İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan gərginliyi buna görə artırır - SENSASİYA yaradacaq SƏBƏB

Düşmən ölkə “həmsədrlər”i diriltmək üçün gərginliyi tətikləyir, erməni revanşistlər getdikcə reallıq hissini itirir; Ermənistanın status-kvonu qoruyub-saxlamaq niyyəti ona baha başa gələ bilər

Ermənistanın Azərbaycana ərazi iddiasından rəsmi səviyyədə tam imtina etmədiyinin bir təzahürü də onun ATƏT-in üzdəniraq Minsk Qrupunun (MQ) ləğvindən imtinasıdır.

Məlumdur ki, rəsmi Bakının bununla bağlı İrəvana ATƏT-ə birgə müraciət təklifinə İrəvan imtina cavabı verib. Bu da kapitulyant ölkənin hətta hakimiyyət səviyyəsində revanşist ovqatının qaldığını təsdiqləyir. Biz hələ radikal müxalifəti demirik. “Azərbaycanın Minsk Qrupunu buraxmaq istəyi Qarabağ məsələsini beynəlxalq səviyyədə bağlamaq cəhdi ilə bağlıdır. Minsk Qrupu səlahiyyəti olan yeganə format kimi istənilən vaxt Qarabağ probleminə qayıda bilər”. Bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini, revanşist müxalifətçi Artak Zakaryan deyib. “Bu gün MQ Rusiya, ABŞ və Fransa arasında dərin ziddiyyətlərə görə dondurulub. Amma ola bilsin, məsələn, Tramp yenidən seçildikdən sonra bu format yenidən işə salınsın”, - Zakaryan iddia edib. Radikal erməni ardınca bir az da eyforiyaya qapılaraq bildirib ki, guya dünyada “Azərbaycanın özündən başqa heç kim Qarabağ məsələsinin bağlandığını bəyan etməyib”. Onun sözlərinə görə, Minsk Qrupu ən azından Bakıdan “Qarabağ sakinlərinin evlərinə qayıtması üçün” beynəlxalq təminatlar və siyasi-hüquqi şərtlər tələb edə bilər. “Minsk Qrupu İrəvanın rəsmi razılığı olmadan buraxıla bilməz”. Bunu da Zakaryan iddia edib. Erməni radikal revanşistin ümidlənməsinə əsas varmı? Gerçəkdənmi Ukrayna savaşı bitəndən sonra üç keçmiş həmsədr barışacaq və MQ bərpa olunacaq? İkinci yandan, doğrudanmı Minsk Qrupu İrəvanın razılığı olmadan buraxıla bilməz? Azərbaycanın rəsmi imtinası kifayət deyilmi? Göründüyü kimi, erməni revanşistlər getdikcə reallıq hissini itirir, xüsusilə də ABŞ və Fransanın gərginliyi tətikləyən addımları, maliyyə və hərbi dəstəyinin müqabilində... Reallıq budur ki, Ermənistanın status-kvonu qoruyub-saxlamaq niyyəti ona baha başa gələ bilər. Yuxarıdakı aktual suallarla bağlı müraciət etdiyimiz dəyərli ekspertlərimizin olduqca maraqlı və hüquqi əsaslı cavabları oldu.

Sahib Alıyev: Ermənistanın növbəti dəfə belə rəzil duruma düşməsi  diplomatiyamızın uğurudur - AZƏRTAC

Sahib Alıyev

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında əvvəlcə bildirdi ki, ATƏT-də qərarlar konsensus əsasında qəbul olunur: “Ona görə də təkcə Azərbaycan deyil, Ermənistan da Minsk Qrupunun buraxılmasını tələb etməlidir. Ancaq əgər Ermənistanda düşünürlərsə ki, Minsk Qrupunun saxlanması, özəlliklə də həmsədr dövlətlər arasında indiki gərginliyin aradan qalxması "artsax"ı dirildəcək, yanılırlar. Bəyəm həmsədrlər Azərbaycanın İkinci Qarabağ savaşında qələbə çalmasını istəyirdilər? Əlbəttə, yox. Və nəinki istəmirdilər, işğalçı Ermənistana hər cür hərbi-texniki, kəşfiyyat, informasiya və diplomatik dəstək də verirdilər ki, status-kvo qorunub saxlansın. Alındımı? Alınmadı. Rusiyanın hərbi kontingentinin Qarabağı tərk etməsinə Dövlət Departamentindəkilərin təəssüf dolu şərhləri yəqin ki, unudulmayıb. Guya Rusiyanı Qafqazdan sıxışdırıb çıxarmağa çalışdıqlarını bildirən Birləşmiş Ştatların rəsmiləri rəqib gözündə gördükləri ölkənin hərbçilərinin bu baxımdan böyük strateji önəm daşıyan bir yeri tərk etməsinə əslində sevinməli idilər, düzdürmü? Bəs onda niyə təəssüflənirdilər? Çünki onlar Azərbaycanın presedent yaradaraq öz torpaqları üzərində suverenliyini tam təmin etməsindənsə, Rusiya hərbçilərinin Qarabağda qalmalarında maraqlıydılar. Bunları ona görə xatırladıram ki, Minsk Qrupuna həmsədrlik edənlərin aralarındakı ziddiyyətin güclənməsi həmin dövlətlərin bizim regiona yanaşmada yeritdikləri siyasətə elə də böyük təsir göstərməyib". S.Alıyev əlavə etdi ki, onlar bu gün də Azərbaycanın öz torpaqlarını işğaldan qurtarıb üzərində suverenliyini təmin etməsindən heç də məmnun deyillər: “Yəni biz onların istəməmələrinə rəğmən, "artsax"ı hara lazımdır, ora göndərmişik. Orasını da deyim ki, bəli, Minsk Qrupu həmsərlərinin aralarındakı gərginlik səngiyəndə Qarabağda vəziyyət doğrudan da dəyişəcək. Amma haylar arzulayan şəkildə yox. İndi orada yaşayan soydaşlarımızın sayı minlərlədirsə, yaxın perspektivdə on minlərlə, orta perspektivdə isə yüz minlərlə olacaq. Yəni Ermənistanın Minsk Qrupunun buraxılmasını istəməməsi heç nəyi dəyişmir. Bizim o ölkəyə yanaşmamızı da heç dəyişmir".  

Sahib Məmmədov:

Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov bildirdi ki, ATƏT-in Minsk Qrupu və sonradan yaradılmış həmsədrlər institutu heç bir halda bundan sonra Ermənistanla Azərbaycan arasında vasitəçi ola bilməz: “Bu, həm hüquqi baxımdan, həm də mənəvi baxımdan mümkün deyil. 1995-ci ildə ATƏT-in Minsk Qrupu həmsədrlərinə verilən mandata nəzər saldıqda, açıq görünür ki, həmin mandat o dövrdə mövcud olan situasiya üçün idi. Yəni Ermənistan o zaman Dağlıq Qarabağ adlanan bölgəni və ətrafda olan 7 rayonu işğal edib, həmin ərazilərdə oyuncaq idarəetmə qurumu yaratmışdı və həmin ərazilərdə idarəetməni həyata keçirirdi. Mandat da həmin vəziyyətə uyğun müəyyən edilmişdi. İndiki halda şərait köklü surətdə dəyişib. ATƏT-in Minsk Qrupunun səyləri isə nəinki problemin həllinə töhfə verməyib, əksinə, münaqişənin səngiməsinə, Ermənistanın işğalının "legitimləşməsinə" xidmət edib. Ən azı həmsədr olan iki ölkənin - Fransanın və ABŞ-ın bugünkü mövqeyi onlara bu məsələdə vasitəçi olmaq imkanı vermir. Hüquqi baxımdan da qeyd olunduğu kimi, mandat indiki vəziyyətə şamil oluna bilməz". S.Məmmədov xatırlatdı ki, 1995-ci ilin 23 mart tarixində Vyanada qəbul olunmuş sənəddə mandata dair 15 bənd var: “Onların heç biri indiki şərait üçün uyğun gəlmir. Azərbaycan ATƏT-in Minsk Qrupunun destruktiv və ermənipərəst yanaşmasına Təhlükəsizlik Şurasının BMT-nin məlum 4 qətnaməsininin yerinə yetirilməyəcəyinə tam əmin olduqdan və Ermənistanın artmaqda olan silahlı provokasiyalarının qarşısını almaq zərurət ortaya çıxdıqdan sonra 44 gün ərzində ərazilərini azad edib, 2023-cü ildə isə antiterror tədbiri keçirməklə Qarabağın erməni mənşəli əhali yaşayan hissəsində erməni silahlı birləşmələrini tərk-silah edib. Bundan sonra ərazilərdə yaşayan erməni mənşəli əhalinin əksəriyyəti Ermənistana köç edib. Baxmayaraq ki, Azərbaycan erməni mülki əhalisinin təhlükəsizliyinə tam təminat verirdi. Həmçinin həmin şəxslərin öz dilindən, dinindən, mədəni dəyərlərindən istifadəsinə də təminat var idi. Belə olan halda erməni mənşəli əhalinin köçüb getməsinə görə Azərbaycanın heç bir məsuliyyəti yox idi. Könüllü köçün səbəbləri isə bunlar idi: ərazidə 12 000 nəfərdən çox erməni hərbiçisi var idi. Onların ailə üzvlərini də nəzərə aldıqda köçənlərin əhəmiyyətli hissəsinin məhz onlar olduğunu deyə bilərik. Həmin şəxslərin isə bu ərazilərdə yaşamaq hüquqi yox idi. Digər qrup vaxtilə qanunsuz və beynəlxalq humanitar hüququn prinsiplərinə zidd olaraq bu ərazilərə köçürülmüş insanlar idi. Onların da bu ərazilərdə yaşamaq hüququ yox idi və belə hüququ əldə edə bilməyəcəkdilər. 1992-ci il yanvar ayının 1-nə qədər ərazilərdə yaşamış erməni mənşəli əhalinin və onların övladlarının Azərbaycan vətəndaşlığına bərpa olunmaq şansı var idi. Amma onlar bu şansdan istifadə etmədi. Bu, onların öz seçimi idi. Azərbaycan vətəndaşı olmadan onlar bu ərazilərdə yaşaya bilməzdi. Ərazilərdə yaşamaq və vətəndaşlığı bərpa etmək hüququ olanların da əhəmiyyətli hissəsi təəssüf ki, Azərbaycan xalqına qarşı törədilən müharibə cinayətlərində, o cümlədən soyqırım və insanlıq əleyhinə cinayətlərdə iştirak etmişdi. Öz qonşularını girov götürənlər, işgəncə ilə öldürənlər və s. müharibə cinayətləri törədənlər təqib olunacaqlarından qorxaraq ərazini tərk ediblər. Bu cinayətlərdə iştirak etməyənlər, sadəcə, separatçı proseslərdə iştirak edənlər isə başğışlanacaqdı. Bununla bağlı Azərbaycan Prezidenti xüsusi açıqlama da vermişdi”. Hüquqşünas qeyd etdi ki, belə olan halda Zakaryanın ATƏT-in Minsk Qrupunun fəaliyyəti bərpa olunduqdan sonra “Qarabağ sakinlərinin evlərinə qayıtması üçün” beynəlxalq təminatlar və siyasi-hüquqi şərtlər tələb edə bilər" fikirləri absurddur: “Qayıtmaq hüququ olmayanlar onsuz da qayıda bilməyəcək. Belə hüququ olanlara isə heç kəs "get" deməmişdi. Bu, artıq müzakirə mövzusu deyil. Gələcəkdə Ermənistan və Azərbaycan qarşılıqlı olaraq Qərbi Azərbaycandan olan soydaşlarımızın Ermənistana, erməni mənşəli əhalinin isə Qarabağa qayıtması məsələsini müzakirə edə bilər. Amma bu halda üçüncü tərəfin, o cümlədən beynəlxalq təşkilatların iştirakına ehtiyac qalmır. Münasibətlər normallaşdıqdan sonra gediş-gəliş bərpa oluna bilər".

S.Məmmədov onu da bildirdi ki, Trampın seçilməsi ilə Minsk Qrupunun mandatının bərpa olunması fikri də cəfəngiyyatdır: “Tramp seçilərsə, onun gündəliyində başqa məsələlər olacaq. Əksinə, Kamala Haris - hansı ki, qatı ermənipərəst mövqeyi ilə seçilir - seçilərsə, onun administrasiyası hansısa cəhdlər edə bilər. Bütün hallarda Azərbaycan tərəfinin iradəsi olmadan ATƏT çərçivəsində hər hansı köhnə mandatın yenilənməsi və ya yeni mandatın yaradılması mümkün deyil. 49 il bundan əvvəl avqust ayının 1-də qəbul olauan "Helsinki yekun aktı" və ATƏT-in digər təsis sənədləri əsasında yaradılmış bu regional beynəlxalq təşkilat konsensus əsasında qərarlar qəbul edir. Yeri gəlmişkən, ATƏT-in Minsk Qrupunun həmsədrlər institutu konsens əsasında yaradılmayıb. Hazırda isə fəaliyyəti yoxdur. Bu baxımdan ATƏT requlyar büdcəsindən onun saxlanmasına maliyyə ayrılmamalıdır. Fəaliyyətsiz bir təsisat olaraq qrup üzvü olan ölkələr, o cümlədən həmsədrlər qrupu tərk edərsə, onu buraxılmış elan edə bilərlər".

Elə yazı çapa hazırlanarkən xəbər yayıldı ki, Ermənistan ordusu Tovuz bölgəsinin ardınca Laçını da səmadan müşahidə etməyə cəhd göstərib. Gərginliyi tətikləyir, hərarəti artırırlar. Sözsüz ki, həm də ölü “həmsədrlər”i diriltmək üçün...

E.PAŞASOY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR