İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın Zəngəzur hikkəsi BİTMİR - Rusiyaya təzyiqin PƏRDƏARXASI

Cənub qonşumuzun Ermənistanla birlikdə yolumuzu kəsmək niyyəti iflasa uğrayacaq; təhlilçilərdən ilginc açıqlamalar: Azərbaycanın, Çinin, Türkiyənin, Rusiyanın bu məsələdə maraqları üst-üstə düşür, Moskva Tehranı neytrallaşdıracaq...

Zəngəzur dəhlizi ilə bağlı bütün dünya bir yana, İran və Ermənistan isə bir yanadır. Bəllidir ki, bu dəhlizin işə düşməsi Qərbin, Avropanın və Rusiyanın da maraqlarına uyğundur. Rusiya hətta həmin marşrutun açılmasında xüsusi israr edir. Ancaq Ermənistan və İran buna görə Rusiya ilə konfrontasiyaya getməkdən çəkinmirlər. İran Ermənistandan keçərək Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək marşrutla bağlı pozitiv mövqeyinə görə Rusiyaya təzyiq cəhdləri göstərməyə başlayıb.

Rusiyanın Tehrandakı səfiri ilə İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi və nazir köməkçisi Müctəba Dəmirçilu arasında buna dair görüş də keçirilib. Dəmirçilu Rusiyanın Tehrandakı səfiri ilə görüşündə davamlı sülhün təminatçısı və regional sülhün əsası olan ölkələrin milli suverenliyinə, ərazi bütövlüyünə və qarşılıqlı maraqlarına hörmətdən danışıb. O, İranın regionda sülh və sabitliyin bərqərar olmasını, region ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsini dəstəklədiyini və regionun geosiyasi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsinə qarşı olduğunu vurğulayıb. Görüşdə Qafqazda cari proseslər ətrafında fikir mübadiləsi aparılıb, ölkələrin regionda sülh və stabil olmasına dəstək, region ölkələri arasında əməkdaşlığın inkişafına köməklik göstərilməsi, beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi ilə mübarizə aparılması vurğulanıb. Tərəflər həmçinin qarşıdan gələn görüşlə bağlı bütün tərəflərin maraqlarını nəzərə alaraq, məsələlərin həlli və regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə və iqtisadi planların həyata keçirilməsinə kömək etmək üçün region ölkələrinin imkanlarından istifadə edilməsinin vacibliyini vurğulayıblar. Həmçinin 3+3 formatı çərçivəsində qarşıdan gələn iclası və İran, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü müzakirə olunub. Qeyd edək ki, bir müddət əvvəl Bakıda səfər olan Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyanın "Birinci Kanalı"na açıqlamasında deyib ki, Paşinyan Qarabağ üzrə üçtərəfli razılaşmaları sabotaj edir. “Təəssüf ki, Ermənistanın Sünik bölgəsindən (Zəngəzur-red.) keçən kommunikasiyalara gəlincə, altında baş nazir Paşinyanın imzası duran sazişi sabotaj edən məhz Ermənistan rəhbərliyidir. Belə bir mövqenin məntiqinin nə olduğunu anlamaq çox çətindir. Amma mən əminəm ki, üçtərəfli görüşlər çərçivəsində, üçtərəfli sənədlərdə qoyulan təməl tam şəkildə aktual olaraq qalır”, - Lavrov deyib. Görünən budur ki, İran Zəngəzur dəhlizi ilə bağlı hikkəsindən əl çəkmir. Bəs Rusiya onu yola gətirə bilərmi? Müraciət etdiyimiz ekspertlərin sözlərindən belə aydın olur ki, cənub qonşumuzun Ermənistanla birlikdə yolumuzu kəsmək niyyəti iflasa uğrayacaq.

 “Zəngəzur dəhlizini zorla açmaq niyyətində deyilik. Baxmayaraq ki, Ermənistan Azərbaycanı Zəngəzur dəhlizi ilə bağlı hərbi aqressivlik  və hərbi ritorika göstərməyə çalışmaqda ittiham etməyə davam edir”. Bu sözləri “Yeni Müsavat”a açıqlamasında politoloq Tural İsmayılov dedi.  Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılmasının reallaşması ilə bağlı artıq ortada konkret, əməli işlər var: “Tehranda xarici işlər nazirlərinin 3+3 formatlı görüşündə də İran ərazisindən Azərbaycanın Naxçıvana quru yolunun formalaşdırılması məsələsi müzakirə edilib. Azərbaycanla İran tərəfindən artıq bu məsələ ilə bağlı əməli addımlara start verilib. Zəngəzur dəhlizinin alternativi kimi bu layihə işləkdir. Ancaq digər tərəfdən, Ermənistan təəssüflər olsun ki, 10 noyabr bəyanatını yerinə yetirmədi. Hələ ki İrəvan Zəngəzur dəhlizi ilə bağlı məsələni bloklamağa davam edir. Belə olan təqdirdə Ermənistanın özəlliklə Qərbdəki havadarlarının təxribatları vasitəsilə Zəngəzur dəhlizinə əngəl törətməsi, həmçinin Zəngəzur dəhlizində təhlükəsizliyin Rusiya tərəfindən təmin edilməsi ehtimallarını da sıfırlamağa, səylərini bu layihənin ciddi şəkildə sabotaja uğradılmasına yönəldib".

Tural İsmayılov: “Baş verənlər Ermənistanın layiqli cavab almağını zəruri  edən bir hadisəyə çevrilir” | 1news.az | Xəbərlər

Tural İsmayılov

T.İsmayılov şübhə etmir ki, Azərbaycan Mehri üzərindən Naxçıvana quru keçidlə bağlı öz ritorikasını və siyasətini davam etdirəcək: “Amma biz hansısa güc yolu ilə yaxud digər vasitələrdən istifadə edərək  Zəngəzur dəhlizini zorla açmaq niyyətində deyilik. Baxmayaraq ki, Ermənistan Azərbaycanı Zəngəzur dəhlizi ilə bağlı hərbi aqressivlik  və hərbi ritorika göstərməyə çalışmaqla ittiham etməkdə davam edir. Ancaq istənilən halda hesab edirəm ki, Azərbaycanın bu məsələ mövqeyi sabitdir. Biz sülh şəraitində, barış şəraitində, iki ölkənin anlaşması şəraitində  bu dəhlizin  açılmağını istəyirik. Ancaq faktiki olaraq Ermənistanın və Ermənistanın Qərbdəki havadarlarının indiki tormozlayıcı mövqeyi yaxın zamanda dəhlizin açılma imkanlarını sual altına alıb. İstənilən halda, Azərbaycan dayanmır və alternativ yolların üzərində ciddi şəkildə işlər gedir. Həm Ermənistanın müxtəlif təxribatları, həm də onun havadarlarının bölgə ilə bağlı yanlış siyasətləri nəticəsində nəinki Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi bağlı ciddi irəliləyişlər var, əksinə, Ermənistanın hər gün daha da silahlandırıldığını və bölgədə sülh əleyhinə sabotajçı qüvvə kimi ondan istifadə edildiyini görürük. Digər bir tərəfdən nəzərə almalıyıq ki, Zəngəzur dəhlizi Ermənistanın bir dövlət olaraq 10 noyabr bəyanatında üzərinə götürdüyü öhdəlikdir. Bu gün nə qədər ki, Ermənistan hakimiyyəti, ictimai-siyasi camiyası bu prosesdən boyun qaçırtmağa və ya müxtəlif kontekslərdə manipulyasiya etməyə çalışsa da reallıq dediklərimizdən ibarətdir. Bu baxımdan Zəngəzur dəhlizi ilə bağlı məsələ əvvəl-axır Azərbaycanın tələblərinə uyğun yerinə yetirilməlidir. Sadəcə olaraq rəsmi Bakı növbəti dəfə böyüklük göstərib dövlət etikası nümayiş etdirərək danışıqlar prosesinin dalana dirənməməsi üçün  belə bir addım atıb”.

Politoloqun sözlərinə görə, bütün bunlar o demək deyil ki, Zəngəzur məsələsi arxa plana keçib: “Bununla Azərbaycan növbəti dəfə nümayiş etdirmiş olur ki, bütün kompromislərə və səmimi niyyətlərinə rəğmən onun qarşısında sülhlə bağlı mesajlar verib praktikada sülh prosesini sabotaj edən bir dövlət dayanıb. İran əlindəki bütün vasitələr və qüvvələrdən istifadə edir. Hətta bəzən daha irəli gedərək hədələyir. Rəsmi Tehran bu istiqamətdə həm Bakıya, həm də İrəvana təzyiq göstərməyə çalışır. Cənub qonşumuz dəhlizin açılması fonunda Türk dünyası arasında quru bağlantısının yaranacağını, növbəti mərhələdə isə Güney Azərbaycanda müstəqillik istəklərinin artacağını düşünür. Hətta deyərdim, bu prosesi Bakı və Ankaranın başladacağını ehtimal edir. Təbii ki, bütün bunlar boş paronoyadan başqa bir şey deyil. İran Rusiya faktoruna görə bu dəfə məsələyə loyal baxa bilər. Kreml və Tehran başqa sahələrdə əməkdaşlıq etsə də, Zəngəzur dəhlizi ilə bağlı fikirləri bir qədər fərqlidir. Amma Azərbaycanın, Çinin, Türkiyənin, Rusiyanın bu məsələdə maraqlarının üst-üstə düşməsi Tehranı geri addım atmağa vadar edə bilər”.

Azərbaycan-Rusiya münasibətləri daha yüksək inkişafa nail ola bilər”

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə bu fikirdədir ki, Azərbaycanla Ermənistan arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı razılıq var: “Amma bunu sülh müqaviləsindən çıxararaq sonrakı mərhələyə saxlayıblar. Çünki bu yola nəzarət uğrunda Rusiya və Ermənistan arasında kəskin fikir ayrılıqları var. Məhz Ermənistan Rusiyanın bu yola nəzarət etməsini istəmir. Bundan əlavə, İran da Zəngəzur dəhlizinin əleyhinədir. Çünki İran istəyir ki, dəhliz öz ərazisindən keçsin və beynəlxalq marşruta özü nəzarət etsin. Rusiya da Zəngəzur dəhlizinin açılmasına çalışır və son günlərdə bu barədə ciddi açıqlamalarla çıxış edir, mövqelər ortaya qoyur. Rusiya bu yola nəzarət etmək hüququndan bəhs edərkən 10 noyabr birgə bəyannaməsinin qüvvədə olduğunu qeyd edir”.

M.Əsədullazadə qeyd etdi ki, hazırda Ermənistan və İran Rusiyaya qarşıdır: “İranın mövqeyi anlaşılmaz və destruktivdir. İlk növbədə Ermənistan Tehranın mövqeyinə etiraz etməlidir. Çünki Zəngəzur yolu Ermənistanın iqtisadi maraqlarına cavab verir. Görürük ki, İrəvan İranla Azərbaycanı üz-üzə qoymaq istəyir. Halbuki Ermənistan buna etirazını bildirməlidir. Əgər Ermənistan İranın mövqeyinə etiraz edərsə, Tehranın deyəcəyi söz qalmayacaq. Yaxud əgər Ermənistan Rusiyanın bu yola nəzarət etməsi ilə razılaşarsa, Moskva Tehranı neytrallaşdıracaq”. Ekspert əmindir ki, Ermənistan tərəf İrana etiraz edəcəksə, Tehran prosesə mane ola bilməyəcək: “ABŞ da çalışır ki, dəhliz açılsın və yola beynəlxalq bir təşkilat nəzarət etsin. Prinsipcə, bu uyğundur və regionun maraqlarına cavab verir”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR