Onlayn ictimai-siyasi qəzet
Sultanahmet məscidi xarici və daxili görünüşü ilə təkcə, yerli turistlərin deyil, əcnəbi turistlərin də ən çox ziyarət etdiyi məkanlardandır. Bu da təsadüfi deyil çünki İstanbulun Fatih səmtində yeləşən məscid möhtəşəm görünüşü ilə seçilir. Türk İslam memarlığının ən diqqətçəkən və dünyaca məşhur tikililərindəndir. Hətta ABŞ-nin keçmiş prezidenti Bill Klinton bu məscidi iki dəfə ziyarət edib.
Məscidin tarixinə nəzərə salmadan öncə gediş üçün rahat yollarla tanış olun.
Taksim-Beyazıt avtobusundan istifadə edərək Beyazıta gedə, tramvay küçəsi ilə Sultanahmet tərəfə 10 dəqiqəyə piyada gəzərək çata bilərsiniz. Başqa bir yol Taksim Funikulyoru ilə Kabataşa getmək, sonra Kabataş-Zeytinburnu tramvayı ilə Sultanahmet dayanacağında enməkdir.
Sultanahmet məscidi namaz vaxtları istisna olmaqla, hər gün saat 09:00-18:00-da ziyarətçilərə açıqdır. Giriş pulsuzdur.
Təxminən 400 illik tarixi olan Sultanahmet məscidi hər il Ramazan ayında ziyarətçilərlə dolu olur. Elə bizim ziyarətimiz də Ramazan ayına təsadüf etdi.
Sultan “minareler “altından yapılsın” dedi, memar isə yanlış anladı
Sultanahmet məscidi 1609-1616-cı illər arasında Sultan I Əhməd tərəfindən tikdirilib. Məscidin inşasında sultanlar belə sözün əsl mənasında əllərini daşın altına qoyublar. Sultan I Əhmədin bünövrə qoyularkən istifadə etdiyi qazma aləti hazırda Topkapı Sarayı muzeyində sərgilənir. Saysız-hesabsız insanın zəhməti ilə məscidin tikintisi 7 il 5 ay 6 günə başa çatdırılıb. Dövrünün tanınmış memarı Sədəfkar Məhmət Ağanın şah əsərlərindən idi bu məscid. O bütün dövrlərin ən məşhur memarlarından biri olan Memar Sinanın tələbəsi olub. Məscidə xeyli kənardan baxanda əzəmətli təəssürat yaradır. Bu təəssürat yaxından izləyəndə daha da böyüyür. Aşağıdan yuxarıya baxdıqda, üst-üstə qalxan günbəzlər, mavi çinilər günəş şüaları altında bərq vurur. Mavi demişkən, məscidin inşasında mavi rəngdən çox istifadə olunduğu üçün əksər turistik turlarda məscidin adı Blu mosk (Blue mosque), yəni mavi məscid deyə qeyd edilir.
Sultanahmet məscidi Osmanlı İmperatorluğunun ən möhtəşəm və o dövr üçün yeganə 6 minarəli məscidi kimi tanınır.
Rəvayətə görə, Sultan I Əhməd tikdirmək istədiyi məscidin minarələrinin qızıl ilə hazırlanmasını istəyib. Memar Sədəfkar Məhmət Ağa isə bunun çox baha başa gələcəyini düşünüb. Səhv eşitdiyini güman edən memar tikinti planını hazırlayıb. Minarələr qızıldan deyil, həm də 6 ədəd tikilir. Türkçə ifadə etsək, “minareler altından deyil, 6 adet şeklinde inşa edildi”. İnşa başa çatana yaxın məscidin möhtəşəmliyi hər kəsi heyran qoyur. Lakin sultan tərəddüd içində idi. O dövrdə 6 minarəli yeganə tikili Kəbə idi. Sultan bu oxşarlığın Kəbəyə qarşı hörmətsizlik olduğunu bildirərək, təcili həll tələb etdi. Memar çıxış yolunu Kəbəyə yola düşməkdə gördü. 2 ildən sonra memar geri döndü və sultana Kəbənin 7 minarəsinin olduğunu, beləliklə, heç bir problem olmadığını bildirdi. Beləliklə, Sultanahmet camisi Türkiyənin ilk 6 minarəli camisi oldu. Topqapı sarayının sakinləri cümə namazını məhz Sultanahmet məscidində qılıblar.
Sultanahmet məsciddən daha çox, bir çox funksiyanı daşıyan nəhəng kompleks idi. Məscid mədrəsələrdən, Sultan qəsrindən, arasta, yəni üstü örtülü bazar, çeşmələrdən, türbədən, xəstəxanadan, məktəbdən, dükanlardan, hamamdan və kirayə otaqlarından ibarət sosial kompleks funksiyasını daşıyaraq İstanbulun sahəsinə görə ən böyük binalarından biri idi. Təəssüf ki, bu tikililərin bəziləri günümüzə qədər gəlib çatmayıb. Qızıldan və digər qiymətli daşlardan hazırlanmış çilçıraqlar çıxarılıb, bəziləri talan edilib. Övliya Çələbi yazır ki, Sultanahmet məscidindəki çilçıraqlar 100 Misir xəzinəsi qədər qiymətli idi.
43 metr hündürlüyündə günbəz, 260 pəncərə, 22 min çini
Memarlıq baxımından detallara diqqətlə baxsaq, məscidin 16 şerefesi, yəni minarə eyvanı var. Bu, Sultan I Əhmədin 16-cı sultan olduğunu bildirir. Məscidin bəzədilməsində istifadə olunan çinilər İznik və Kütahyadan gətirilmişdi. Lalə, müxtəlif meyvələr və sərv naxışlı çinilərin təxminən 22 min ədəd olduğu deyilir. Çinilərin görüntüsünü daha da diqqətçəkən etmək üçün 260 pəncərə qoyulub. Nəhəng günbəzin hündürlüyü 43 metrdir. Divarlardakı lövhələrdə xəlifələrin adları qeyd olunur. Tarixçilər məscidin layihəsində Osmanlı İmperiyasının məscid mədəniyyəti ilə Bizans İmperiyasının kilsə mədəniyyətinin sintez edildiyini düşünürlər.
Əgər ziyarət zamanınız azan verilən vaxta düşsə, içəridəki ab-havanı duymaq şansınız olacaq. Azan səsi eşidərək məsciddə olmaq inanılmaz huzur yaşadır. Məscid təkcə, müsəlmanlar üçün deyil, digər dinlərə itaət edənlər üçün də eyni hisləri yaşadır. Ətrafa nəzər salmaq kifayətdir. Hər kəs gözləri ilə möhtəşəm məscidi seyr edir, tarixin ruhunu özündə yaşadan, pəncərələrdən süzülüb gələn işıqla aydınlanan məscidin yaşatdığı duyğuların sehrinə düşür.
Bu arada Sultanahmet məscidində, təkcə müsəlman ziyarətçilər üçün deyil, həm də əcnəbilər üçün xütbələr verilir. Cümə namazından sonra və dini günlərdə növbətçi imamlar tərəfindən ingilis dilində xütbələr verilir.
Sultanahmet məscidi YUNESKO tərəfindən Ümumdünya İrs Siyahısına daxil edilib.
Nigar HƏSƏNLİ,
İstanbul, Türkiyə,
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ