Onlayn ictimai-siyasi qəzet
Yay mövsümünün gəlişi ilə təbiətdə ilanlara rast gəlmə halları artıb. Qızmar havalarda, xüsusilə açıq ərazilərdə və su hövzələrinin yaxınlığında bu canlılarla qarşılaşmaq mümkündür.
Bir neçə gün öncə dənizdə istirahət edən qadının qoluna ilan dolanması ilə bağlı xəbər yayılmışdı. Hadisə zamanı yaxınlıqda olan bir gənc qadını xilas edib.
İlanlarla bağlı təhlükə və davranış qaydaları barədə herpetoloq Anar Cəfərov açıqlama verib.
Onun sözlərinə görə, Azərbaycanda sarılaraq boğulma təhlükəsi yaradacaq qədər iri ölçülü ilan növləri yoxdur:
"Lakin bəzi hallarda, xüsusilə dənizdə su ilanları insan bədəninə sarıla bilər. Bu zaman panikaya düşmək, qəfil və təlaşlı hərəkətlər etmək olmaz. İlanlar adətən özlərini təhdid altında hiss etdikdə belə davranırlar. Belə bir vəziyyətlə qarşılaşsanız, sakit və təmkinli olun, yavaş-yavaş uzaqlaşın".
Mütəxəssis vətəndaşlara xəbərdarlıq edərək açıq ərazilərdə və su kənarlarında diqqətli olmağı, mümkün qədər ayaqqabısız və nəzarətsiz ərazilərdə gəzməməyi tövsiyə edib.
Qeyd edək ki, insan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyası"nın sədri, XXI Əsrin Qadınları İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova Şıx çimərliyində ilan gördüyünü bildirib. QHT sədri bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
"Dünən havanın istisinə sevincək olub Şıxov çimərliyinə üz tutduq. Çimərliyin bağlanmasına 2 saat qalmış, 6 nəfərə 180 manat verib tələm-tələsik dənizə qaçdıq. Millət hovuzda çimirdi, dənizdə isə bizdən başqa bir oğlan vardı. Biz 6 qadın... şok keçirdik... Dənizdə İradə xanımın qoluna ilan sarıldı. Təsəvvür edin, nə hala düşdük... Köməyə gələn oğlan ilanın başından tutub dənizdən çıxardı. Oğlan olmasaydı, qorxudan 6 meyit olmuşduq. Hələ də özümüzə gələ bilmirik. Qışqırmaqdan da səsimiz batıb".
Sultan Məmmədli
Musavat.com
19 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ