununla da aydın olur ki, onlar bu İctimai Şuranı formal olaraq yaradıblar. Ona görə də biz artıq fəaliyyətimizi dayandırmışıq". 

İctimai Şura hansı qanunla tənzimlənir, fəaliyyətinə icazə verilməməsi nə deməkdir?

Nazir Bakını tıxacdan qurtarmağı tapşırdı - problemli ərazilər

Natiq Ələsgərov

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, ölkəmizdə ictimai iştirakçılıq və ictimai nəzarət mexanizmlərin yaradılması və inkişafı üçün müxtəlif addımlar atılıb: “Bu prosesdə vətəndaş cəmiyyət təşkilatlarının rolunu artırmaq üçün mərkəzi və yerli icra hakimiyyətləri yanında ictimai şuraların yaradılması və fəaliyyətinin genişləndirilməsi də günün vacib tələblərindən biri idi. Prezident İlham Əliyevin 27 fevral 2020-ci il tarixli sərəncamı ilə "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı" təsdiq edilib. Həmin Fəaliyyət Planının 5.5. maddəsində “İctimai Şuraların əhəmiyyətinin artırılması, dövlət orqanlarında yaradılmış ictimai şuraların sayının çoxaldılması, şuralarda müzakirə edilən məsələlərin əhatə dairəsinin genişləndirilməsi, İctimai şuraların fəaliyyəti ilə bağlı maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi və dövlət qurumlarının rəsmi internet resurslarında əks etdirilməsi” qeyd olunub. Ölkə başçısının sərəncamı ilə bağlı ötən illər ərzində müxtəlif müzakirələr aparılıb və İctimai şuralar ilə bağlı müəyyən çatışmazlıqların olması diqqətə çatdırılıb. Bulvar İdarəsində baş verənlər onu göstərir ki, bəzi rəhbər şəxslər qanunlardan bixəbərdirlər və ya qanunları iqnor etməklə öz korrupsioner niyyətlərinə çatmağa can atırlar. Bulvar İdarəsi rəhbərliyinin “örtülü bazar” yanaşması da göstərdi ki, idarə yanında İctimai Şuranın fəaliyyətinin iflic olması sağlam niyyətdən ortaya çıxmayıb". 

Natiq Ələsgərov deyib ki, bu gün  mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən İctimai şuralar üçün mərkəzləşdirilmiş onlayn platforma - www.publiccouncil.az  (www.ictimaishura.az) saytı hazırlanıb. Təşəbbüsün əsas hədəfi İctimai şuralar barədə ictimaiyyətin məlumatlılığını artırmaq və onlarla qarşılıqlı əlaqə yaratmaqla, fəaliyyət göstərdikləri dövlət qurumlarının fəaliyyətində şəffaflığının artırılmasına yardımçı olmaqdır. 

Natiq Ələsgərov bildirir ki, İctimai şuraların dövlət siyasətinin həyata keçirilməsində, şəffaflıq prinsipinin təmin olunmasında, ictimai əhəmiyyət kəsb edən məsələlərin həllində, vətəndaşların istək və təkliflərinin, həmçinin problemlərinin toplanaraq yerli icra hakimiyyəti orqanına təqdim olunmasında böyük rolu var.

E.MƏMMƏDƏLİYEV, 
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR