İnsanlara hürriyət, millətlərə istiqlal!

İfşa olunan USAİD-in Bakı ofisi - zərəri faydasından çox...

Ekspertlər “hədəfləri Azərbaycanın milli və dövlət maraqlarına zidd olan təşkilatları ölkəmizdən rədd etmək lazımdır” deyirlər

Son aylar USAİD-ABŞ Beynəlxalq İnkişaf Agentliyinin yenidən anti-Azərbaycan siyasətində fəallığı artıb. Məlumdur ki, USAİD-ə qatı ermənipərəst Samanta Pauer başçılıq edir. Samanta Pauer Soros Fonduna yaxın bir fiqurdur və Azərbaycana xoş münasibəti yoxdur. O, dəfələrlə Bakını ittiham edib.

USAİD-in Azərbaycanda fəaliyyəti 1991-ci ildən başlayıb. ABŞ Mərkəzi Kəşfiyyat qurumunun alt qolu kimi yaradılıb və hazırda yardım adı altında ayrı-ayrı ölkələrin daxili işlərinə aktiv şəkildə müdaxilə etməklə məşğuldur.

Hələ may ayında “İki sahil” qəzetinin baş redaktoru, YAP-ın Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə USAİD başda olmaqla, ABŞ hökumətinə bağlı olan, eləcə də guya müstəqil olan bu cür təşkilatlar vətəndaş cəmiyyətlərinin inkişafına töhfə verməkdən daha çox, siyasi proseslərə müdaxilə etmək, cəmiyyəti çaşdırmaq, ictimai-siyasi prosesləri manipulyasiya etmək, dövlətçilik prinsiplərini zəiflətmək məqsədi güddüyünü bəyan etmişdi. YAP funksioneri bildirmişdi ki, ABŞ-ın maliyyə yardımı adı altında qeyri-sabit, çevriliş və xaos üçün münbit şərait yaratmaq səyləri hələ də davam edir.

“Bu fəaliyyətə indi USAİD və onun qatı ermənipərəst rəhbəri Samanta Pover başçılıq edir. Rəsmi missiyası zəif inkişaf etmiş, ehtiyacı olan ölkələrə dəstək göstərmək olan bu təşkilatın o dövrün Azərbaycanında fəaliyyət göstərməsi anlaşılan idi. Lakin indi Azərbaycan özü bir çox dövlətlərə yardım edir və bir çox iri layihələr üçün donor funksiyasını yerinə yetirmək gücündədir. O zaman USAİD-in ölkəmizdə fəaliyyətinə nə ehtiyac var?”, -  deyə Rəhimzadə sual etmişdi.

“Yeni Müsavat” o zaman bu mövzuya geniş diqqət yetirmişdi və yerli ekspertlərin rəyini öyrənmişdi.

Bəs aşkar anti-Azərbaycan xətti aparan təşkilatın Bakı ofisinin bağlanmaq zamanı yetişməyibmi? USAİD-i burada saxlayan səbəblər nədir?

Fikrət Yusifov: Dollar qıtlığını kimlər yaradır?

Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov bu barədə “Yeni Müsavat”a açıqlamasında çox vacib məqamlara toxundu: “Böyük güclər dünyanın heç bir yerində, heç kimə təmənnasız yardım göstərmirlər. Biz bunu birdəfəlik başa düşməliyik. Onların etdikləri yardımların arxasında bir qayda olaraq yaxın, orta və uzaq perspektivdə hansısa maraqların reallaşdırılması kimi hədəflər durur. Bu xətt Amerika Birləşmiş Ştatlarının da xarici siyasətinin aparıcı qollarından biridir. 

USAİD müstəqilliyimizin ilk günlərindən Azərbaycanda fəaliyyət göstərməyə başlamışdı. Həmin illərdə bu təşkilat qaçqın düşmüş insanlarımıza humanitar yardımlar göstərmişdi. Ümumilikdə ölkəmizdə fəaliyyətdə olduğu müddətdə USAİD Azərbaycanda müxtəlif layihələrin reallaşdırılmasına 417 milyon ABŞ dollarından artıq vəsait ayırıb. Halbuki bu müddət ərzində USAİD bizim torpaqlarımızı işğal etmiş, bir milyona qədər soydaşımızı qaçqın halına salmış, minlərlə insanlarımıza soyqırıma məruz qoymuş Ermənistana bundan 3 dəfə çox yardım edib. Bu faktın özü təşkilatın ermənipərəst mövqeyini açıq şəkildə ortaya qoyur. USAİD-in rəhbərinin ermənipərəst və Azərbaycana qarşı qərəzli mövqeyi bizi məyus edir. İndi Azərbaycan özü donor ölkə qismində çıxış edib bir sıra ölkələrə maliyyə və digər yardımlar edirsə, “erməni dəyirmanına su tökən” belə bir təşkilatın Azərbaycanda qalmasına lüzum yoxdur. Qərəz olan yerdə obyektivlik və səmimiyyət ola bilməz. Qərəz olan yerdə edilən yardımların məqsədinin sağlamlığı mümkün deyil. Qarabağda  erməni separatizminə son qoyduqdan sonra əsas işlərimizdən biri daxilimizdə uzun illər kök salmış, hədəfləri milli maraqlarımıza, dövlətimizin maraqlarına uyğun olmayan USAİD kimi qurumları qətiyyətlə ölkəmizdən rədd etmək olmalıdır. Bu qəbildən olan təşkilatlar Azərbaycana yardım etmək görüntüsü yaratsalar da, göstərdikləri  yardımların başlıca məqsədi  bu məmləkətdə oturuşub, sonda qarşılarına qoyulan çirkin niyyətləri reallaşdırmaqdır".

Yeganə Hacıyeva: "Başda Fransa olmaqla Aİ Qarabağdakı ermənilərdən istifadə  edir"

 Yeganə Hacıyeva

Politoloq Yeganə Hacıyevanın da bu barədə fikirləri xüsusi diqqət çəkməyə bilməz. O, açıqlamasında bildirdi ki, ABŞ strateji hədəflərə çatmaq üçün 424 milyon dollar məbləğində ilkin vəsait ayırıb: “Bu vəsait "vətəndaş cəmiyyəti təsisatları ilə ABŞ-ın tərəfdaşlığının qurulub inkişaf etdirilməsi" yönündə yeni mexanizmlərin yaradılmasına xərcləndi. ABŞ indiyədək “araşdırmaçı jurnalistlər”, “vətəndaş cəmiyyəti fəalları” adından ayrı-ayrı dövlətlərə qarşı korrupsiya ittihamları irəli sürüb. Məntiqi izləmə bu fəaliyyətlərin “jurnalist araşdırması” olmadığı, konkret ölkələr və güc mərkəzləri tərəfindən yönləndirildiyi, rəqib ölkələri gözdən salmaq üçün quraşdırılmış oyun olduğu ehtimallarını gücləndirir. Xatırladım ki, USAİD direktoru Samanta Pauer 2022-ci ilin iyun ayında ABŞ administrasiyasının təmsilçisi qismində “Demokratiya doktrinası”nın “yenilənmiş elementləri”ni açıqlamışdı.

Yenilənmiş “Demokratiya doktrinası” ABŞ-ın “demokratiya işartıları”nın göründüyü ölkələrə diqqətini artırması və yerli təşəbbüsləri dəstəkləməsi üçün külli miqdarda vəsait ayırması ilə nəticələndi. Burada “Demokratiyanın işartıları” deyəndə nəyin nəzərdə tutulması özü maraqlı nüans idi. USAİD  “demokratik işartılar” konsepsiyasını dörd mühüm əlamətlə müəyyənləşdirmişdi. Buraya “demokratik üsyanlar”, “perspektivli avtokratik varislər”, “bloklanmış hakimiyyətin ələ keçirilməsi” və “həlledici seçkilər” daxil edilmişdi. USAİD  “araşdırmaçı jurnalistləri” diffamasiya iddiaları halında qorumaq üçün “məsuliyyət sığortası mexanizminin yaradılması” üzərində işləyir. Bu ehtiyacları ödəmək üçün ABŞ yeni cavabdeh fond təqdim edir. USAİD-in “Korrupsiyaya Qarşı Mübarizə Fondu” KİV və QHT-lərə, araşdırmaçı agentlərə yardım göstərir. Hökumət və Ədliyyə Departamenti tərəfindən birgə idarə olunan fond “araşdırmaçı jurnalistlər”in, “vətəndaş cəmiyyəti təmsilçiləri”nin şəbəkələrinə dəstəyi artırır. ABŞ-ın tətbiq etdiyi strategiyadan biri də budur ki, ölkə daxilindəki oyunçular, məsələn, mövcud hakimiyyətdə olan və ya eks-məmurlardan maliyyənin qəbul edilməsi də məqbul sayılır. USAİD ölkədəki demokratik açılımdan  istifadə edərək daxili siyasi qrupların islahatları bir-birinin mövqeyini zəiflətmək üçün alət qismində istifadə etməsindən faydalanmaq mexanizmi tətbiq edir. USAİD islahatlar prosesində bir qrupun geri çəkildiyi mövqelərdə digər qrupun möhkəmlənməsinə, demokratik açılım üçün nəzərdə tutulan imkanlardan bir qrupun digər qrupları gözdən salmaq üçün istifadə etməsindən faydalanır. USAİD-in milyonluq  layihələrinin bəziləri Avropa İttifaqı xətti ilə icra olunan layihələrlə sinxronluq təşkil edir. Aİ xətti ilə həyata keçirilən layihələrdən biri də “Regionlarda gənclərin öyrənilməsi, öyrədilməsi və fəallaşdırılmasıdır. Avropa İttifaqının "Stabillik və Sülhə Yardım" (IcSP) aləti tərəfindən maliyyələşdirilən “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu: Mərhələ- 2" (PeaCE-2) proqramı çərçivəsində keçirilən "Yeniyetmələr üçün rəqəmsal kommunikasiya" layihəsi təlimlər keçirir. Layihənin rəsmi məqsədi 13-18 yaş arası yeniyetmələrin media savadlılığının artırılmasıdır, onların məktəbdənkənar vaxtlarının səmərəli keçirilməsini təmin etməkdir. Diqqət yetirdikdə isə uşaqların mobilizasiyası cəhdləri, gələcəkdə xüsusi maraqları çərçivəsində tərbiyə edilmələri istəyi aydın görünür. Təlimlərin məxsusi olaraq Qarabağətrafı rayonların gəncləri üçün nəzərdə tutulması isə layihə müəlliflərinin əsas məramını daha da aydın edir. II Qarabağ savaşının gedişində Gəncənin, Bərdənin mülki əhalisi raket atəşinə tutulanda nə USAİD-dən səs çıxdı, nə də Qərbdən bir dəstək gəldi. Keçmiş Qarabağ konfliktinin bütün mərhələsində Ermənistanın dostu olmuş Qərbin indiki məqamda Qarabağətrafı rayonlarda “13-18 yaş arası yeniyetmələri təlimatlandırmasında” məqsədi tam aydındır".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR