İnsanlara hürriyət, millətlərə istiqlal!

5 il öncənin həyəcanı – kütləvi aritmiyanın yek səbəbi

Səhərin gözü açılmamış hər yanı belə bir xəbər bürüdü: “Başlayıb”.

Hamı nəyin harada başlayacağını bilirdi. İyuldan bəri üfürülən şar bir gün partlamalıydı. 5 il öncə bu günə təsadüf etdi.

Media dairələrində, sosial şəbəkələrdə baş vermiş hadisənin 4 sözlük rezümesi beləydi: “Bizimkilər basıb gedib qabağa”.

Bu da aydın idi. Amma bizimkilərin hara qədər basıb getdiyi dəqiq bilinmirdi. Elə adam vardı, artıq 50 km irəlidən danışırdı. Amma 2-3 saata o qədər yolu piyada getmək olmazdı.

Əlac qalırdı “Kaukasus map live” interaktiv xəritəsinə baxmağa. Bu xəritədə kimin hara qədər basıb getdiyini, harada qızğın döyüşlər aparıldığını, hara bomba düşdüyünü izləmək olardı.

Allahdan, həmin xəritə bizimkilərin hara qədər getdiyini, hara istiqamətləndiyini göstərirdi. Hər 5-10 dəqiqədən bir xəritəni yeniləyib baxırdıq. Özümüz də bilirdik ki, 10 dəqiqəyə yeni kənd almaq mümkün deyil. Amma əldə deyildi.

Adam kompüter arxasında 5 dəqiqədən artıq otura bilmirdi. Mütləq qalxmalıydın, kiminləsə məlum mövzuda göft-gu etməliydin. Sonra gəlib sosial şəbəkələrdən xəbərləri, rəyləri, şərhləri izləməliydin. Xəbərlər sel kimi gəlirdi. Bənd vardı, amma VPN şlüzü da vardı.

Türkün sözü, həyəcan dorukdaydı. (“Doruk” pis söz deyil, “zirvə” deməkdir). O heç sonrakı günlərdə də azalmadı, dorukda qaldı.

4-5 əməkdaşımız cəbhə xəttinə ezam olunmuşdu, onlardan da xəbərlər gəlirdi, birini, beşini dərc edəndə, ikisini, üçünü də vermirdik – hərbi sirr söhbətinə girə bilərdi.

Hamının bir qorxusu da vardı ki, birdən əməliyyatlar o vaxtkı (apreldəki) kimi 3-4 günə dayandırılar. Əməkdaşlarımızdan ikisi hey deyirdilər, yox e, rus qoymayacaq axıra qədər gedək.

Oktyabrın 10-u olanda az qala onların dediyi olacaqdı. Qanları bərk qaralmışdı, yekun təsbiti rusca verirdilər: “Fso”.

Amma elə olmadı, öz dilimizdə “irəli” komandası gəldi və bizimkilər yenə də basıb getidlər qabağa.

Ümumiyyətlə, bədbinlik bəzi yoldaşları ta qələbə gününə qədər tərk etmədi. Gündə azı yeddi dəfə bəd danışırdılar. Birtəhər kiridirdik.

Bir də sosial şəbəkələrdə ya qəsdən, ya da cahillikdən təxribatçı xəbərlər yayanlar vardı. Bir azərbaycanlı video çəkmişdi, ağlaya-ağlaya deyirdi ki, Ağdərə istiqamətində bizimkilərin kazarmasını vurublar, 500 əsgər ölüb. Pessimistlər bu xəbərə inanıb ağlaşma-şivən qurmaq üzrəykən, xəbərin sırf yalan olduğu üzə çıxdı. Bizim sosşəbəkə iştirakçıları həmin video yayan şəxsi itdən alıb itə verdilər, o da dedi ki, elə eşidibmiş. Bir nəfər ona yazmışdı ki, qurumsaq, araşdır, sonra video çək dəə, hələ petuxlar kimi ağlayırsan da.

Başqa biri də bənzər nəsə yazmışdı, fəallardan biri onun erməni olduğundan şübhələnmişdi. Adam şərh yazır, and içirdi ki, azərbaycanlıdır. Bizimki onun azərbaycanlı olduğunu dəqiqləşdirmək üçün ona belə bir sual vermişdi: “Elədirsə, de, görüm, Şəbnəm Tovuzlunun yoldaşı kimdir?” Cavab “Hacı” olmalıydı, amma ermənidən cavab gəlməmişdi.

Ondan sonra hamı anladı ki, sosial şəbəkədə hər yazılana inanmaq olmaz.

“Novar”çılar başqa bir haray-həşir salmışdılar, deyirdilər, Azərbaycan müharibəni dayandırmalıdır. Onlar 5 manat pula görə Şuşanın, Füzulinin, Ağdamın, bütün Qarabağın ermənidə qalmasını istəyirdilər.

Bir isterika da işğaldan azad olunmuş torpaqların xəbərini ilk yaymaq məsələsi ilə bağlıydı. Bir çox adamlar haradansa (əsasən ön xətdə olan qohum-qardaşlarından) xəbər alırdılar ki, keçmişdə filan şəhər, qəsəbə, kənd olmuş yaşayış məntəqəsinin xarabalığı alınıb və ürəkləri tab etmirdi, sevincli xəbəri paylaşırdılar. Bu dəfə yüzlərlə adam onların üstünə tökülüşür, söyüb-biabır edirdilər ki, rəsmi təsdiq olmadan niyə belə xəbər yayırsan.

Bu, bir ara az qala “vətən xainliyi” kimi yozulmağa başlamışdı. Hətta noyabrın 6-da Ermənistanın hərbi nazirliyinin sözçüsü Arsurun Ovanisyan sosial şəbəkədə “qorxuram ki, Şuşanı itirmişik” kimi xəbər paylaşanda bizimkilərdən biri onun statusunun altına yazmışdı: “Ay eşşək, sənə deməyiblər ki, rəsmi təsdiq olmadan belə xəbər yayma?”

Bu, satiranın dorukda, zirvədə olması hadisəsiydi.

Bir sözlə, çox gərgin, təlatümlü günlər idi. Müharibə bir az da uzansa, məsələn, 44 gün yox, 4 ay çəksə, nə qədərimiz infarktdan gedəcəkdik, kim bilir. 5 adamdan 3-nün ürəyində aritmiya əmələ gəlmişdi.

Ona görə də adam mat qalır ki, ruslar 3 il 7 aydır davam edən “xüsusi hərbi əməliyyat”ın həyəcanına necə dözürlər.

Şükür ki, hər şey tez və yaxşı qurtardı. Düzdür, itkilər verdik, lay divar kimi oğullar getdi, amma onlar xalqımızın qəddini və başını dikəltdilər, üzünü ağ, sözünü ötkəm etdilər. O qəhrəman oğullara əbədiyyən eşq olsun!

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR