İnsanlara hürriyət, millətlərə istiqlal!

Jukovu özünə həmkar sayan nasist generalı – o, sonda Göbbelsə özünü güllələməyi məsləhət görüb  

 

Birinci Dünya müharibəsi başlananda onun 16 yaşı olub. Yaşı orduda xidmətə düşməsə də Hans Krebs könüllü olaraq cəbhəyə yollanıb.

Müharibədən sonra isə o, hərbçi  olmaq qərarına gəlib. Uşaqlıqda nadincliyi ilə fərqlənən Krebs qısa müddət ərzində hərbi xidmətdə ən intizamlı, çevik və bacarıqlı bir hərbçi kimi tanınıb. Xüsusi hərbi kursları bitirdikdən sonra o, xidmətini zabit kimi davam etdirib. 1930-cu ildə artıq kapitan rütbəsində olan Hans Krebs Berlində hərbi nazirlikdə xidmətə dəvət edilib. İki il nazirliyin xarici ölkələr ordusu şöbəsində xidmət etdikdən sonra o, Moskvaya göndərilib, Almaniyanın SSRİ-dəki hərbi attaşesinin müavini vəzifəsinə təyin edilib.

Bu təyinat Hans Krebsin hərbi karyerasında böyük rol oynayıb. O, qısa müddətdə rus dilini mükəmməl öyrənib, sərbəst danışmağı və yazmağı bacarıb. SSRİ haqqında sovet vətəndaşları qədər bilgiləri olması, beynəlxalq müstəvidə baş verən hərbi siyasi hadisələri analiz edə bilməsi, məntiqli təhlilləri ilə ətrafdakı insanların diqqətini özünə cəlb edə bilib. Moskvada olarkən Hans Krebs yüksək vəzifəli hərbçilərlə, o cümlədən Georgi Jukovla da yaxından tanış olub və ona “həmkar” deyə müraciət edib.

7807218.jpg (56 KB)

Hans Krebs Moskvada xidmət etdiyi zaman SSRİ silahlı qüvvələri haqqında mümkün olan qədər əldə etdiyi informasiyaları məxfi şəkildə Almaniyaya ötürüb. Hitlerin dünyaya sahib olmaq üçün gələcək planlarının həyata keçirilməsində bu informasiyalar olduqca dəyərli sayılıb. Elə məhz həmin illərdə Hitler Hans Krebsin xidmətlərinə yüksək qiymət verib.

1941-ci ildə Moskvadan polkovnik rütbəsi ilə dönən Hans Krebs Berlinə çatan kimi şəxsən Hitler tərəfindən general rütbəsi ilə mükafatlandırılıb. General Hitlerin bir nömrəli SSRİ üzrə mütəxəssisi sayılıb.

Qərargah işləri üzrə ən yaxşı mütəxəssislərdən biri kimi tanınan Krebs əvvəlcə 9-cu ordunun qərargah rəisi, daha sonra isə Almaniya silahlı qüvvələrinin mərkəzi ordusunun qərargah rəisi vəzifələrinə təyin edilib.

Hərbi karyerasında bir-birinin ardınca yüksək təltiflər və vəzifələr qazanan Hans Krebs 1945-ci ilin əvvələrində daha yüksək bir vəzifəyə, quru qoşunları ali komandanlığına baş qərargah rəisi təyin edilib. Bu, onun sonuncu uğuru və sonuncu vəzifəsi olub. Özünə güvənən nasist general bu uğurları qazandığı vaxtlarda yəqin ki, ağlına gətirməyib ki, rəqib tərəfin generalı qarşında aciz qalacaq.

scale_1200-1.png (275 KB)

1945-ci ilin aprelin 29-da Hitler öz bunkerində Yeva Braunla rəsmi nikaha girdikdən sonra şəxsi katibi Traudl Yunqeni yanına çağırıb və ondan diktə etdiyi vəsiyyəti yazmağı xahiş edib. Gecə saat 4-də həmin vəsiyyətin həqiqətən də Hitler tərəfindən yazılmasına şahidlik etmək üçün Göbbels, Borman, Burqdorf və Hans Krebs Hitlerin otağına dəvət olunub. Hitler vəsiyyətində heç kimin adını fürerliyə və partiyaya rəhbərliyə namizəd göstərməyib. O, yalnız Göbbelsi reyxskansler təyin edib və məlum olduğu kimi, səhəri gün Hitler intihar edib.

1945-ci ilin mayın 1-də Göbbels Hans Krebsi həm vəzifə ranqına, həm də rus dilini mükəmməl bildiyinə görə Berlinə hücum edən sovet qoşunlarının komandanlığı ilə danışıqlara göndərib. Hans Krebs general Vasili Çuykovun qərargahına yollanıb, sülh və barışıq müqaviləsi bağlanması haqqında fikrini bildirib. Çuykov Georgi Jukovla əlaqə saxlayıb, marşalın telefondakı sərt səsini rus dilini yaxşı bilən Hans Krebs də eşidib. Jukov bildirib ki, heç bir barışıq və sülhdən söhbət gedə bilməz, yalnız qeyri-şərtsiz kapitulyasiya.

7807228.jpg (82 KB)

Bu danışıqdan sonra Çuykov Krebsə əli ilə qapını göstərib:

-Berlindəki sovet qoşunları komandanlığının qərargahını tərk edə bilərsiniz.

Krebs yaxşı anlayıb ki, sovet generalları ilə danışıqlar aparmaq heç bir nəticə verməyəcək. Bunkerə qayıtdıqdan sonra o, Göbbelslə görüşüb:

-Biz özümüzü bu qədər alçaltmalı deyilik.

Aciz vəziyyətdə olan Göbbels Krebsdən çıxış yolunu soruşub:

-Biz indi nə etməliyik?

-Özümüzü güllələməliyik.

Həmin gün axşam saat 20-21 radələrində Göbbels və həyat yoldaşı 6 övladlarına əvvəlcə morfi iynəsi vurdurublar, sonra isə sianidlə zəhərləyərək öldürüblər. Daha sonra hər ikisi özünü güllələyib.

Hans Krebs isə bu dəhşətli mənzərədən sonra fürerin bunkerinin mətbəxinə keçib, tapança ilə ürəyinə atəş açaraq intihar edib.


İlham Cəmiloğlu, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR