Onlayn ictimai-siyasi qəzet
Almaniyanın şərqindəki Maqdeburq şəhərində törədilən terror aktından sonra yerli əhalinin kütləvi şəkildə etiraz aksiyasına qalxacağı gözlənilirdi.
Ona görə ki, cinayətin şübhəlisi miqrantdır, Səudiyyə Ərəbistanından olan şəxsdir.
Əgər həmin şəxs milliyyətcə alman olsa, etiraz aksiyası ya olmayacaqdı, ya da zəif bir şey olacaqdı.
Miqrantlar tərəfindən törədilən bənzər aktlar isə millətə, onun mədəniyyətinə qarşı addım sayıldığına görə avtomatik olaraq özünüqoruma instinktini işə salır.
Həm də bu ilk dəfə deyil. Almaniyada Milad yarmarkasına çıxan insanlara avtomobillə hücum edilməsi presedenti əvvəllər də olub.
2016-cı ildə Almaniya paytaxtının mərkəzində tunisli Anis Amri Milad bazarında yük maşınını insanların üzərinə sürüb. Hadisə zamanı 12 nəfər ölüb, xeyli adam yaralanıb. Amri İtaliyaya qaçıb, amma bir neçə gündən sonra həbs edilərkən polis tərəfindən güllələnib.
Anis Amrinin radikal islamçılarla əlaqəsi aşkarlansa da, son teraktı törədən səudiyyəli həkimin belə bir əlaqəsinin olmadığı barədə ilkin məlumat yayılıb.
Bu halda kələf daha da dolaşır. Elədirsə, öz ölkəsindən gələrək Almaniyada əvvəlcə təhsil, sonra yaşamaq-işləmək icazəsi almış və həkim olaraq yüksək qazanclı iş tapmış adam nədən bu cür ağır cinayətə qol qoysun?
O, bu cür qətliamı iş yerində, yaxud yaşadığı binada həyata keçirsəydi, düşünmək olardı ki, nəsə bir aşağılamaya, təhqirə məruz qalıb, affekt vəziyyətində qisas alıb.
Ancaq heç tanımadığı, kimliklərini bilmədiyi adamları öldürmək istəyib və öldürüb. Ölənlərin arasında bir uşaq da var. Üstəlik, yaralananlardan bir çoxunun vəziyyəti ağırdır. Peşə etibarilə insanlara şəfa verməli olan bir şəxsin tutduğu bu əməl ağlasığmazdır. Həkim adam belə edirsə, görün, radikal terrorçu nə edərdi.
Kimin törətməsindən asılı olmayaraq, bu, terror aktıdır və məqsəd insanları dəhşətə gətirmək olubsa, o, buna nail olub. Nəinki Almaniya, bütün Avropa və dünya bu hadisədən əndişələnib.
Ancaq lap tutaq ki, bütün Almaniya bu hadisəyə görə bir həftə şokdan çıxmayacaq, hamı qorxacaq, xoflanacaq, bəs bir həftədən sonra nə baş verəcək? Alman xalqı elliklə yığışıb dinini dəyişəcəkmi, daha tolerant olacaqmı?
Zatən, Avropada başqa dinə etiqad edən, miqrantlara ən çox qucaq açan ölkə Almaniyadır. Heç bir ölkə müharibədən, kasıbçılıqdan, siyasi təqibdən qaçan insanlara yiyə durmayanda Almaniya onları milyon-milyon qəbul edib.
İndi belə bir ölkə miqrantlara qarşı etiraz aksiyasına qalxır və “yadelli təhlükəsi”ndən danışır.
Dünyanın bir çox yerində, xüsusilə də ABŞ və Rusiyada, eləcə də İtaliya və Britaniyada miqtantlara münasibətin kəskin olaraq pisə dəyişdiyi bir dönəmdə bu hadisə Almaniyadakı millətçi qüvvələrin əlinə yaxşı bəhanə verir.
Onlar miqrantlarla yumşaq davranmağı üstün tutan siyasi qüvvələri – rəqiblərini pisikdirəcək, elektoral bazalarını məhdudlaşdıracaq, özləri yetərli səs alacaqlar və hakimiyyətə gələrək miqrantları deportasiya edəcəklər.
Bu yerdə sui-qəsd nəzəriyyələrinə önəm verənlər üçün xüsusi bir pəncərə açılır. Onlar iddia edə bilərlər ki, insanların üstünə maşın sürən ərəb həkim məhz miqrantlara qarşı sərt çıxışlar edən “Almanya üçün alternativ” partiyasının sifarişini həyata keçirib.
Onu da qeyd edək ki, terror aktından dərhal sonra “Spigel” jurnalı məlumat yaymışdı ki, hücumçu daha əvvəl ifrat sağçı “Almaniya üçün Alternativ” partiyasına simpatiyasını ifadə edib.
Adı çəkilən partiya millətçi qüvvədir və miqrantlara qarşıdır, bir miqrant isə belə bir partiyaya simpatiya bəsləyir. Nədən? “Hakimiyyətə gəl, bizi ölkədən qov” motivi iləmi? O da ola bilər ki, adam manqurtlaşmış biridir və bu hərəkəti ilə dindaşlarını zərbə altında qoymağı düşünüb.
Budur, ABŞ-də miqrantları ölkədən kütləvi şəkildə deportasiya etmək proqramı üzərində işləyən yeni administrayanın üzvü, məşhur milyarder İlon Mask bu terror aktına görə Almaniya kansleri Olaf Şoltsu və bütövlükdə iqtidar komandasını sərt tənqid edib. Bu, çağırışdır, Mask almanları miqrantlara qarşı qəti hərəkətlər etməyə çağırır.
Bir sözlə, hər bir ölkədə məkrli məqsədlər güdən dairələr var, onlar vaxtaşırı təxribatlar törədərək müxtəlif dini konfessiyaların, millətlərin bir arada yaşamasına, qaynayıb-qarışmasına imkan vermirlər.
Maqdeburqda baş verən hadisə bir psixopatın hərəkəti deyil, bu əməl mütləq nələrisə tətikləməsi üçün nəzərdə tutulub.
22 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ