İnsanlara hürriyət, millətlərə istiqlal!

İran "odla oynayır"- Tehranın Qafqaz siyasəti region üçün təhlükə vəd edir

 

İranın Araz çayı sahilindəki təlimləri davam edir. Hərbi təlimlərin bir fraqmenti də müharibə ssenarisi işə düşərsə, Araz çayı üzərindən tampon körpülərin qurulması və “düşmən” tərəfə hərbi gücün həmin körpülər üzərindən nəqlidir.

Bu gün təlimlər davam edib, quru qoşunlarının artilleriya və raket bölmələri əməliyyat qüvvələrinə dəstək atışları həyata keçirib. İran qüvvələri 122, 130 və 155 mm-lik toplar və reaktiv yaylım atəşi sistemləri vasitəsilə əvvəlcədən müəyyən edilmiş hədəfləri vurublar.

Ərazidə dronlar da fəaliyyət göstərir. Arazın o biri tərəfində Azərbaycan dövləti yerləşir. Demək ki, İran hərbi təlim adı ilə Azərbaycana və onun müttəfiqlərinə birbaşa “işğal edərəm”, mesajı verir.

Təbii ki, indiki geopolitik şərtlərə görə belə bir ssenari mümkün deyil. Digər tərəfdən, Azərbaycanın arxasında Türkiyə və Pakistan kimi müttəfiq qardaş dövlətləri var. Həmçinin, ötən il imzalanmış Şuşa bəyannaməsinə görə, Azərbaycana edilən hücum Türkiyəyə hücum sayılır və bu da o deməkdir ki, İran Arazın ortasına çatmadan, Türkiyə ilə müharibəyə girmiş sayılacaq. Və nəhayət, məsələnin içində Rusiya amili də vardır.  Rusiya Güney Qafqazı özünün təsir sahəsində sayır və buraya hər hansı bir müdaxiləni aqressivliklə qarşılayır. İran Rusiyanı basaraq, hər hansı MDB dövlətini işğala qalxsa, buna ilk növbədə Kreml qarşı çıxacaq.

Məsələnin digər tərəfində isə Azərbaycan dövlətinin hərbi, siyasi və humanitar göstəriciləri dayanır. Azərbaycan ordusu kifayət qədər güclü ordudur və onu məğlub etmək hətta İran kimi iri və aqressiv dövlətə çətin gələrdi. Başqa tərəfdən, İranın daxilində 40 milyondan artıq azərbaycanlı yaşayır və onlar Azərbaycan dövlətinə qarşı İranın kəskin addımlarını, yanlış siyasətini amortizasiya etməyə hər an hazırdırlar.

Hərbi təlimlərin bir qayda olaraq iki səbəbi olur. Birincisi, mümkün hücum və ya müdafiə əməliyyatının məşq etdirilməsi. Yəni bir dövlət özü üçün təhlükə gördüyü və ya hücuma hazırlaşdığı ərazidə ilk olaraq məşq edərək ordunu müvafiq döyüşlərə hazırlayır.

İkinci səbəb isə çəkindiricilikdir. Yəni dövlət təhdid hiss elədiyi və ya çəkindirmək istədiyi ölkəyə qarşı hərbi təlimlər keçirməklə gücünü göstərir, onu çəkindirməyə çalışır. Yuxarıda da qeyd olunduğu kimi, İranın Azərbaycana qarşı hücum əməliyyatı həyata keçirməsi real deyil. Qeyd olunan amillərlə yanaşı hazırda İranın Azərbaycana hərbi müdaxiləsi üçün səbəbi yoxdur, bu müharibə həddən artıq riskli və ümumilikdə region üçün faciəvi nəticələrə səbəb ola bilər. Bu mənada təlimlərin birinci səbəbi, yəni hərbi müdaxilə ehtimalı yox deyəcək qədər azdır.

Qalır ikinci ehtimal, yəni təlimlərin çəkindiricilik səbəbi. Ötən il İran ordusunun Azərbaycanla sərhəddə təlimlərindən sonra hakimiyyətə bağlı media orqanları bu təlimlərin Azərbaycanı çəkindirmək məqsədi ilə keçirildiyini açıq mətnlə yazmışdılar. Yəni başqa sözlə, İranın hazırkı (eləcə də əvvəlki) hərbi təlimləri Azərbaycanı Ermənistana hücumundan çəkindirməyə yönəlib. Yəni Ermənistanı qorumağa xidmət edir.

Başqa sözlə, rəsmi Tehran Ermənistanı Azərbaycandan müdafiə etmək üçün hərbi çəkindiricilik addımları atır, açıq mətnlə bəyanatlar verir, sərhədə hərbi qüvvə yığır, hətta Azərbaycana hücumun məşqini edir. Bir sözlə, demək istəyir ki, növbəti Azərbaycan-Ermənistan müharibəsində İran Ermənistanın yanında yer alacaq.

Bu isə Azərbaycanın İranla əlaqələrinə kölgə salır və iki ölkə arasında “körpülərin yandırılması” mənasına gəlir. Nəzərə almaq lazımdır ki, hazırda Qərbin və Rusiyanın təsiri altında olan Ermənistan Azərbaycanla sülh bağlamağa çox yaxındır. Başqa sözlə, əgər Qərb və Rusiyanın region siyasətində uzlaşma əldə olunsa, yaxın bir-iki ay ərzində Bakı və İrəvan arasında sülh sazişi imzalana bilər.

Bəs o zaman, yəni Ermənistan Azərbaycanla sülh sazişini imzalayacağı təqdirdə İranın mövqeyi necə olacaq? O zaman təbii ki, İran Cənubi Qafqazdakı mövqelərini itirmiş və təklənmiş olacaq. Bu səbəbdən də indi regionda gərginliyin artması, hətta qarşıdurmanın olması Tehranın maraqlarına cavab verir. Bütün bunların İran və Fransa prezidentlərinin ABŞ-dakı görüşündən sonra olması, Ermənistanın sərhədə qüvvə toplaması və ən son olaraq İran XİN başçısının Ermənistana səfərə gedəcəyi xəbərləri necə deyərlər, bir-birini bağlayır.

Tehran Cənubi Qafqazda riskli oyun oynamağa çalışır. Amma bu, onun özü üçün və bütövlükdə region üçün acı nəticələr doğura bilər. İran "odla", həm də “odlar ölkəsi” ilə oynayır. Odla oynamaq isə hər zaman təhlükəlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR