Onlayn ictimai-siyasi qəzet
Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyan bütün ermənilərin katolikosu II Qareginin sentyabrın 28 keçirilən dini mərasimdə iştirakdan imtina ediblər. Onlar bu gün Eçmiədzin kilsəsinin təmirdən sonra açılış mərasimində də iştirak etməyəcəklər.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Eçmiədzində keçirilən bayram tədbirlərinə çoxlu qonaqlar, o cümlədən xarici nümayəndə heyətləri və müxalifət nümayəndələri dəvət olunub. Tədbirə baş nazir Nikol Paşinyan və hökumət üzvləri də dəvət olunublar. Ermənistanın ikinci və üçüncü prezidentlərinin Eçmiədzinin dəvətini rədd etməsi gözlənilməz olub, çünki onlar Paşinyandan fərqli olaraq hakimiyyətləri illərində həmişə kilsəyə sədaqətləri ilə seçiblər.
Köçəryanın ofisinin nümayəndəsi Baqrat Mikoyan “Sputnik Ermənistan”a açıqlamasında imtinanın səbəbini izah edib. “Səbəb hökumət nümayəndələrinin tədbirdə iştirakıdır. Eyni zamanda, vurğulamaq istəyirəm ki, Robert Köçəryan həmişə Erməni Apostol Kilsəsinə böyük hörmətlə yanaşıb”, - Mikoyan bildirib.
Serj Sarkisyanın ofisindən də bildirilib ki, eks-prezident dəvətə görə katolikosa minnətdardır, lakin Ermənistanın hazırkı hakimiyyət nümayəndələri ilə birlikdə mərasimlərdə iştirakını qəbuledilməz hesab edir.
Bütün ermənilərin katolikosu II Qaregin respublikanın ali siyasi rəhbərliyinin nümayəndələrini sentyabrın 29-da Eçmiədzində keçiriləcək mərasimə dəvət etməsi Paşinyanla barışıq istiqamətində atılmış addım hesab olunur. II Qareginlə Paşinyan arasında soyuqluq hələ 2018-ci ilin “məxməri inqilab”ından sonra yaranıb, gərginlik zaman-zaman hətta qarşıdurma səviyyəsinə çatıb.
2020-ci ilin payızında Ermənistanın 44 günlük müharibədə məğlub olmasından sonra hakimiyyət və kilsə arasında qarşıdurma davamlı xarakter alıb. 2020-ci il dekabrın 8-də, müharibənin bitməsindən bir ay sonra II Qaregin hətta Nikol Paşinyanı istefaya da çağırıb. O vaxtdan bəri katolikos və baş nazir ümumiyyətlə əlaqə saxlamayıb və rəsmi tədbirlərdə birgə iştirakdan yayınıblar. İndi isə münasibətlər qarşılıqlı nifrət həddinə çatıb.
II Qaregin müsahibələrində kilsə ilə hakimiyyət arasında gərginlik və ciddi fikir ayrılıqlarının olduğunu gizlətməyib. Ermənilərin Dağlıq Qarabağı tamamilə tərk etməsi də hakimiyyətlə kilsə arasında münaqişəni daha da artırıb. Katolikos “artsax”ın itirilməsinin əsas səbəblərindən biri kimi “Ermənistan hakimiyyətinin Dağlıq Qarabağla bağlı yanlış siyasətini” göstərib.
Bu ilin aprel ayında Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının arxiyepiskop Baqrat Qalstanyanın əsas tələbi Paşinyanın istefası oldu ki, bu da hakimiyyətlə Eçmiədzin arasında növbəti nifaq yaratdı. Paşinyan və onun tərəfdarları hesab edirlər ki, bu aksiyalar II Qaraginin “xeyir-duası” ilə başlayıb. Təsadüfi deyil ki, Nikol Paşinyan aksiyalarla bağlı mətbuat konfransında bildirib ki, katolikos faktiki olaraq siyasi hərəkata rəhbərlik edir. Hökumətin Erməni Apostol Kilsəsinə vergi sistemi tətbiq etməsi də bu gərginliyin sübutlarından biridir.
Bu gün bu barışıq olacaqmı?
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ