Onlayn ictimai-siyasi qəzet
Əvvəl ərz edim ki, Azərbaycanla Ermənistan, eləcə Türkiyəylə Ermənistan arasında yaxınlaşma prosesi kifayət qədər intensiv tempdə gedir.
Əlbəttə, məsələnin ən dürüstünü bilavasitə prosesin içində olan siyasətçilər və diplomatlar bilir, biz siyasi təhlilçilər çox hallarda zahiri detalların əsasında mühakimə yürüdür, qənaət hasil etməyə çalışırıq.
Amma siyasi təhlilçilərin də bəzi sınanmış üsulları var: müxtəlif mənbələrdən daxil olan informasiyaları tutuşdurmaq, birinci şəxslərin və diplomatların çıxışlarını, bəyanatlarını və açıqlamalarını ciddi şəkildə analiz etmək.
Bir sözlə, proses gedir. Erməni baş naziri, onun kabinetinin üzvləri də, insafən, çalışmaqda davam edirlər. Əlbəttə, heç kim prosesin necə bitəcəyini doğru-dürüst bilmir: Paşinyan onu sonadək apara biləcəkmi? Əsas da ən birinci “siyasi aktor”un – Ermənistan cəmiyyətinin mövqeyi dəqiq bilinmir, yalnız dolayı əlamətlər əsasında nəsə demək mümkündü.
Birincisi, çox atılıb-düşsələr də nəinki “revanşist Kreml tulaları”, hətta erməni kilsəsi bir şey edə bilməyib, hələki Paşinyan onları üstələməkdə və neytrallaşdırmaqdadır.
İkincisi, bir daha deyirik ki, Ermənistan cəmiyyətinin əsl mövqeyini kimsə düzgün-dürüst bilmir: bəli, müxtəlif sorğular var, o cümlədən də amerikalıların apardıqları. Di gəl, sorğu hələ yüz faizlik həqiqət demək deyil.
Sözsüz, erməni cəmiyyətinin əsl məramı seçkilərdə bilinəcəkdir. İndi əsas odur, “revanşist Kreml tulaları”, keşişlər nə qədər qızışdırmağa çalışsalar da cəmiyyətin hələ Paşinyana qarşı üsyan etmək fikri yoxdur və bu, hazırki dövrçün ən böyük nəticədir: görək, gələcəkdə nə olur, hər halda, çox qalmayıb.
Ötən həftə Paşinyan partiyasının qurultayında yekdilliklə yenidən lider oldu, yəni hansısa daxili siyasi qiyam-filan da görünmür.
Təkrar deyirik ki, Paşinyan da həqiqətən çalışır. Bütün hallarda, Ermənistan formal müstəqillik qazanandan adam ilk, az-çox, realist və praqmatik düşüncəli (və ya buna məcbur olan!) erməni siyasətçisi təsiri bağışlayır.
Doğrusu, bir ara hamı Levon Ter-Petrosyan haqqında belə düşünürdü, amma doğrulmadı, məlum oldu ki, adam o vaxt da, indi də Kremlə qarşı çıxmağa qorxur: yəqin ona görə ki, “dosyesi” Moskvadadır. Həm də son çıxışlarından məlum olur ki, qoca daşnakmış bu adam! İndi nələr etmir?
Gah Paşinyanı Dağlıq Qarabağı, gah Ermənistanın müstəqilliyini “satmaqda”, gah da müharibəyə səbəb olmaqda itiiham edir! İnsafən, hansı müstəqilliyi vardı Ermənistanın? İndinin özündə məhz Paşinyan müstəqil etməyə çalışmırmı hələ də real olaraq Kremlin marioneti olan ölkəsini? Olmazmı ki, Ter-Petrosyan da, heç olmasa, azacıq konstruktiv siyasətçidirsə, Kremlin “köhnə nökəri” deyilsə, Paşinyana dəstək versin?
Bir məsələni dəfələrlə yazmışıq və indi bir daha qeyd edək ki, Levon Ter-Petrosyan vaxtilə “erməni milli hərəkatı”nın lideri olmuşdu və istəsəydi vaxtında onu az da olsa, düzgün istiqamətə yönəldərdi, amma tərsini etdi, Kremlin tuşladığı, Kremlə sərf edən istiqamətə apardı və nəticədə də Pribaltikada olan kimi Qafqaz respublikaları arasında siyasi sinxronluq yaranmadı, halbuki bu, vaxtında nə qədər şeyi dəyişə bilərdi, nə Azərbaycanın, nə də Ermənistanın xalqları bu qədər acılar, məhrumiyyətlər yaşamaz, hamımız indikindən dəfələrlə irəlidə olardıq – bəli, hər şey tamam başqa cür ola bilərdi...
Bir az haşiyə çıxmaq olsa da, o gün baxıram, Paşinyan deyir ki, sülh əldə ediləndən bir erməni gənci ölməyibdir, əsas nəticə budur! Bəli, bir az gec olsa da, bir az gec qansa da, çox düz deyir: niyə ölməlidi gənclər? Putin kimi manyakların, Ter-Petrosyan kimi tulaların hansısa sarsaq, psixopatik ambisiyalarını təmin etmək üçünmü? Axı indi makedoniyalı İsgəndərin, Çingizxanın, hətta Napoleonun da vaxtı deyil, 21-ci əsrdir! Daim yazırıq ki, 21-ci əsrdə demokrat olmamaq, xüsusən də imperialist düşüncələrlə yaşamaq ayıbdır. Hətta ən kiçik ölkənin liderində azacıq da olsa planetar təfəkkür olmalıdır, hamımız olmasaq da, hər halda, böyük əksəriyyətimiz “dördayaqlı varlıqlar” yox, insanlarıq.
Ona görə Nikol “gec qandı” deyirəm ki, prinsipcə, əgər Paşinyan çalışsaydı, İkinci Qarabağ savaşı olmaya bilərdi, amma o da var, Dağlıq Qarabağ separatçılarının, Kreml tulalarının başı müharibədə əzilməsəydi Paşinyan güman ki, bacarmayacaqdı onlarla...
Gələk bir daha Levon həzrətlərinə. Təsəvvür edin, indi bizim ləğv etdirmək istədiyimiz bütün maddələr, sənədlər bilavasitə onun vaxtında, iştirakı ilə qəbul olunmuşdu.
Yaddaşım aldatmırsa, o, Ermənistan Ali Sovetinin sədri də olmuşdu. Azərbaycan əraziləri onun vaxtında işğal olunmuşdu, azərbaycanlılara qarşı cinayətlərin hamısı onun vaxtında törədilmişdi. Onda Koçaryanlar, Sarqsyanlar hələ oyuncaq tulalar idi.
Bilirsiniz, siyasətçi kütləni uzağı idarə olunan səviyyəyə qədər “qızışdıra” bilər. Kütlə idarəolunmaz səviyyəyə gəlirsə və nəzarətdən çıxırsa, bunun siyasətçi, eləcə də kütlənin özü üçün nə faydası olar? Axı əsl siyasətçilər kütlənin bütün dediklərinə “hə” söyləyən, onun araxsınca sürünənlər yox, əksinə kütləni arxasınca aparanlardır.
Çox təəssüf ki, vaxtilə bütün Cənubi Qafqazda, hətta bizim Azərbaycanımızda da (xoşbəsxtlikdən çox çəkmədi!Allah bilir, bəzi yalançılar, “ura-patriot”lar bizi daha haralara aparcaqdı!) qismən də olsa, bu problem yaşandı. Yadınıza gəlirmi rəhmətlik Aydın Məmmədovun məşhur sözü: “insanları “siyasi narkoman” edib buraxmışıq küçələrə!”. Bu sözlərdə həqiqət vardı və şəxsən keçmiş, lap sıravi hərəkatçı kimi mən hələ də düşünürəm: görən, bunlar eyni mərkəzdən idarə olunmurdu ki?
Fikirləşirəm ki, bəlkə o vaxtki bəzi Qərb dairələri, xüsusən bəzi demokratlar Sovet məkanının “yeni dövrünün yeni siyasətçiləri”nə, o dövrün bəzi keçmiş dissidentlərinə, hətta Zviad Qamsaxurdia kimilərə belə bir az şübhə, bir az tərəddüdlə yanaşmaqda həqiqətən haqlı idilər?..
Sonuncu –Zviad haqda o vaxt da çox düşünürdük. Səhv etmirəmsə, yaddaşım aldatmırsa, Cənubi Qafqazda ilk qeyri-kommunist prezident idi adam. Bir il, ya da il yarım hakimiyyətdə oldu deyəsən! Bu qısa müddətdə hətta bəzi dissident gürcü ziyalılarını da özünə qarşı qaldırdı!
Bu da hələ hamısı deyil. Gürcüstan da polietnik respublika olubdur, burada da çoxlu xalqlar yaşayır, hətta gürcülər özləri müxtəlif qollardan ibarətdir, məsələn, acarlar kimi müsəlman gürcülər də var. Sözüm bunda deyil. O vaxt da, indi də Gürcüstandakı xalqlar arasında bizim azərbaycanlılar ən dinc insanlar idi. Məni düzgün başa düşün, ayrı-ayrı insanlar hətta “kriminal element” də ola bilər, mən ümumi azərbaycanlı əhalini nəzərdə tuturam. Nə isə. Zviad Qamsaxurdia hətta azərbaycanlıları özünün, özünü də azərbaycanlıların probleminə çevirdi! Təssəvvür edirsinizmi?..
O gün oxuyuram ki, hətta bugünlərdə bizim bir gənci döyüblər ki, bəs get, gürcü dilini öyrən!
Əlbəttə, adam yaşadığı ölkənin rəsmi dövlət dilini mütləq bilməlidir. Buna söz yoxdur. Amma buna görə adamı döymürlər. Digər tərəfdən, hörmət edirik gürcü cənabların tələblərinə, amma bağırmaq istəyirsən ki, kişi, bu gürcü dili nə böyük mətah olubdur? Oxuduğumu deyirəm: bilirsiniz, ABŞ-da nə qədər illərlə bu ölkədə yaşayan, amma ingilis dilini bilməyən ispandilli əhali var?..
Bir daha deyirəm ki, yaşadığı ölkənin dlini bilmək insanın özünün inkişafı üçün lazımdır. Buna söz yox! Amma bu, bir yana, bunlar bir neçə ildir başlayıblar ki, Gürcüstanın təhlükəsizliyi belə gəldi, elə getdi! Guya Avropa, nə bilim, ABŞ bunların “təhlükəsizlyinə” təhdid yaradır!
Adam demək istəyir ki, kişilər, Avropa olmasaydı hamınız acından qırılmışdınız. Hələ Azərbaycanımızı demirəm. Vaxtında Bakı nə qədər dəstək oldu bunlara! Minnətdarlığınız budur? Eləcə də ABŞ-a və hətta qardaş Türkiyəyə!..
Şevarnadzenin dövründə özləri deyirdi ki, Tiflisdə cəmi bir yeni bina var, onu da Türkiyə tikib! Şevarnadze özü də deyirdi ki, bəs bizə “böyük qardaş” lazım deyil, bizim böyük qardaşımız Heydər Əliyevdir...
Qərəz, bəzi məsələlər artıq siyasi tarixin predmetidir. Amma heç inanmıram yaxın tarixdə yazıla bilsin o dövrlərin həqiqi tarixi. Nə isə. Gələk ikinci məsələyə. İnsafən, Tramp da Azərbaycanla münasibətləri istiləşdriməyə çalışır. Zəngəzur dəhlizinin onun adı ilə bağlanması, hətta hallanması çox yaxşıdır, qoy, belə olsun, bizim maraqlarımıza cavab verir bu –Kremlin qabağına Trampı itələməyib, başqa kimi itələyəcəyik?
Həm də yenə də bildiyimizə görə, proses gedir, hətta texniki detallar razılaşdırılır. Əlbəttə, bir daha deyirik ki, təfərrüatlarını bilavasitə prosesin içində olanlar bilir, biz təhlilçilərsə daha çox təxminlərimizi bölüşürük.
Nəhayət, məsələnin məğzi: niyə sizi bunlarla yoruram? Ötən həftə məlum oldu ki, bəzi “ermənipərəst” ABŞ konqresmenləri Azərbaycan əleyhinə düzəlişlər qəbul etməyə çalışıb. Sual olunur: əcəba, onların bu canfəşanlığı indi kimə lazımdır? Ermənilərə, xüsusən də onların hökumətinə, Paşinyana lazımdırmı bu, ən azı indiki məqamda? Sözün lap klassik mənasında “ayı xidməti” deyilmi bu? İndi Ermənistana qarşı da təhlükə nə Azərbaycandan, nə Türkiyədən yox, birbaşa Moskvadan gəlir. Yaxşı olmazmı ki, ABŞ - ın guya “ermənipərəst konqresmenləri” səylərini Kremlə qarşı yönəlstin, axı siyasi küləklər yenə şimaldan əsir!
Və yaxud da onların bu canfəşanlığı yoxsa ABŞ hökumətinə, onun prezidentinə lazımdır? Heç olmasa, bircə detalı nəzərə alsınlar ki, Tramp hər şeydə həm də ölkəsi üçün fayda axtarır. Zəngəzur dəhlizinin geoiqtisadi dividendləri gələcəkdə ABŞ üçün indiki razılaşmadan qat-qat çox ola bilər. O cümlədən Ermənistançün.
Bu “pulpərəstlər” niyə on illərdir bir sualı vermirlər: ermənilər və Ermənistan üçün əsl fayda nədədir? Bunlara təhlükə əslində haradan gəlir? Axı Konqresin xarici siyasət komitəsində həmişə bu predmetin həqiqətən mahir biliciləri oturub! Məqsəd perspektivdə Ermənistanı da bu regionda “geosiyasi dəyənək” etməkdirsə, elə də asan olmayacaqdır...
Düşünürük, məsələ daha çox onunla bağlıdır ki, bunlar həm də lobbistlərdir, siyasətdən böyük pullar və dəstək qazanan adamlardır. Olsun! Amma yaxşı olmazmı ki, Ermənistana və ermənilərə həqiqətən nəyin daha faydalı olmasını təzədən müəyyən etsinlər və xidmətlərini bu istiqamətdə qursunlar? Axı indi regionda çox şey dəyişməkdədir! Yoxsa onları da Levon kimi Kremllə nəsə bağlayır?..
27 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ