Onlayn ictimai-siyasi qəzet
İki gün öncə, sentyabrın 24-də Gennadi Yanayevin vəfat etməsinin 15-ci ili tamam oldu.
Bu ad yaşı 40-dan az olan adamların əksəriyyəti üçün heç nə ifadə etmir. Ancaq sovet dövrünün yeniyetmə, gənc və yetkin adamları Yanayevi xatırlamamış olmazlar.
O, SSRİ-nin ilk və yeganə vitse-prezidenti olub. Yanayev 3 gün SSRİ-yə rəhbərlik də edib – qeyri-legitim olsa da.
Daha dəqiqi, onun başçılıq etdiyi Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsi (FVDK – ruscada QKÇP) 1991-ci ilin avqustunda SSRİ prezidenti Mixail Qorbaçovun vəzifəsindən uzaqlaşdırıldığını bəyan edib, ölkədə hakimiyyəti ələ keçirib.
Həmin komitəyə vitse-prezident Yanayev, baş nazir, DİN və DTK rəhbərləri, müdaifə naziri, sovet parlamentinin sədri, kompartiya katibləri və başqaları daxil olub. Siyahıda yalnız Qorbaçov və məhdud ətrafı olmayıb. Qorbaçov o zaman Krımda istirahətdə imiş.
FVDK rəhbərliyinin keçirdiyi birifinqdə G.Yanayev dünya birliyinin və sovet xalqının qarşısında çıxış edərkən əllərinin əsməsi ilə yadda qalıb. Bir çoxları hələ də o fikirdədir ki, Yanayevin əllərinin titrəməsi qiyamçıların uğursuzluğunun başlanğıcı olub. Çünki bu, inamsızlığın və tərəddüdün göstəricisi hesab edilib və qiyama qarşı çıxmaq niyyətində olanlarla stimul verib.
Əslində isə Yanayevi yaxından tanıyan şəxslər onun əllərinin qorxudan və ya inamsızlıqdan yox, alkoqolizmə meylli olmasına görə əsdiyiini bildirirlər. Bundan əvvəl də onun əllərinin titrədiyini müşahidə edənlər olub. Məsələn, SSRİ-nin sonuncu əmək naziri Valeri Paulman Belçikanın əmək naziri ilə görüşən Yanayevin əlinin əsdiyi görüb və xatirələrində belə bir ifadə işlədib: “Onun yanında oturmağa utanırdım”.
Yanayev dövlətin ikinci postuna təsadüfən gəlmiş, gətirilmiş adam olmayıb. O, hələ gənc yaşlarından özünü fəal komsomol liderlərindən biri kimi göstərib, SSRİ gənclərinin rəhbəri olub. 1991-ci ilə qədər artıq onu Kremldə yaxşı tanıyırdılar. Yanayev beynəlxalq forumlar keçirib, xarici ölkələrlə körpülər qurub, qatı sovet patriotu kimi ad çıxarıb.
O, partnomenklatura adamı olaraq SSRİ-nin toxunulmazlığına, Kommunist Partiyasının hakimiyyətinin əbədiliyinə inanan biri olub. Bu şəxsin qiyamçılara qoşulması təsadüfi deyil. O, dağılmaqda olan SSRİ-nin qorunub saxlanmasına tərəfdar olub. Ancaq qiyam təşəbbüsü başda DTK rəhbəri Vladimir Kryuçkov olmaqla güc nazirlərindən (Puqo, Yazov) gəlib. Onlar bu mülki şəxsin, keçmiş komsomol liderinin arxasında gizlənərək yeni diktatura bərqərar etmək fikrində olublar.
Əslində Yanayev liderlik keyfiyyətinə malik bir şəxs olub, ancaq, görünür, alkoqola aludəçiliyi və həmişə ayıq-sayıq olan sovet generallarının daha zabitəli və xarizmatik olması onu müqəvvaya çevirib.
Digər sovet rəhbərlərindən fərqli olaraq G.Yanayev milli siyasətdən yaxşı xəbərdar olub. 1989-cu il iyulun 12-də SSRİ Ali Sovetinin Millətlər Şurasının qərarı ilə yaradılmış Krım türk xalqının problemləri üzrə komissiyaya rəhbərlik məhz ona həvalə edilib. O, Krım türklərinin Orta Asiyadakı məcburi sürgün yerlərindən öz tarixi vətənlərinə qayıtmasını təşkil etməyə çalışıb.
Yanayev bu işə həvəslə girişib, lakin o zaman Ukraynanın yerli kommunist rəhbərləri Krım türklərinin yavaş-yavaş geri qayıtmasına əvvəlcə gizli şəkildə, sonra isə rəsmi olaraq qadağa qoyub. (Ukraynalılar bunun fəsadını 2014-cü ildə Rusiya Krımı ilhaq edəndə gördülər).
1988-ci ildə Qarabağın dağlıq hissəsində yaşayan ermənilər bölücülük hərəkatı başlayanda Yanayev yenə o biri sovet rəhbərlərindən fərqli olaraq, Ermənistan-Azərbaycan münasibətlərinin incəliklərini daha yaxşı bilib. 1988-ci ildə İrəvana gəlmiş Siyasi Büro üzvlüyünə namizəd Vladimir Dolqix ermənilərin dinə görə müsəlman olmadığını biləndə təəccüblənib. O, erməniləri müsəlman hesab edirmiş.
Qarabağ məsələsinə heç vaxt ən yüksək səviyyədə obyektiv baxılmadığını, Qorbaçovun özünün də həmişə bu məsələyə səthi yanaşdığını görən Yanayev 1991-ci ilin avqust hadisələrindən az öncə Kripopuskov soyadlı yaxın adamına deyib ki, Qorbaçov məzuniyyətə gedir, iş başında özü qalır və Dağlıq Qarabağ məsələsini Təhlükəsizlik Şurasının iclasına çıxarmağa hazırlaşır.
Belə anlaşılır ki, o, SSRİ-ni dağıdan detonatorun Ermənistan və Qarabağ ermənilərinin əlində olduğunu yaxşı anlayır və SSRİ-ni toparlamağa Xankəndi və İrəvandan başlayacaqmış.
Yanayevə qədər SSRİ-də vitse-prezident postu olmayıb. Bu postu 1990-cı ildə SSRİ konstitusiyasına dəyişiklik edərək təsis ediblər və bir növ ABŞ-da olduğu kimi olmasına çalışıblar. Ehtimal olunurmuş ki, bu posta seçilən şəxs prezidentin müəyyən sərəncamlarını yerinə yetirəcək, həmçinin dövlət başçısını “o olmayanda və öz vəzifələrini icra edə bilməyəndə” əvəz edəcək. Ancaq Kreml başbilənləri bu postdan Qorbaçovu devirmək üçün istifadə etməyə çalışdılar və xalqın kommunistlərdən bezmişliyini, eləcə də “demokratik hərəkat”ın liderinə çevrilmiş Boris Yeltsinin edə biləcəklərini nəzərə almadılar.
Sonradan bilinib ki, Qorbaçov heç də Yanayevi dövlətin ikinci postuna təyin etmək fikrində deyilmiş. Lakin dekabrın 25-də bu posta əsas namizəd olan baş nazir Nikolay Rıjkov infarkt keçirib, ikinci namizəd Eduard Şevardnadze gözlənilmədən demarş edib, (yəqin ki, 1989-cu ilin aprelində Tiflisdə törədilmiş qırğına görə) “yaxınlaşan diktaturaya etiraz olaraq” xarici işlər naziri postundan istefa verib. Nəticədə Qorbaçov həmkarlar ittifaqının rəhbəri Yanayevi öz yaxın tərəfdarı Yevgeni Primakovdan üstün tutaraq, dövlətin ikinci adamı vəzifəsinə gətirib.
Yeltsin və komandasının dirənişi ilə süqut edən “avqust qiyamı”ndan dərhal sonra, avqustun 22-də Yanayevi həbs ediblər. RSFSR-in baş prokuroru Valentin Stepankov əməliyyatçılarla birlikdə Yanayevin yanına gəlib və onu qandallayaraq “Matrosskaya Tişina” türməsinə aparıb. Orada onu zorlamaya görə tutulmuş şəxslə eyni kameraya salıblar. SSRİ-nin dağılmasının qarşısını almaq istəyən şəxsi SSRİ-yə xəyanətdə ittiham ediblər.
Sonradan Qorbaçov Yanayev haqda deyib ki, onun qurultayda tribunadan bir neçə çıxışını izləyərək qətiyyətli baxışını, inamlı davranışını görərək yüksək işgüzar keyfiyyətlərə malik olduğunu düşünüb və yanılıb.
Ancaq onun Yanayevi məhz zəif şəxsiyyət, üstəlik, alkoqolik olduğu üçün bu vəzifəyə gətirdiyi ehtimal olunur. Adətən o cür həlledici ola biləcək vəzifəyə güclü lider təyin etmirlər.
Həbsdən çıxandan sonra Yanayev tamamilə tək yaşayıb. Dost-tanışları onunla əlaqə saxlamağa qorxublar. Ona heç kim iş verməyib və “üçgünlük prezident” maddi sıxıntı çəkib.
Amma keçmiş vitse-prezident şikayət etməyib və taleyinə boyun əyib. Nəhayət, 2002-ci ildə Beynəlxalq Turizm Akademiyasının rektoru Yanayevə müəllim vəzifəsi təklif edib və bu, onu çox sevindirib. Yanayev milli tarix və beynəlxalq münasibətlər kafedrasına rəhbərlik edib.
O, 2010-cu il sentyabrın 24-də 73 yaşında Moskvada vəfat edib. G.Yanayev onu xatırlayanların yaddaşında “əlləri titrəyən qiyam rəhbəri” kimi qalıb.
Araz Altaylı, Musavat.com
26 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ