Onlayn ictimai-siyasi qəzet
14 illik fasilədən sonra dünən ABŞ-ın Dəməşqdəki səfirliyi fəaliyyətini bərpa etdi. ABŞ-ın Türkiyədəki səfiri və eyni zamanda prezident Trampın Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barrak Dəməşqin mərkəzində Əbu Rummanə kvartalında yerləşən ABŞ səfirinin iqamətgahında ABŞ dövlət bayrağının təntənəli surətdə açılışını etdi. Bu, formal olaraq səfirliyin fəaliyyətinin bərpa olunması deməkdir. Mərasimdə Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani də iştirak edib.
Qeyd edək ki, ABŞ-ın Dəməşqdəki sonuncu səfiri Robert Ford 2011-ci ildə Bəşər Əsəd hakimiyyəti tərəfindən “arzuolunmaz şəxs” elan olunduqdan sonra səfirlik fəaliyyətini dayandırmışdı. Ancaq ötən il dekabrında Suriyada rejim dəyişikliyi baş verdikdən sonra ABŞ hökuməti Dəməşqlə əlaqələrini sürətli şəkildə bərpa edib.
İlk olaraq dekabrın sonlarında ABŞ dövlət katibinin Yaxın Şərq işləri üzrə müavini Barbara Leafın rəhbərlik etdiyi heyət Dəməşqə səfər edərək yeni Suriya rəhbərliyi ilə görüşüb və bu zaman Suriyaya sanksiyaların götürülməsi, habelə Əhməd əş-Şara haqqındakı terrorçu siyahısından çıxarılması və başına qoyulmuş mükafatın ləğv edilməsi qərara alınıb.
May ayında isə ABŞ-Suriya əlaqələri daha da sürətlə yaxınlaşıb. Mayın 14-də Səudiyyə Ərəbistanında səfərdə olan ABŞ prezidenti Tramp Suriyanın yeni prezidenti Əhməd əş-Şara ilə görüşüb və Suriyaya qoyulan embarqonun götürüləcəyini elan edib. Mayın 20-də isə ABŞ-da Türkiyə və ABŞ xarici siyasət idarələri səviyyəsində Suriya toplantısı keçirilib.
Bunun ardınca isə elan olunub ki, Trampın yaxın adamı və Türkiyədəki səfiri Tomas Barrak eyni zamanda Suriya ilə əlaqələrə cavabdeh xüsusi nümayəndə təyin olunub. Və ötən həftə şənbə günü İstanbulda Barrak Suriya prezidenti Əhməd əş-Şara və xarici işlər naziri Əsəd əş-Şeybani ilə görüşüb. Və belə görünür ki, İstanbul görüşündə Suriyadakı ABŞ səfirliyinin fəaliyyətinin bərpa olunması qərarlaşdırılıb və dünən qərar rəsmən icra olunub.
Tomas Barrak
Yeri gəlmişkən, Tomas Barrak ABŞ bayrağının qaldırıldığı mərasimdə çıxışı zamanı Suriya hökumətinə İsraillə dialoq və qarşılıqlı olaraq “hücum etməmə” sazişi imzalamaq çağırışı edib. Yeri gəlmişkən, bir qədər əvvəl Trampın Yaxın Şərq təmsilçisi Stiv Uitkof Suriya və Livanın “İbrahim Razılaşması” sazişinə qoşula biləcəyini bildirmişdi. Görünür ki, amerikalıların Suriya ilə bağlı planlarına İsraillə razılaşma maddəsi də daxildir və bunu Suriya hökuməti ilə münasibətlərin qurulmasında şərtlərdən biri kimi irəli sürür.
ABŞ hökumətinin Suriya hökumətindən ikinci və əsas tələbi isə Suriya ərazisindəki İŞİD qalıqları ilə mübarizədir. Konkret olaraq Vaşinqtonun yeni Dəməşq hökumətindən tələbləri sırasında İŞİD-ə qarşı qətiyyətli mübarizə, həmçinin kürdlərin nəzarətində olan ərazilərdəki İŞİD məhkumlarının və ailələrinin saxlandığı düşərgələrin taleyi ilə bağlı idi.
Qəribə də olsa, elə dünən Bəşər Əsədin devrilməsindən sonra ilk dəfə İŞİD Suriya hökumət qüvvələrinə hücum təşkil edib. Suveyda vilayətində baş verən hadisə zamanı İŞİD terrorçuları Suriya ordusunun 70-ci diviziyasına məxsus avtomobili partladıb. Nəticədə 1 nəfər ölüb, 3 nəfər isə yaralanıb. İŞİD yaydığı bəyanatda yeni hökuməti sərt şəkildə tənqid edərək “dindən çıxmış” (mürtəd) adlandırıb.
Qeyd edək ki, İŞİD və hazırkı Suriya hakimiyyətinin özəyini təşkil edən ən-Nusra cəbhəsi arasında toqquşmalar 2014-cü ilin əvvəlində baş verib. Həmin vaxt İŞİD daha güclü olduğu üçün Suriyanın şimal-şərqində böyük əraziləri ələ keçirərək, mərkəzi Raqqa şəhəri olmaqla, öz hakimiyyətini qurmuşdu.
Ancaq İŞİD 2019-cu ildə Raqqa da daxil olmaqla, Suriyadakı sonuncu məntəqəsi olan Bağuz qəsəbəsini itirib və səhraya çəkilərək “yeraltında” fəaliyyətini davam etdirib. Bu dövrdən sonra İŞİD əsasən rejim qüvvələrinə və kürdlərə qəfil hücumlar təşkil edib.
Ancaq Suriyada hakimiyyət dəyişdikdən sonra yeni hakimiyyət də İŞİD-ə qarşı bəzi addımlar atıb, bir neçə İŞİD lideri amerikalılar tərəfindən məhv edilib və Dəməşqdə terror planlaşdıran İŞİD üzvləri ələ keçirilib.
Yeri gəlmişkən, Suriya hakimiyyəti ölkənin cənubunda İŞİD-ə qarşı mübarizə məqsədilə İordaniya ilə birlikdə koordinasiya mərkəzi yaradıb. Ancaq görünür ki, amerikalıların İŞİD xəbərdarlığı xeyli dərəcədə əsaslı imiş və artıq İŞİD Suriyada yeni hakimiyyətə qarşı “müharibə elan” etmiş oldu.
Əlbəttə, hazırda İŞİD-in yenidən əvvəlki qədər güclənərək yeni Suriya hakimiyyəti üçün təhdid yaratması ehtimalı azdır, lakin təhlükə olaraq qalacaq. Lakin İŞİD-in yenidən meydana çıxması həm də o deməkdir ki, bu prosesin arxasında maraqlı qüvvələr var və İŞİD-in birdən-birə fəallaşması və partlayış törətməsi təsadüfi deyil.
İkincisi, İŞİD faktorunun qabarması və yeni Suriya üçün təhdidə çevrilməsi həm də Dəməşqin yeni hakimiyyətini xarici müttəfiqlərindən daha da asılı vəziyyətə gətirmiş olacaq. Və eyni zamanda təhlükəsizlik tədbirlərini daha da artırmaq üçün əsas verəcək. Bu da öz növbəsində dinc quruculuq işlərini daha da axsadacaq, təbii olaraq təhlükəsizlik məsələlərini ön plana çıxaracaq.
Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com
01 Iyun 2025
31 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ