Onlayn ictimai-siyasi qəzet
“Ən genişmiqyaslı, sistematik, məqsədyönlü və ədalətli erməni qisasının alternativi olmamalıdır, çünki bu, yalnız bizim şərəfimiz deyil, həm də nəsillərimizin təhlükəsizliyi məsələsidir”. “Yeni Müsavat” bildirir ki, bu sözlər hər hansı bir blogerə deyil, Ermənistanda akademik dairələrin tanınmış nümayəndəsi, şərqşünas Vardan Voskanyana məxsusdur. Bu barədə Caliber.az-ın Yutub kanalında yayımlanan yeni süjetdə bildirilir.
“Sitat mücərrəd kimi görünsə də, daha sonra Voskanyan açıq təhdidlərə keçir. O, faktiki olaraq Azərbaycan vətəndaşlarına qarşı terror aktlarının törədilməsinə çağırır. Voskanyanın sözlərinə görə, belə hərəkətlər ədalətlidir, çünki Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı beynəlxalq qaydaları pozub. Bir sözlə, uydurma ”mənəvi qisas" pərdəsi altında azərbaycanlıların qətli üçün birbaşa çağırış edilir. Vardan Voskanyanın Azərbaycan vətəndaşlarına qarşı zorakılıq aktlarına çağırışlarının ciddiliyini anlamaq üçün onun portretinə daha bir xarakterik cizgi əlavə edək. O, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın başçılıq etdiyi “Vətən” partiyasının üzvüdür. Məlum olduğu kimi, kəşfiyyatçıların və əks-kəşfiyyatçıların sabiqi olmur", - deyə süjetdə bildirilir.
Azərbaycana qarşı terror çağırışı ilə çıxış edən təkcə Voskanyan deyil. Zaman-zaman başqa radikal-revanşistlərin dilindən də eyni hədələr səslənir. Bu kimi faktlar rəsmi Bakının Ermənistan konstitusiyası ilə bağlı legitim tələbinin nə dərəcədə əsaslı olduğunu bir daha ortaya qoyur. Nə barədə ki, Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində keçirilən beynəlxalq forumda çıxışı zamanı növbəti dəfə, qəti şəkildə bəyan edib. Dövlət başçısı təəssüflə onu da qeyd edib ki, ermənilərin, o cümlədən erməni siyasətçilərinin, həmçinin hakimiyyətdəkilərin şüurunda hələ də “böyük Ermənistan” xülyası qalır.
Bəs Azərbaycan nələrə daha çox diqqət etməlidir (neft-qaz infrastrukturları və s.)? Nəzər almaq lazımdır ki, ermənilər terrorçuluqda yetərincə “təcrübə” toplamış mazoxist bir toplumdur. Onlar yeri gələndə hətta özlərinə qarşı da bu üsuldan istifadə edirlər. 1999-cu ilin 27 oktyabrında Ermənistan parlamentinin gülləbaran edilməsini yada salmaq kifayətdir...
Ramil Məmmədli
“Nə qədər sülh sazişi yoxdur, təhlükə və təhdid həmişə olacaq”,- “Yeni Müsavat”a danışan hərbi ekspert Ramil Məmmədli Ermənistandan səslənən hədələri belə şərh etdi. Tarix boyu erməni terroru ilə üzləşdiyimizi vurğulayan hərbi şərhçi vurğuladı ki, hər an ayıq-sayıq olmalı, sərhədlərimizin təhlükəsizliyini təmin etməliyik. R. Məmmədli qeyd etdi ki, İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətin təsirləri hələ də erməni xalqının canından çıxmayıb, ona görə vaxtaşırı belə qisas çağırışları eşidilir: “44 günlük müharibənin nəticələri erməniləri qəflət yuxusundan oyatdı. Onlar azı 30 ildə arxayınlaşmışdı ki, Qarabağda müharibə olmayacaq və torpaqları azərbaycanlılar azad edə bilməyəcək. Ona görə də erməni cəmiyyətində həm məğlubiyyətin gətirdiyi bədbinlik, ümidsizlik var, həm də qisas hissi, intiqam, hikkə hökm sürür”.
R.Məmmədli bununla belə Ermənistanın yeni müharibəyə hazır olmadığını əlavə etdi: “Onlar başa düşüblər ki, Azərbaycanla yeni döyüşlər axmaqlıq olardı. Əvvəla Ordumuzun qüdrətinə bələddirlər, ikincisi, erməni xalqı yeni döyüşə hazır deyil, ən nəhayət, geosiyasi şərtlər İrəvanın əleyhinədir. Sadəcə, Voskanyan kimilər qisasçılığı aşılayır, cəmiyyəti inandırmağa çalışır ki, nə vaxtsa yenidən savaşmağa hazır olmalıdırlar. O nöqteyi-nəzərdən terror dili ilə danışırlar. Amma Voskanyan kimi terrorçuların bir qismi Bakıda mühakimə edilir. Əgər onun da belə həvəsi varsa, buyursun, Azərbaycanın güc strukturları onu gözləyir”.
Ekspert sonda dedi ki, kimsə terrordan sığortalanmayıb, erməni terroru isə başımıza əsrlər boyu gəlib, lakin Azərbaycan dövlətinin xüsusi xidmət orqanları da, ordusu da ən yüksək səviyyədə fəaliyyət göstərir: “Yada salaq ki, Tovuz döyüşləri zamanı ermənilər Azərbaycanın enerji infrastrukturunu təhdid edən addımlar atmaq istəyirdilər, lakin layiqli cavab aldılar. Ona görə növbəti belə bir cəhd Ermənistan üçün daha böyük fəlakətlə nəticələnə bilər. Əgər Paşinyan onları susdurmasa, Azərbaycan nə edəcəyini çox yaxşı bilir. Qoy onları nə gözlədiyini bilsinlər”.
Züriyə Qarayeva
Siyasi ekspert Züriyə Qarayeva isə xatırlatdı ki, 90-cı illərin əvvəllərində Ermənistanın rəsmi dairələri “Daşnaksütyun”, ASALA, MAQ, “Erməni birliyi”, “Erməni Azadlıq cəbhəsi” və digər məşhur erməni terror təşkilatları fəallarının reabilitasiyası məqsədi ilə genişmiqyaslı kampaniyaya başlamışdı, onlara sığınacaq verməklə yaşayış və fəaliyyətləri üçün şərait yaratmışdı, müvafiq maliyyə dəstəyi göstərmişdilər: “Ermənilər terrorçuluq əməlləri ilə türk diplomatlarını da hədəfə alıblar, Azərbaycanda da terror aktları törətməyə çalışıblar. Yəni o cəmiyyətdə xəstə təfəkkürlü, qisas hissi ilə alışıb yanan revanşist-terrorist qüvvələr bu gün də var. Prezident təsadüfən demədi ki, bu gün Ermənistanda güclü revanşist qruplar mövcuddur. Bu, dəqiq informasiyaya söykənən fikirdir. Onlar Paşinyan hakimiyyətinin gedişini gözləyirlər və ümid edirlər ki, yenidən münaqişə başlaya bilər. Amma hesab edirəm ki, ermənilər 44 günlük müharibədən dərs götürməlidirlər”.
Z.Qarayeva söylədi ki, Azərbaycan öz təhlükəsizliyini ən yüksək səviyyədə təmin edir: “Azərbaycan quru sərhədlərini də bu səbəbdən bağlı saxlayır. Cənab prezident bildirib ki, quru sərhədlərin bağlı qalması təhlükəsizliklə əlaqədardır. Yəni təkcə Ermənistandan söhbət getmir, Rusiya müharibə şəraitindədir, İrana hücum riski qalır, belə şəraitdə Azərbaycan özünü qoruyur. Düşünürəm ki, Paşinyanın rəhbərlik etdiyi hökumət Voskanyanın çağırışlarına reaksiya verməlidir. Ümumiyyətlə, Ermənistan hüquq-mühafizə orqanları onu təhdidlərinə görə məsuliyyətə cəlb etməlidir. Çünki qisasa çağırır, nifrət toxumunu səpir, düşmənçiliyi qızışdırır və sülh prosesinə zərər vurur”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
19 Aprel 2025
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ